Friday, May 2, 2014

"Böyük Qələbə" dən keçən ömür.

    Ömrünün  90-cı  baharını  yaşayır.  Həyatının  ötən  illərində  Böyük  Qələbənin  
həm  ağrısının, həm  də  sevincinin  silinməz  izləri  var.  Musa  Quliyev  artıq  iki  
ildir  ki,  Şirvan  şəhər   Böyük Vətən   Müharıbəsi  Əlilləri   və  Veteranları   
şurasına  rəhbərlik  edir. Rəhbəri   olduğu  qurum bu   gün   şəhərimizdə  gənc  
nəslin   vətənpərvərlik   ruhunda   yetişməsində,  onların müstəqilliyimizin  
keşiyində  əsl  vətəndaş  kimi  dayanmağında  mühüm  işlər  görür. 


Böyük  Qələbənin  69   illiyi   ərəfəsində  Musa  Quliyevdən   müsahibə  almaq   
üçün adıçəkilən  təşkilata   yollandıq. Müsahibim   müharibənin   insanlara   
gətirdiyi  fəlakət  və  ağrıları, o cümlədən  qələbənin  sevincini  belə  dilə   
gətirdi:-"Müharibə  başlayanda Neftçala  rayonunun Böyük   Oryat  kəndində  
orta  məktəbdə  oxuyurdum. O  zaman  mənim  16  yaşım  vardı. Böyük   qardaşım  
İsabala   artıq   cəbhədə  idi.  Atam   1942-ci  ilin   fevralında  rəhmətə getmışdı.  
Anamla   birgə  qalırdıq.  Çox  narahat  idim.  Çünki   anam  evdə  tək  və  köməksiz
qalacaqdı. Həm  də  qardaşımdan  uzun  müddət  idi  ki,  xəbər  gəlmirdi.  Bu  
qeyri-müəyyənlik  anamı  da,  məni  də  çox  ağrıdırdı... 
   Nəhayət,  1942-ci  ildə  hərbi  xidmətə  çağrıldım.  Əvvəlcə  Bakıda  29-cu  Dairə  
Hərbi məktəbində  altı  aylıq   kurs  keçdim.  Bundan  sonra  Bryansk  cəbhəsinə,  
260-cı  Atıcı diviziyasının   1030-cu  alayına  göndərildim.  1943-cü  ilin  iyul  ayında  
bizi  ön cəbhəyə   yola saldılar.  Belarusiyaya  gəldik.  Qomeldə  bizi   Bryansk   
istiqamətinə  buraxmadılar.  Axşam saat   səkkizədək   Qomel   stansiyasında  
qaldıq. Gecə  almanların  messer-təyyarələrinin vahiməli   səsləri   eşidilirdi.  
Həmyerlimiz  Dünyamalı Məlikovla  bir   yerdə  idik.  Həmin   gecə itgi  və  
tələfat   çox  oldu. Cəbhədə  qanlı döyüşlər  gedirdi.  Bryanskinin  azad   
olunmasında  ağır   yaralandım.  1944-cü   ilin   mart   ayına   qədər   hospitalda  
müalicə  aldım.  Sağaldıqdan sonra  17-ci  Xüsusi  Rabitə  polkunda  üç  ay   
xidmət etdikdən sonra  I  Pribaltika  cəbhəsində yerləşən  51-ci   Artileriya  
ordusunda  müharibənin  sonuna qədər döyüşlərdə   iştirak   etdim. Qələbənin  
sevincini  yaşamağı  Tanrı  mənə  də  nəsib  etdi.  Döyüşdəki  xidmətlərimə  görə 
müxtəlif    orden  və  medallarla  təltif   olunmuşam. Vətənə  qayıtdıqdan  sonra   
Nazlı xanımla ailə qurdum. Müxtəlif  vəzifələrdə çalışdım  və  əməyim  
dəfələrlə  dövlət  tərəfindən  yüksək  qiymətləndirilib. İndi ömrümün ən gözəl   
anlarını  yaşayıram. Dörd   övladım,  səkkiz   nəvəm, doqquz  nəticəm  var.  
Şərəfli  və  xoşbəxt  bir  ömrün  yolçusuyam. Çünki  həyatımı  paylaşdığım Nazlı  
xanımın   sevgi  və  sədaqəti,  övladlarımın,  nəvə  və  nəticələrimin  varlığı   
90  illik   ömrümün  əvəzolunmaz  hədiyyəsidir!"




                                                                       YAQUT   HÜSEYNOVA  

No comments:

Post a Comment