Yazıma şərqin böyük filosofu , şairi , rəssamı Cibran Xəlil
Cibranın sözləriylə başlamaq istəyirəm . O deyirdi : - " Alimlə
şair arasında bir yaşıl zolaq uzanıb gedir ; onu adlayan
alim müdrik olur , ona adlayan şairsə - peyğəmbər . "
Ədəbiyyat , poeziya , ümumiyyətlə , söz sənəti bəşəriyyətə Ulu
Yaradanın bəxş etdiyi ən uca nemətdir . Ömrünü
ədəbiyyatın söz ilmələrində yaşadan və insan qəlbinin
coğrafiyasını öz qələmiylə addımbaaddım çözən şairlərimizdən
biri də Mehriban Həsənlidi . O , 1945 - ci ildə Əli Bayramlı
şəhərində ziyalı ailəsində dünyaya göz açıb . Atası Sadıq
Baxışov dostları Salman Mümtaz və Hüseyn Cavidin
dayısıyla birlikdə sovet hakimiyyətinə qarşı mübarizədə
fəal iştirak etmişdir . Anası Mirxanım xanım isə Tanrının
sevimli bəndələrindən olan Mir Möhsüm Ağanın qohumu
olmuşdur . Bədii yaradıcılığa kiçik yaşlarından başlayan
Mehriban xanımın çap olunmuş ilk şeiri " Payız " dir ki ,
o beşinci sinifdə oxuyarkən " Pioner " qəzetində işıq üzü
görüb . 1964 - 1969 - cu illərdə o , Azərbaycan Pedaqoji
İnstitutunun dil - ədəbiyyat fakültəsini bitirib . Şəhərimizin
tanınmış pedaqoqlarından olan Mehriban Həsənlinin ilk
şeirlər kitabı 1996 - cı ildə " Qaytar , ötən günlərimi "
adıyla işıq üzü görüb . Azərbaycan Jurnalist Həmkarlar
İttifaqının " Ziya " fəxri diplomuna layiq görülmüş
şairin daha sonra " Bir payız axşamı " , " Mənim
analı dünyam " və " Durnalar qayıdanda " adlı
nəşrləri oxucuların ixtiyarına verilib .
Bu günlərdə Mehriban Həsənlinin yeni kitabı
ədəbiyyatsevərlərə təqdim olundu . Hər zamanın öz
sözü , hər sözün öz zamanı var . Buna görə də söz
zamanın , zaman da sözün rənginin yaradıcısıdır . Beş
bölmədən ibarət olan bu kitabda şair oxuculara
zaman və sözün qüdrətini bir daha göstərərək
vurğulayır ki , zaman söz qarşısında acizdir , sözün
özü elə vaxtdır .
Kitabı vərəqləyirəm . Elə ilk sətirlərdən bütöv
Azərbaycanın tarixi reallıqları , istiqlaliyyət uğrunda
" Təki , VƏTƏN sağ olsun ! " deyib , şəhid olmuş
igidlərimizin mübarizliyi , işğal altında qalan qədim
yurd yerlərimizin hayqırtısı , dünənimizlə gələcəyimiz
arasında körpü olan bu günümüzün qələbə nidalı ,
zəfər soraqlı sabahları oxucuya bədii çalarlarla diktə
olunur . " Çək , əlini Qarabağdan ! " söyləyən , Mehriban
xanım bir daha Azərbaycan oğlunun yenilməzliyini
bütün dünyaya bəyan edərək yazır :
Çək , əlini Qarabağdan ,
Yatmış şirdi Türkün oğlu ,
Oyanarsa ,
Soy - kökünün
Olacaqdır onda sonu !
Şairin yaradıcılığında atılmışlar və biganəlik mövzusu
əsas qayələrdən birini təşkil edir . Onun " Atılmışlar "
şeirini oxuduqca körpələr evinin acı mənzərəsi bir lent
kimi göz önündə canlanaraq ürəkləri göynədir . Həyat bal
ilə zəhərin uyuşmasıdır . Mehriban Həsənli bu şeirində elə
təsirli bədii ifadə və təsvir vasitələrindən istifadə edib
ki , körpələr evinin acı görüntüsü oxucunu rahat buraxmır ,
hey düşündürür :
Alıb çənəsini kiçik ovcuna ,
Nisgilli qəlbiylə baxır yollara .
Bir ana laylası , ana nəfəsi ,
Yad olub , yad olub atılmışlara .
Onun " Bir ananın acı taleyi " poeması da bu
mövzunun davamıdır . Çünki bu sətirlərdə qocalar evinə
atılmış valideynlərin iztirablı taleyi əks olunub :
Ananı qocalar evinə qoyub ,
Geriyə dönəndə çalış , unutma .
Qayıt , özünə də sən bir otaq seç ,
Övladın gətirəndə otaqsız qalma .
" Qarabağın qara bəxti " ni oxuduqca insan ruhən
dincəlir . Kitab insan adının ucalığını dərk etməyə
səsləyir hər kəsi . Müxtəlif janrlarda şairin qələmə
aldığı əsərlərdə ilahi eşq , Tanrı məhəbbəti , dini
ibadətlərə çağırış , milli - mənəvi dünyamıza hörmət və
sadiqlik , sevgi və xəyanət , ailə dəyərləri , ailə
məsulliyyəti , qısqanclıq , unutqanlıq və günümüzün digər
aktual problemləri işıqlandırılıb .
Mehriban xanımı , bu münasibətlə təbrik edir və
ona yeni yaradıcılıq uğurları arzulayıram . Yazımı
şairin bu misralarıyla bitirmək istəyirəm :
Tanrı insanları yaratmayıb ki ,
Dünya boş qalmasın , insanla dolsun .
Tanrı yaratdı ki , yarananların
QƏLBİNDƏ ÜNSİYYƏT , MƏHƏBBƏT olsun !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment