Sunday, July 31, 2016

"ATƏŞFƏŞANLIQ"

   -Deyirəm, belə də səs-küy olar. Vallah, lap ağ eləyiblər. Günün günorta çağı da atəşfəşanlıq olar? Görmüşük, fişənglər gecələr atılar. Hamı da maraqla seyr edər asimanı. Bəlkə də bayramdı, yəqin mən unutmuşam. İndi o qədər bayram var ki, bilmirsən, hansını yadında saxlayasan. – Deyən, Molla Nəsrəddin tez cibindən təqvimi çıxarıb, tarixlərə diqqətlə baxdı. Və təəccüblə sözünə davam etdi:
   -Yox, bayram da deyil. Qəribədir, fişənglərin səs-küyü olsa da, vahimə yaradan qapqara topa-topa buludu yoxdur, axı?! Ömrümüzün üstünə gələn hər ilin ən azı bir ayı “möhtəşəm atəşfəşanlığı” ilə yaddaşımızda iz salır.
   Molla Nəsrəddin birdən şəhərdə camaatın təlaş içində ora-bura qaçdığını gördü. Polis, yanğınsöndürən və təcili tibbi yardım maşınlarının siqnal səsinə dik atıldı. Bayaqdan bəri göydəki “fişənglərə” zillənən gözlərini onlardan ayırıb, daha çox narahat oldu. Nəhayət, anladı ki, bu “atəşfəşanlıq” xəyal etdiyi atəşfəşanlıqdan deyil. Sən demə, bu hay-küy Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “ARAZ” zavodunda baş vermiş güclü partlayışın əks-sədası imiş. Bir anın içində, sanki yer-göy lərzəyə gəlmişdi. Özünü müharibə meydanında hiss etdi.

  

   Getdikcə partlayış güclənərək, daha çox əraziyə yayılırdı. Silahlar susmaq bilmirdi. Hər yanı camaatın təlaşı bürümüşdü. “Vay, oğlum orada idi!...” , “Atam həmin zavodda işləyirdi, görən, sağmıdır?!” söyləyən insanların fəryadına dözmək olmurdu. Partlayış o qədər güclü idi ki, yaxınlıqda yerləşən yaşayış massivlərindəki binaların necə tab gətirdiyinə inanmaq olmurdu. Partlayışın hər yanı silkələyən və vahimə doğuran səsinin şahidi balaca körpələrimiz oldu. Min qorxu yaşatdı uşaqlara, bu faciə.
   -Bir neçə saatdan sonra toxdayan yanğınlar qorxulu bir yuxu kimi yazıldı kiminin ömrünə, kimin də xatirəsinə... Ölən və yaralıların ünvanı ilə neçə-neçə ailələrin qapısı döyüldü, iyulun 26-sı. Ən dəhşətlisi isə bu idi ki, belə bir faciə və onun acı nəticələri haqqında həmin gün telekanallarımızda nə doğru, nə də ətraflı bir məlumat verildi. Əslində, telekanallarımız niyə də əziyyət çəkməli idi ki, belə hadisələrə verilən aktual şərhlərdən biri ilə rəng versəm, “adi yanğın idi, böyük itki olmayıb, cəmi iki nəfər vəfat edib, yaralılar da elə həmin gün ilk tibbi yardım göstərildikdən sonra, evə göndərilib...” Deyirəm, vallah, maraqlı sehrbazlıq var, belə böyük partlayışda. Cəmi iki nəfər vəfat edib, itkin olmayıb. Ölənlər üçün “vəfat edib” deyildi, “həlak olub” yox. Nədənsə belə “vəfatlar” yamanca aktuallaşıb. 2015-ci ildə də elə bu vaxtlar olardı. Şirvan şəhərindəki bu tipli zavodların birində belə “adi partlayış” olmuşdu.
   Hə, harada qalmışdım, telekanallarımızın hadisəyə yanaşmasında. Həmin günü axşam, maşallah, elə özlərinin dediyi kimi “doğma kanallarımızda” çal-çağırın səsindən dayanmaq olmurdu. Oxuyan kim, oynayan kim, gülən kim... Yalnız üç kanalın xəbərlərində partlayışa həsr olunan həcmi heç bir dəqiqə olmayan süjet yayımlandı. Amma həmin gün Madaqaskarda bir evdə baş vermiş yanğın və onun şərhini ətraflı əks etdirən kadrlar ekrana gətirildi. Kadrarxası mətni müxbir elə həyəcanla oxuyurdu ki, öz faciəmiz yadımdan çıxdı. Az qaldım ki, Madaqaskar xalqına başsağlığı məktubu göndərim.
   Partlayış da baş verməyə vaxt tapdı. Şirvan şəhər İH başçısının məzuniyyətini qara gətirdi. Hadisədən bir neçə gün öncə, şəhərin “möhtəşəm tədbirlərinin” birində icra başçısının məzuniyyətinin gözəl keçməsi üçün çıxışlarda edilən dualar nədənsə qəbul olmadı. Lap ürəyim ağrıdı, dua edənlərin halına!
   Faciə qurbanı İlhamə Nuriyevanın yas mərasimində iştirak etdim. İlk dəfə idi ki, susurdum. İki övladı qaldı. Yaxınlarının dilə gətirdiyi ağılar dinləyənləri diri-diri odlayırdı. Mərhumun bir qohumunun ağısındakı bu fəryad sözün bitdiyi yer idi, mənim üçün:-“Can bala, qolun qoymurdu, axirətə gedəsən!...”
   Onu da qeyd edim ki, partlayış zamanı digər həlak olan Ağamir Məmmədovdur. O, yoldaşlarını xilas edərkən həyatını itirib.
   Ümid edək ki, faciənin baş vermə səbəbləri dərindən araşdırılacaq, DƏRİNDƏN ÖRT-BASDIR EDİLMƏYƏCƏK!!! Və çox vaxt olduğu kimi, “Partlayış işçi səhlənkarlığı səbəbindən baş verib”, deyilərək, nöqtələnməyəcək, 26 iyul! Nədənsə, nöqtələrə yaman öyrəncəli olmuşuq!
   Nəhayət, şəhərimizdən millət vəkili seçilən, seçkiqabağı kampaniyada “Mənim həmyerlilərim”, “Mənim Şirvanım” , “Mənim şəhərim“ sözlərini canfəşanlıqla söyləyən və söylədiklərini parlamentə çatmamış UNUDAN Rafael Cəbrayılovun səsini eşitdik!



                                                          

                                                               YAQUT HÜSEYNOVA 




   

1 comment:

  1. Yaqut xanım, təşəkkür edirəm məqalə üçün. Bu faciə bizi elə yandındı ki?! Dayımın sadəcə şirin xatirələri və bir də göz dağı olan xəstə oğlu qaldi bizə. Ruhu şad olsun. Amin

    ReplyDelete