Tuesday, December 27, 2016

ÜÇ RƏNGİN "HARMONİYASI"

    BİZİ deyib, gəldi... 

   BİZİ deyib, məhz BİZİ soraqlayıb çıxdı, zamanın yolçuluğuna. Bəlkə də "BİZ" dediyi üçün elə zamanla birlikdə addımladı. Daha doğrusu, zamanı belə öz addımlarıyla geridə qoya bildi.
   
    BİZİ deyib, gəldi...

   MƏNİ, SƏNİ, ONU, yenidən özü də bir dəfəlik "BİZ" ə çevirmək üçün hər birimizə ayrı-ayrılıqda bu kəlmələrlə səsləndi:-"Sizi deyib, gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım..." Tarixi səhifə-səhifə dönə-dönə geriyə vərəqlədikcə, yalnız onun bu çağırışında "BİZ" kəlməsi məndən yaxa qurtarmağa can atdı, "SƏN" müraciətində çözümləriylə, kiçicik, amma bəşəri hayqırışlarıyla bütün yalnışlar sətirlərə mirvari tək düzüldü. Beynlərdə, ürəklərdə həqiqətlərin fonunda "O" ndan bəhs etdi. "O" nun nəqlini verərkən həyatla ortaq məxrəcə gəldi, "ALLAHSIZ" damğası ilə dili qıfıllanan, qolları qandallanan "MOLLA NƏSRƏDDİN" yolçuluğu!
 
   
   BİZİ deyib, gəldi ki, VƏTƏN SƏNLƏŞMƏSİN, MƏNLƏŞMƏSİN!... Nədənsə, zamanında dinləmədik, onu. Bilə-bilə kar etdik, qulaqlarımızı səbrini tükətdiyimiz, BİZİ deyib gələnin insanlığa, daha doğrusu, insan adı ilə yaradılan, lakin bu şərəfi daşıya bilməyənlərə haray çəkə-çəkə söylədiklərinə. Ruhumuz illərlə, əsrlərlə könüllü kölələr tək əsarətlərdə SƏNİN, MƏNİN və ONUN xoşbəxtliyinin ardınca qaçdı... BİZLƏŞMƏYİ dilimizə, barı bir kəlmə olaraq, gətirməyə belə səy etmədik. Getdikcə, MƏN də, SƏN də, O da "MƏN, MƏN" söylədikcə, leksikonumuzda "MƏNƏMLİK" mənafeyimizin daşlaşmış təzahürü oldu. Beləcə, bu sözlər böyük şairimiz MƏMMƏD ARAZIN misralarında illər sonra, yenidən vulkana çevrilərək, od püskürdü, daşlaşan vicdanları qırıb-tökmək üçün... "BİZ" i azacıq da olsa, damla-damla toplamağa çalışan zərrələr, təkrar haçalandı. "MƏNDƏN ÖTDÜ, SƏNDƏN ÖTDÜ, ONDAN KEÇDİ..." əqrəblərinin zəhərindən milli ruhumuza tuşlanan xəncərlər, elə ustad şairin dili ilə desək, "VƏTƏN, VƏTƏN SƏNƏ DƏYDİ!"

    BİZİ deyib, gəldi...

   "ÖLÜLƏR" ində cəmiyyətimizin böyük əksəriyyətini təşkil edən "CANLI ÖLÜLƏR" i "BİZ" vəhdətində diriltmək üçün!...

    BİZİ deyib, gəldi...

   Dilin ilk şəxs əvəzliyi olan "MƏN" dən danışmaq üçün... Əslində, BİZİ parçalayan birinci qılınc zərbəsi olan MƏN əvəzliyindəki HEÇLİYİ hər birimizə tarixi gerçəkliklərin acı nümunələrində göstərmək üçün... Çox zaman kinayəmizin hopduğu SƏN ittihamındakı ədalət və ədalətsizlik arasında öz əllərimizlə qazdığımız sonu görünməyən uçurumlara göz qırpmadan yuvarlatdığımız kimliyimizə bir daha nəzər salmaq üçün gəldi...
   "Ey mənim müsəlman bacı və qardaşlarım" xitabı ilə gəldi ki, o müraciətini, o şəxsini, yalnız "O" nun varlığında ruhumuzla tanıyaq. "O" nun ali anlamı insan qanına susayanlar tərəfindən düşünülmüş şəkildə beynlərdən yuyulmasın... Bəlkə də bir gün XX əsrin əvvəllərində müsəlman dünyasına, ümumiyyətlə, bütün bəşəriyyətə edilən bu çağırış, Suriya torpaqlarında axıdılan günahsız qanların ürəklərə çilənən BİZ vəhdətində dilə gələcək...
   
   "SİZİ deyib, gəlmişəm" söylərkən belə, yenə o, "BİZİ" nəzərdə tutdu. "BİZ" i görmək istədi. Fəqət, özü tək idi. Sona qədər də tək addımladı. Ətrafında barmaqla sayılası qədər tərəfdarı oldu. Heç biri yürürkən taqətdən düşmədi. Cəmiyyət onu tükətməyə çalışdıqca, yenidən doğuldu, daha da basılmaz oldu. Bəli, TƏK İDİ. Amma gücü HƏQİQƏT idi. Gördüyü, anladığı, göz yummadığı gerçəkliklər oldu, çiyin-çiyinə addımladığı silahdaşları...

   Pikasso deyirdi:-"Mən gördüklərimi deyil, düşündüklərimi çəkirəm." Yaradılan da öz rəsmini çəkdi. Özü də onu Yaradanın həyat adlı mənzərəsində MƏN, SƏN və ONDAN ibarət rənglərin fonunda...



                                                     
                                                              
                                                                           
                                                                     Yaqut Hüseynova





   




Thursday, December 22, 2016

"O" ANLAR ...


Düşünmə, UNUTDUM, sənli günləri,
Əbədi sevgimə döndü, o anlar...
Bir qərib sevdanın iki ürəkdən,
Keçdiyi yolları, yalnız "O" ANLAR...





                                                    


                                                                            Yaqut Hüseynova






                                          

Thursday, December 15, 2016

YENİ YAZILARIM...


"MOLLA  NƏSRƏDDİN, QƏDİR VƏ VƏHABİ QIZ"



                    "DÜNYANIN ƏN GÖZƏL MƏKTUBU"



                                           "SƏKKİZ ERMƏNİYƏ AYRILMIŞ YER"










"YAĞMURUN SƏSİ"

Yenə də göylərin gözü nəmlidi,
Nəğməsi həzindi, sözü qəmlidi,
Bəzən sevinclidi, həm ələmlidi,
Nur kimi yayılan yağmurun səsi.


Sanki bir məktubun sətirləridir,
Hər damla sevginin nəqlini edir...
Ən yaxın dost kimi qəlbi dindirir,
Nur kimi yayılan yağmurun səsi.





                                                            
                                                                                     Yaqut Hüseynova




Thursday, November 10, 2016

"BƏHANƏ"

                                                 ( Real həyat hekayəsi )   

  
    Yenə də bəhanə axtarıram...
   
   İllər keçib... Artıq özüm də valideynəm. Ən böyük arzum, qızım heç bir zaman həyatın mənə aratdığı ağrılı bəhanəni aramasın. Əslində, bu bəhanəni ona tanıtmamaq mənim öz əllərimdədir. Bəli, bu valideynin yerinə yetirməyə borclu olduğu vəzifəsidir. Çünki ailənin mənən öldürdüyü övladı ən mükəmməl cəmiyyət belə dirildə bilməz. Əzablısı bilirsiz, nədir?! Bu "ÖLÜLƏRİN", yəni ruhu valideyn əli ilə məhv edilən həyatların "AXİRƏTİ" belə olmur!...
   

   Yenə də bəhanə axtarıram...

   Bəhanədən-bəhanəyə ilmələr atmağa çalışıram, onu xatırlamaq, hıçqırıqlar içində ondan ötrü darıxmaq üçün... Əvəz edilməyəcək, heç kimsənin və heç nəyin doldura bilməyəcəyi yerindən, yoxluğunun acısından elə özünə danışmaq üçün kiçik bir ümidə çevirmək istədiyim bəhanələrə sevgi və ehtiramdan don biçir düşüncələrim. Bəhanələr araya-araya onu bağışlamaq, bizi nə qədər sevdiyinə özümü azacıq da olsa, inandırmaq istəyirəm. Və bunun həqiqət olduğuna bütün varlığımla sığınaraq, mənəvi rahatlığa qovuşmağa addımbaaddım bəhanələrlə yaxınlaşmağa səy göstərirəm. Amma cəhdlərim faydasız, özümü aldatmaqdan başqa, bir şey deyil...
   Uşaqlıqda daha çox bəhanələr gətirərdik. Kaş həyatımızın sonuna qədər, məhz o bəhanələrin xatirəsi iz salardı, qəlbimizdə. Ya dərs öyrənməyəndə, ya dərsdən qaçanda və yaxud da nəyisə sındıranda, itirəndə valideynlərimiz bizə hirslənməsin deyə, bəhanələr köməyimizə gələrdi. Çox keçmədən də söylədiklərimizin yalan olduğu üzə çıxardı. Bəlkə də o zamanlar qəlbimizin bütün səmimiyyətilə istəmədən yaratdığımız xoşagəlməz vəziyyəti yumuşaltmaqdan ötrü köməyə çağırdığımız bəhanələrlə bizim üçün dəyərli olanları itirməmək və səhvimizi anladığımızdan dolayı yolla həqiqəti deməyə çalışdıq.
   Üst-üstə gələn illərin hərəsinin yaddaşımızda öz rəngi olduğu kimi, söylədiyimiz bəhanələrin siması da fələyin çarxında dondan-dona girdi. Uşaqlıqda itirməmək, yalnışlarımızı görməyi bacardığımız üçün bəhanələrə əl atırdıqsa, böyüdükcə acımadan əzib keçmək, uzaqlaşmaq və ən dəhşətlisi bilərəkdən ürəyimizi, beynimizi səhvlərə öyrəşdirmək məqsədilə əlimizdəki silaha çevrildi...
   Bir bəhanə axtarıram. Səni xatırlamaq, qarşında bir övlad kimi məhəbbətlə əlimi qəlbimin üzərinə qoyaraq, tənzim etmək üçün. Tanımadığı yada belə ağlayan gözlərimdən torpağa qoyulduğun andan bu günə qədər bir damla yaş axmadı, ata! Görən, bunun mənim üçün nə qədər ağrılı olduğunu duya bilirsənmi?! Məncə, yox. Duymadığına əminəm. Çünki sağlığında sən bizi zahirən tanıdın. Heç bir zaman qəlbimizi, ruhumuzu duymadın... Arzularımızı dinləmədin... Xatirimizdə yalnız ölüm tarixin qalıb. Bizə yaşatdığın zülmlər sayəsində atalı ikən atasız olduq. Məhz qəlbimiz o gündən daddı, kimsəsizliyi və yetimliyi...
   Bu gün vəfatının ildönümünün növbəti sayı yazıldı ömrümüzə.Hər il anamız ilə birlikdə məzarının başına yığışırıq. Məhz burada dünyanın ən xoşbəxt övladları oluruq. Çoxlarına qəribə görünsə də, acı olsa da bu bizim həqiqətimizdir. Çünki sağlığında heç bir zaman bizi nə ailən bildin, nə də başına topladın!...

   Yenə də bəhanə axtarıram...

   Bəlkə də HƏYAT ÖLÜM özü ayrı-ayrılıqda bir bəhanədir. Bir bəhanədə digər bir bəhanəni tamamlamaq üçün alnımıza yazılan "YOXLUQDAN VARLIĞA DOĞRU" nidasıdır...



                                                           

                                                            Yaqut Hüseynova












Saturday, October 8, 2016

NƏSİL-NƏCABƏTİNİ XATIRLAYAN AKİF "həkim"

   Gözəl bir deyim var:-"İnsanı geyminə görə qarşılayıb, ağlına görə yola salırlar." Peşə də belədir. Sanki onu daşıyanın geymini xatırladır.
   Peşəkarlıq hər sənət sahibinə nəsib olmur. Məsələnin ən önəmli tərəfi budur ki, sənətdə peşə etikasını son nöqtəsinə qədər öyrənərək, onu layiqincə tətbiq etməyi hər diplomu olan bacarmır. Peşə etikası seçilən sənətin özülü, təməlidir. Bu özül üzərində peşəsini qurmayan şəxs nə qədər savadlı olursa-olsun, cəmiyyətdə varlığı ilə heçliyi sərgiləyir.  Atalar yaxşı deyib:-"Meşə çaqqalsız olmaz." Əfsus ki, hər peşədə çaqqal ulaşması var. Hər birində... Həkim peşəsində beləsini görmək isə çox iyrəncdir. Sosial şəbəkələrin birində bir statusum vardı. Günümüzün reallığını əks etdirirdi. Statusum belə idi:-"Şirvan şəhərində bir çox idarə və müəssisələrin adındakı "şəhər" sözü mütləq çıxarılmalıdır. Çünki həmin ifadəni əvəz edəcək ən doğru söz "ticarət" kəlməsidir. Nümunə üçün bunları qeyd etmək istəyirəm. Məsələn, Şirvan Ticarət Xəstəxanası, Şirvan Ticarət Məşğulluq darəsi və s... Bu siyahını istənilən qədər uzatmaq da olar."
   Bu gün Şirvan şəhər xəstəxanasının bir ünsüründən danışacam. Yazımdakı "ünsür" sözü bəlkə də, çoxlarına qəribə görünəcək. Onu vurğulayım ki, həmin ünsürə həkim deyə müraciət etsəm, qələmimə hörmətsizliyim olar. Deməli, belə...
   Şahidi olduğum bir hadisəni  sizlərlə bölüşərək, həkim olmasam da Akif "bəyə" həkimin etməyə borclu olduğu, amma unutduğu bəzi önəmli məqamları xatırlatmaq istəyirəm.
   Balaca bir uşağın dırnağının içinə girən günəbaxan toxumunun qırıntısını heç bir dərman və ya keyidici istifadə etmədən çıxartmasını və bu azmış kimi uşağın ağrıya dözə bilmədiyi üçün ağladığını görüb, "anqırma" deməsini eşitdikdə, iki gözünü bir deşıkdən çıxartmağım gəldi. Həmin körpənin valideynlərinin ona verdiyi cavab, bir sillə kimi dəydi sifətinə!
   Akif "bəy", bəlkə də, şəhərdə ad qazanmış yox, ad çıxartmış ağ xalatlılardansınız. Amma görürəm ki, sizə peşənizdəki bəzi önəmli məqamları demək lazımdır. Həkim deyiləm. Ancaq qeyd edəcəklərimi sizə təkrarlamağa ehtiyac duyuram. Yəqin zamanında yaxşı oxumamısınız. 
   -Birincisi, körpə pasient ilə davranma və ona yanaşma qaydasını hələ gec deyil. Bundan sonra da öyrənə bilərsiniz!!!
 -İkincisi, körpənin, balaca uşağın bir həkim görəndə ağlaması təbii haldır. Normal mənzərədir. Burada ətrafa anormal görünəcək heç bir şey yoxdur. Özü də həkim deyilən birinə bu hal qeyri-normal görünürsə, cümləni necə tamamlayacağımı bilmirəm. Həkim uşağa psixoloji cəhətdən gözəl yanaşmanı bacarmalıdır. Onda qorxuya üstün gələcək gücü yaratmalıdır. Qarşısında bir insan həyatı olduğunu, ələlxüsus, körpə canın ağrılar içində dayandığını ürəyi ilə hiss etməlidir!!!
   -Üçüncüsü, adına mərkəzi şəhər xəstəxanası deyilən bu boyda müəssisədə keyidici və yaxud sakitləşdirici hər hansı dərman yoxdurmu, tibbi müdaxilə zamanı istifadə edilsin?!
   Və ən sonda söyləcəklərimi birər-birər qulaqlarınızda sırğa edin. Qulağınıza elə taxın ki, həmin sırğaları itirməyəsiniz. Çünki onlar çox dəyərlidir, siz anlamasanız da! Bir insana, daha da konkretləşdirsəm, bir körpəyə canının ağrısını hiss etdiyi üçün, ağladığına görə bir həkimin "anqırma" deməsi ən böyük SƏVİYYƏSİZLİK və ŞƏRƏFSİZLİKDİR! BUNUN BAŞQA ADI YOXDUR!!! 




                                                                   Yaqut Hüseynova  







Sunday, October 2, 2016

"ƏBƏDİ NURA DÖNƏN OBRAZ"

                       ( "SƏMAYA QAYIDAN YAZI"  romanı haqqında ikinci yazım )


   Kitablar da insanlar kimi xoşbəxt və bədbəxt olur. Bəli, bu taleyi onlar da yaşayır. Məhz, oxucu sevgisi ilə yazılır, kitabların adına bu iki yazıdan biri. Orxan Paşanın sözlərini xatırlamaq istəyirəm. O deyirdi:-"Bədbəxt o kitabdır ki, tozu silinəndən-silinənə rəfdən götürülüb, ələ alınır."
   Gözəl əsər yazmaq, qəlbləri fəth edəcək, beynlərdəki sual işarələrinə birər-birər cavab olacaq mükəmməl bir kitab ərsəyə gətirmək olduqca məsuliyyətli və şərəflidir. Bunu bacarmaq, yazıçının ən böyük uğuru və səadətidir. Bir əsərin daha da oxunaqlı olması üçün bəzi vacib məqam və amillər var. Ən əsası odur ki, hansı mövzu olursa-olsun, qələmə alındığı zaman onun cəmiyyətimizdəki real görüntüsü, problemin bütün dərinliklərini çılpaqlığı ilə daha təsirli əks etdirmək üçün tarixi gerçəklikləri, səbəb olduğu mənfi durumlar və xilas yolları dəqiqliklə araşdırılaraq, oxucuya çatdırılmalıdır. Tarixi, elmi və psixoloji yanaşma bədii çalarlarla yazıçı qələmindən süzülərək, bir mirvari kimi düzülməlidir, vərəqlərin köksünə. 
    
   Məhz oxuduğum bu kitab kimi...

   Əsər yaddaşıma "Allahın hakim kəsildiyi ölkə" də müqəddəs kitabımız "Qurani Kərim" in səhifələri arasına bir həkimin qoyduğu dörd ağ vərəqdə digər bir həkimin, AZƏRBAYCANLININ ailəsinə yazdığı məktubda söylədiyi həqiqətlərin, etirafların, ümid və arzuların qumlu səhralarda saldığı, rüzgarların belə sovurub yox edə bilmədiyi izləri kimi həkk oldu.
   

   Yazıçının dördüncü kitabı olan bu əsəri də mövzu aktuallığı ilə diqqəti çəkir. Onu oxuyarkən, nə zaman bitirdiyinin belə fərqinə varmırsan. Məktubunda doğmalarından ümidlə ayrılan Qədirin, əsərin sonunda çarmıxa çəkilən cismindəki qardaş nankorluğunun, erməni vəhşiliyinin izləri ilə tamamlanan alın yazısını bir daha vərəqləmək üçün qayıtmaq istəyirsən, romanın ilk səhifəsinə. Qayıtmaq istəyirsən, yollara sirdaş olan Güşvər ananın əlindəki məktuba göylərin yansıtdığı rəngin ağrısını gözlərindən oxumaq üçün...
   Səmanın, masmavi asimanın, gecə və gündüzü ilə Yer kürəsinə tarazlığı bəxş edən göylərin təsviri ilə başlayır, yazıçı, şərqşünas Əli Rzazadənin "SƏMAYA QAYIDAN YAZI" romanı. Yazıçının bu təsviri, yadıma onun "YAĞIŞ" əsərindəki Kənan obrazının göylərə baxaraq, söylədiyi bu düşüncələri saldı:-"Göylərə baxdıqca düşünürəm, bu şəffaflıq içərisində səmanın lap kiçik zərrəsinə qədər görmək olar. Saf, hər bir çirkinliklərdən təmiz, insan ayağı dəyməmiş okean sahilinə çırpılan  ləpələr kimi tərtəmiz səma. Bəlkə də səmanın təmizliyinin, paklığının səbəbi, ORADA İNSANIN YAŞAMAMASINDADIR. Göylər, insanın yaşadığı Yer üzündən həm də saflığı ilə fərqlənir..."
   Dini radikalizm və İŞİD-dən bəhs edən "SƏMAYA QAYIDAN YAZI" nın sətirlərində yazıçı sevginin ülviliyindən, mütaliənin önəmindən, dini maarifləndirmədən, Tanrı və vətən məhəbbətindən müxtəlif obrazların dili ilə söhbət açır. Əsərin əvvəlində Orxan surətinin oxucuya təqdimatı çox maraqlıdır. Romanın ilk səhifələrində o sevgisinə sadiq, ailəsini sevən, qəlbində Allah eşqi olan bir gənc kimi təqdim edilsə də, əsərin sonunda qardaşı QƏDİRİN erməni çaqqalının əli ilə öldürülməsini soyuqqanlılıqla izləyən, İŞİD-in sıralarında iblisə xidmət edən bir caniyə, bir vəhşiyə çevrilir. Gözlərini əbədiyyətə yummadan öncə, Qədirin Orxana zillənən baxışlarında, sanki bu sözlər bir daha təkrarlandı:-"... Bəzən bir insanla bağlı xatirələr üçün darıxırsan, o insan üçün yox. Çünki xatirələr dəyişmir, insan isə dəyişə bilir..."
   Orxan dini radikalizmin "beyn yuma" siyasətinin günahsızlara tuşlanan ən qorxunc, ölümsaçan silahına dönmüşdü. O silah ki, Qədirin gözlərindən əksi heç bir zaman getməyən qan içində çırpınan balaca qızcığazın vəhşicəsinə qətlində onun da amansız izləri vardı. Qolları üstündə canını tapşıran həmin balaca qızcığaz Qədirə ŞƏHİDLƏR XİYABANINDA uyuyan neçə-neçə günahsız körpələri, ələlxüsus, həmişə ziyarət zamanı məzarı qarşısında susaraq dayandığı beş yaşlı XOCALINI xatırladırdı. Bu məqamda yazıçının "YAĞIŞ" romanından kiçik bir hissəni vurğulamaq istəyirəm. Həmin sətirlərdə söylənilir:-"Bunu da unutma ki, həqiqət bəzən ölümə məhkum olur, amma O ÖLMÜR. Zira, əbədi nur ölməzdir və başqa CİSMLƏRDƏ TƏCƏLLA edir." Qədir də ölümü ilə oxucu ürəyində ƏBƏDİ NURA çevrildi. Sonda Qədirin qətlə yetirilməsini qəbul etmək çox çətindir. Düşünürsən... Qədir ölməməliydi. Əslində, o zəfər qazanmış bir TÜRK kimi əbədiyyətə ucaldı. Çarmıxa çəkilsə belə, İŞİD terrorçusu olan erməni dığası Əbu Həmzə ilə apardığı mübarizə haqqın nahaq üzərində qələbəsi, şəhidlərimizin mənfurlardan alınan qısası idi. 
   Qədir, cismi terrorçuların güllələri ilə parçalanmadan öncə, mənən, ruhən qətlə yerilmişdi. Özü də doğma qardaşının və tibbi düşərgədə cərrah işlədiyi zaman yaxını sandığı xidmətçi Əkbərin ona arxadan sapladığı saysız-hesabsız xəncərlərin ağrısından...
   Bəlkə də hər qarışında XƏYANƏT və ARXADAN VURULAN BALTALARIN LƏPİRLƏRİ olan Yer kürəsində BİR OVUC SAF TORPAQ qalmadığından, Tanrının bəşəriyyətə bəxş etdiyi bərəkət, mərhəmət, sevgi, həya, ədalət, səbr, səxavət, gözəl əməl, inanc və sonda müqəddəs kitabımız "QURANİ KƏRİM" yenidən göylərə, İNSAN AYAĞI dəymədiyi üçün TƏRTƏMİZ OLAN MASMAVİ SƏMAYA QAYTARILACAQ!










                                                                            Yaqut Hüseynova















"QAMÇI"

                                                (Eyni adlı yazımdan)



Gücün yetməsə də, büdrəmədən sən,
Daşıdın çiyninə yüklənənləri.
Sən hər döyündükcə, anladım ki mən,
Həyat da qamçılar, təklənənləri.


Öləndə yada da rəhmət oxunur,
Məzarı qazılır, kəfən biçilir.
Bəzən bir insanın gözündəki nur,
Doğması yad olan cığırdan keçir.


Doğma yadlaşdıqca "böyüdü" dünya,
Beləcə kiçildi, get-gedə insan.
İblisin meydanda zəfər çalması,
Bəlkə də bu üzdən olubdur asan.








                                 
                                                       
                                                            Yaqut Hüseynova















Thursday, September 29, 2016

"İKİ YOLÇU"

   Bir sevginin sətirlərində çıxdıq yolçuluğa...
   Bir şeirin misralarında pozdu, sükutumuzu duyğularımız...
SƏNDƏN, məndən qoparaq, BİZLƏŞDİ vərəqlərin köksündə arzularımızla rəsmini çəkdiyimiz sevgi dünyamız. Birlikdə addımladıq, bu yolu...
   Şirin bir röya kimi hopdun gözlərimə. Sevgini mənə sən tanıtdın. Sən gətirdin, qəlbimə eşqin isti nəfəsini. Ruhum köksünə baş qoyduqca, bütün əzablarım unuduldu. Könlümü səmimiyyətinlə işıqlandırdıqca, ürəyimdəki dərin yaralarım birər-birər şəfasına qovuşdu. Bəlkə də bu görüş, Kafkanın dediyi kimi, "yalnızlığı insanlarla dolu olan" iki yadın, sadəcə bir tanışlıqda doğmalaşması idi...
   Gözlərimizdən oxundu, addımbaadım qısaltdığımız  bu cığırın bitməyini istəmədiyimiz. Düşüncələrimizi bölüşə-bölüşə qəlblərimizin döyüntüsündə bir daha dünyanı, həyatı tanıdıq çözümlərimizlə. Bir dost kimi quruldu, dilimizdəki cümlələr. Amma baxışlarımızda ulduzlara nəql olundu, iki yolçunun sevgi hekayəti...





                                                               
                                      
                                                                       Hüseynova Yaqut





Tuesday, September 13, 2016

"DƏMİR BARMAQLIQLAR"

   O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialoqun məhv etdiyi həyatları. Gah qələbəsini susaraq, gah da yenidən haqsız ittihamlarıyla qeyd edir. Diriykən canını aldığı daha bir "ölüyə" qazdığı məzarla, qəhqəhələr içində qaldırır, növbəti qədəhini!...
   O, dünyanın ən qəribə həbsxanasıdır...
   

   Həyatın amansız cəzalarıyla yazılıb kitabı. Əslində azad olarsan, aydın səma altında hər kəs kimi, hamı ilə birlikdə addımlayarsan. Fəqət, nə qəlbinin azadlığını  hiss edərsən, nə də yolunu aydınlatmağa can atan düşüncələrin, xəyalların doğmalaşar sənə. Asimanın ənginliyini belə duya bilməzsən. Masmavi dənizin dalğalarında yox olmaq istəsən də, içindəkiləri onunla bölüşməkdən qaçarsan. Günəşi görə-görə, zülmətə boyun əyərsən. Var ola-ola, yaşaya-yaşaya yoxluğunu tanıyarsan. 
   Zaman keçdikcə, dəmir barmaqlıqların sərtliyinin fərqinə daha çox vararsan. Kimsə görməz, ətrafını çevrələyən bu barmaqlıqları. Qəlbini tez-tez vahimə bürüyər. Sən qorxduqca, içinə qapandıqca, daxilindəki məni boğduqca, ömrünə gələn illər məhbusu olduğun həbsxananın dəmir barmaqlıqlarının artan sayına çevrilər.
   Onun məzar kimi soyuq olan dörd divarını, məhz insan özü hörər, həyatına. Üst-üstə qoyulan "SAL DAŞLARINI" isə bir parçası olduğumuz cəmiyyət verər, insanın əllərinə. Onu dağıtmaq və ömürlük məhkumlarını azad etmək üçün nələrsə etməyə kimsənin gücü yetməz. Bu həbsxananı, yalnız və yalnız dörd divarının söyuqluğunda mənəvi dünyası qandallanan məhbusun özü məhv edə bilər. 
   An gələr, cəsarət taparsan özündə. "KİM İDİM?", "KİM OLMAQ İSTƏYİRDİM?", "NƏLƏR DÜŞÜNÜRDÜM?", "XƏYALLARIM, HƏDƏFİM NƏ İDİ?", "SONUNDA NƏYİ BACARA BİLDİM?" suallarıyla özünə dönmək istəyərsən. Lakin özünü axtarmağa çalışsan da, bir zamanlar külünü göylərə sovurduğun varlığının ən kiçik zərrəsinə belə rast gələ bilməzsən. Çünki onu CƏMİYYƏTİN "NƏ DEYƏRLƏR" adlı həbsxanasında öz əllərinlə yox etdin!!!




                                                                    Yaqut Hüseynova









Sunday, September 4, 2016

"KƏŞF"

   Yer üzünün ən böyük kəşfi, məhz odur. O bir nəfərin, bir dahinin ixtirası deyil. Bütün bəşəriyyətin insanlıq kitabına yazdığı ümumi imzasıdır. Kainatın qütbdən-qütbə ötürdüyü nuruna çevrilən bu ixtiranın hekayəti, yalnız ürəklərdən və gözlərdən oxunar...
   Gülməyi həyat öyrətdi, bizə. Yaşananlar, onunla tanışlığımıza səbəb oldu. Həyat gətirdi, çöhrəmizə təbəssümü. Məhz o tanıtdı, gözlərimizə gülüşü. Bəlkə də ona görə gülməyi öyrətdi ki, yaradılışı dərk etmək üçün daha möhkəm dayayaq ayağımızı, bir gün qoynuna əbədi baş qoyacağımız qara torpağa. Öyrətdi ki, göz yaşlarının könlümüzə gətirəcəyi müvəqqəti rahatlığın acizliyində bitib-tükənməyək. Özümüzə inam və güvənin gücüylə içimizdəki mənin əllərindən tutaraq, onun büdrəmədən kainatı tanımasına zəmin yarada bilək. Yıxıla-yıxıla irəliləsə də, büdrəməməsi üçün qarşısına çıxacaq əngəlləri dəf etməyi bacaraq. Çünki insan yıxıldıqca, hiss etdiyi ağrılar onun daha inamla yenidən ayağa qalxmasına səbəb olur. Büdrədikdə isə axsaq kimliyinin imzasına çevrilir, adı.
   

   GÜLMƏYİ, HƏYAT öyrətdi bizə... Bəlkə də bilirdi, güclü olduğumuzu. Həyat amansız olsa belə əmin idi, onu səbrlə, susaraq dinləməyə ehtiram göstərəcəyimizə. Çox vaxt gülüşlərimiz cavabsız suallara dönərək, çiyinlərində gah günah, gah da bir savab kimi daşıdı, ruhumuzu. Və getdikcə yaşa doldu, gözlərimizdə. Elə baxışlarımızda qonaq oldu, fəsillərə. Bəzən damla-damla boy atan ömrüylə payızın yağmurlarına qarışdı. Bəzən də gizlin saxladığı küsüknlüyü qarlı qışın bəyaz soyuqluğunda yenidən duruldu. Həm bahar çiçəkləri kimi ətirləndi arzularımızda, həm də dualarımızdan qopan kiçik bir zərrə kimi günəşin dan yerini aydınladan şəfəqlərində yox oldu ki, təbiətin yay nəfəsli müjdəsini könlümüzün torpağında duya bilək.

   Beləcə, GÜLÜŞ insanların ən böyük kəşfinə çevrildi. Bir aforizmdə deyildiyi kimi:-"İNSANLAR o qədər acı çəkdi ki, GÜLMƏYİ KƏŞF etdi."




       

                                                                      Yaqut Hüseynova





Thursday, September 1, 2016

"XOCALI" NIN MƏZARI ÖNÜNDƏ...

-Maşallah, indi o qədər qəzet və jurnallarımız var ki, saymaqla bitməz. Hamı yazır, hər kəs qələm sahibidi. Nə gəldi yazılır, nə gəldi çap olunur. Nəşrlərin də ardı-arası kəsilmir. Ağrılısı da odur ki, əlində qələm olanların, daha doğrusu, əlini məcburi qələmə öyrətmək istəyənlərin cəmiyyətdə sərgilədiyi mənzərə, yalnız və yalnız yağışdan sonra çoxalan göbələkləri xatırladır. Belələrinin nə sözün mahiyyətindən xəbəri var, nə də ona yanaşma bacarığından. Tarixin yaddaşına köçən "rəhmətlik" senzura yadıma düşdü. O "rəhmətə" gedən gündən hamı cumdu qələmə. Söz azadlığı adı altında "yazanlarımız" o qədər çoxaldı ki, mənşəyi və janrı bilinməyən cızmaqaralar ədəbiyyat və jurnalistikamızı edam kürsüsünə qədər sürükləyib apardı. Bir məqam isə unuduldu ki, SENZURA kağız üzərində hər hansı bir hakimiyyət tərəfindən verilərək, möhürlənmiş maddə və yaxud qanundan ibarət olmamalıdır. O hətta DİLƏ və DÜŞÜNCƏLƏRƏ vurulmuş qandallara da dönməməlidir. SENZURA, hər bir qələm sahibinin özünə, yalnız ruhundan və qəlbindəki vətəndaşlıq hissindən təyin etdiyi bir qanunu xatırlatmalıdır. VİCDANI isə bu ali qanunnamənin möhürünə çevrilməlidir. Əbəs yerə deyilməyib ki, "əsl sənətkar olmaq istəyirsənsə, fərqi yoxdur, hansı sahədə olrsa-olsun, ilk növbədə təpədən-dırnağadək VƏTƏNDAŞ OLMAĞI bacarmalısan..." Bəli, əsl vətəndaş olmağı bacarmalısan ki, əlinə götürəcəyin bir ovuc torpağın zərrələrinə RUHUN qarışa bilsin!
   Hər dəfə bu pillələrlə qalxanda ürəyimdəki qürur və kədər düşmənə olan nifrətimi qat-qat artırır. Qalxdığım pillələr tarixi həqiqətləri bir daha təkrar-təkrar səhifələyir, burada torpağa tapşırılan neçə-neçə şəhidin rəsminin dil açdığı baş daşlarında. Bir əsrdə iki dəfə ŞƏHİDLƏR XİYABANINA dönən Dağüstü Parkda bu dəfə tək deyildim. Mənimlə birlikdə addımlayan ONLARIN da əbədiyyətə varan ayaq səslərinin ahəngi torpağa hopduqca, düşüncələr məni məndən aldı. Addımlarımı yavaşıdıb, bu tarixi şəxsiyyətlərin AZADLIQ, MÜSTƏQİLLİK və İNSANLIQ sevgisindən rəng alan baxışlarının ucalığındakı sehrdə bütün varlığımla yox oldum...

   

   O yenə də hamıdan öndə irəliləyirdi. Əzəmətli şəxsiyyəti ilə Yer kürəsinə meydan oxuyurdu. Simasına göylərdə dalğalanan üç rəngli bayrağımızın şəfəqi yayıldıqca, sanki:-"Bu BİZİK, O TAYLI, BU TAYLI BÖYÜK AZƏRBAYCAN!!!" - deməsinin əks-sədası ruhumuzda duyulurdu. Qürur dolu baxışları məzarlardakı rəsmlərə dikildikcə, böyük türk şairi Gültəkinin möhtəşəm misralarını xatırladım:

                             "Yaşa, ey həsrətlə doğan İSTİQLAL!
                                Yaşa, ey TÜRK, yaşa, ey gözəl HİLAL!"

   Bu başdaşılar ONUN, M.Ə.RƏSULZADƏNİN XX əsrin əvvəllərində AZƏRBAYCAN GƏNCİNƏ, TÜRK ÖVLADINA ünvanladığı "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!" vəsiyyətinin könlümüzdə əbədi nura çevrilmiş həqiqəti idi.
   ONLARLA birlikdə gedirdim, şəhiD XOCALINI ziyarət etməyə...
   -Ay Molla, bir de görüm, ONLAR kimdir, niyə məhz ONLARLA ziyarət etdin AND YERİMİZİ? - deyə Mollanın arvadı maraqla soruşdu.
     -Bir az söyədiklərimin əvvəlinə qayıtmaq istəyirəm. Söhbətimə qələm sahibləri və yazı haqda olan fikirlərlə başladım. Bu təsadüfi deyil. Təzad və fərqi daha dərindən anlamaq üçün düşüncələrimə bu başlanğıcı giriş seçdim. 
   Ümumiyyətlə, müxtəlif mövzularda müsahibələri izləməyi çox sevirəm. Mənim üçün verilən suallar maraqlı gəldiyi qədər qarşı tərəfin, yəni müsahibin söylədiyi cavablar da önəm kəsb edir. Bir sual var ki, ona çox vaxt tənqidi yanaşsam da, bəzən qəbul etməsəm də, həmin sual hərdən məni də düşünməyə vadar edib. Görən, mən Molla Nəsrəddinə bu sual verilsəydi, cavabım necə olard? Bax, bu sualı deyirəm. Çox vaxt soruşurlar ki, "əgər zaman maşını olasaydı, hansı zamana qayıdardınız?" İndiyə qədər oxuduğum cavablarda hərə bir zamana dönmək istəyir. Mən isə heç bir zamana qayıtmağı dilimə gətirməzdim. ƏSLA! 
   Məhz ŞƏHİDLƏR XİYABANINDA ziyarət zamanı bu suala cavab verə bildim. Və çoxlarına qəribə görünəcək cavabım, ONLARLA görüşdürdü  məni. Bu ötən üç yüzilliyin DAĞÜSTÜ PARKDA XXI əsrlə görüşü idi...
   ONLARDAN daha biri, "NAMƏLUM MƏZAR" ların qarşısında dayandı. Bir zamanlar qələmə aldığı "PEYĞƏMBƏR" əsərindəki misralar erməni vəhşiliyinin qurbanı olan şəhid övladlarının qəbirləri üstünə çiçək tək səpildi. Yenə də "İBLİS" inin vahiməli istehzasının əks-sədası qulaqlarımızda cingildədi. CAVİD ƏFƏNDİNİN bütün bəşəriyyətə etdiyi bu xitabı, TANRI belə kədər içində dinlədi. "SƏMA ŞAİRİ" nin üsyankar ruhunun səsinə yansıtdığı bu sətirlər, VİCDANLARI silkələdi:

                                       -İBLİS nədir?
                                       -Cümlə xəyanətlərə bais...
                                       - Ya hər kəsə XAİN olan?
                                       - İBLİS...

   QARABAĞIN "DÜRRÜ YEKTASI" adlandırılan "XAN QIZI" əllərindəki qərənfilləri məzarlara düzə-düzə yaşla dolan gözlərini silirdi. O, QƏRƏNFİLLƏRİ çox sevirdi. Şəhid qəbrlərinin üstünə qoyduğu qərənfillərin rənginə erməni vandallarının ŞUŞADA güllələdiyi heykəlinin yaralarından axan al qanı da qarışmışdı. 

                                       Səni kimdir sevən biça qərənfil,
                                       Sənə mən aşiqi-şeyda qərənfil!

   Deyən XURŞUDBANU NATƏVANIN sevimli çiçəkləri bu gün mücahidlərin gülləri kimi tanınır, vətən bağlarında...
   Digər ziyarətçilər kimi O da şəhidlərimizin önündə ehtiramla baş əydi. Üsyan dolu düşüncələrini dilə gətirdi. ONLARIN hər biri danışırdı. Amma susaraq... Alov saçan nitqləriylə dünyaya səslənirdilər. Qəzəb nidalı baxışlarından eşidilirdi, hayqırtıları...
   "AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə, AMALIN nə olduğunu bilməyən azadlıq isə ÇAŞQIN RUHA bənzəyir. HƏYAT, AZADLIQ və AMAL... Budur, yenilməz əbədi varlığın üç üzü!" - söyləyən şərqin böyük filodsofu, rəssamı, yazarı CİBRAN XƏLİL CİBRANIN XOCALININ məzarına doğru irəliləyən addımları, sanki beynində 441-ci rəsm əsərinin cizgilərini tabloya tez bir zamanda köçürməyə tələsirdi. Ürəklərə qərənfillər kimi düzmək istəyirdi, bu çağırışını:-"Bədbəxt o millətdir ki, İGİDLƏRİNİ basdıranda, xarabalıqlarından savayı vəsf etməyə bir şeyi qalmayanda ETİRAZ SƏSİNİ ucaldır, CƏLLAD təpəsinə döyəndə QİYAMA QALXIR!"
   "Ermənilər acgöz və tamahkardırlar. Sən nökərsən, sən oğrusan, sən ermənisən!" söyləyən böyük rus şairi Puşkin  də ONLARIN sırasında dayanmışdı. O da XOCALININ məzarına doğru düşüncələr içində bizimlə birlikdə yola çıxmışdı. Bu məqamda Rusiya prezidenti Vladimir Putinin ermənistan xarici işlər naziri Edvard Nalbandyanı bu günlərdə "DOSTLUQ" ordeni ilə təltif etməsini xatırladım. Bu "tarixi təltif" eyni zamanda gözəl bir sözü də Putinin elə öz diliylə yadıma saldı:-"Dostumun dostu DOSTUM, düşməni isə DÜŞMƏNİMDİR!" Deyirəm, görəsən, Putin ən azından Puşkinin bir zamanlar mənfur ermənilər haqda dediyi bu kəlmələri heç oxuyubmu?! Oxusaydı, yəqin ki, belə gülünc vəziyyətə düşməzdi. Rus ədəbiyyatının və poeziyasının GÜNƏŞİ hesab edilən Puşkinin ədəbi nurunun nədənsə Rusiya prezidentinin məkrli niyyətini aydınlatmağa gücü yetməyib. Əslində, məsələ budur ki, həmişə SAHİB TULASININ başını sığallayaraq, qabağına yem atır ki, hədəfinə daha tez və diqqətləri çəkmədən YAXINLAŞA BİLSİN! Türk şairi Gültəkinin bir şeirində deyidiyi kimi:

                           Sən, ey xəyanətə, zülmə bir yuva,
                           Ey qızıl Moskva, qızıl Moskva!...

   Nəhayət, ONLARLA birgə 5 yaşlı XOCALININ məzarına yetişdim. Ətrafa baxdıqca göz yaşlarıma hakim ola bilmirdim. ONLAR MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN məzarda uyuyan bu balaca TÜRK ÖVLADININ çiçəklərlə bəzədilmiş qəbri önündə:

                       Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
                       Ustadımız deyib:-"Heçdir Vətənsiz can. AZƏRBAYCAN!"


                      Bəsdir fəraq odlarından kül ələndi başımıza,
                      Dur ayağa! Ya AZAD OL, ya TAMAM YAN AZƏRBAYCAN!"


şeirindən bir parça qiraət etməsinə şahidlik edirdi. Məhz "AZƏRBAYCAN" qəzəli  bu görüşün, bu ziyarətin SON NÖQTƏSİ, ZİRVƏSİ idi!





                                                           YAQUT HÜSEYNOVA














Monday, August 15, 2016

"QRAMMATİKA və yaxud KÜNC "

   -Hər addımda insanlıq axtarırıq. Hər yanda onu görmək ümidi ilə yaşayırıq. Amma bir məqamı unuduruq ki, artıq İNSANI olmayan Yer kürəsində İNSANLIQ aramaq özü yalnışdı! Bəli, İNSANI olmayan dünyada!!!
   Bayaqdan al-əlvan güllərlə bəzənmiş bağçaya baxıram. Hər qarışı çiçəklikdir. Seyrinə daldıqca beyn də, qəlb də rahatlıq tapır. Bu gözəllik qara torpağa qarışan alın tərinin, zəhmətin, sevgi və fədakarlığın bəhrəsidir. Əgər bağçanın yalnız bir hissəsində gül kolları əkilsəydi, bu gün buranın müəyyən bir tərəfi çiçəkli olacaqdı. Və bütün bağ üçün çiçəklik deyə bilməyəcəkdik. İNSANLIĞA da bu prizmadan yanaşılmalıdır.
   Dilimizdə düzəltmə isimlərin -lı, -li, -lu, -lü şəkilçisi var. Onu da qeyd edim ki, isimlərdən düzəltmə isim düzəldən bu şəkilçiyə -k, (-q) samiti əlavə edildiyi zaman 
-lık, lik, -luq, -lük sonluğu meydana gəlir ki, yaranan şəkilçi daha böyük məhfumu, anlamı ifadə etmiş olur. Hər yanda aradığımız insanlığı da, məhz bu məntiqlə çözsək, belə bir nəticəyə gəlmək olar ki, İNSANLIĞI görmək üçün sakini olduğumuz Yer kürəsinin hər qarışı gərək İNSANLI ola! İNSANLI ola ki, İNSANLIQ da vicdanlarda dünyaya göz açaraq, böyüyə bilsin!
   

   Ümumiyyətlə, qrammatika incə məqamların qovluğudur. Hər dilin özünəməxsusluğunun məcmusu, eyni zamanda pozulmayan qayda-qanunlar toplusudur. Deyirəm, əvvəllər yalnız dilin qrammatikası vardısa, indi o qədər "qrammatika" lar yaranıb ki, heç Yaradan özü belə baş açmır, o "toplular" ın bəndlərindən. Ən dəhşətlisi budur ki, bu gün hakimiyyətin də öz "qrammatika" sı var. Onu əzbər bilənlər, daha doğrusu dili söz tutmasa da əzbərləmək üçün özünü həlak edənlər elə sağlığındaca bütləşir, heykəlləşir və simvollaşır. Öləndən sonra da hər gələn yeni-yeni nəsillərin beyninə məcburi yeridilərək əbədiləşdirilir. Fəqət, hakimiyyətin "qrammatika" sını öyrənə bilməyənlərin, əslində mahiyyətini dərk edənlərin adı ya MƏHBUS olur, ya VƏTƏN XAİNİ, ya da elə mən Molla Nəsrəddinin alnına 1931-ci ildə vurulan damğa kimi "ALLAHSIZ" adlandırılır. Beləcə, neçə-neçə VƏTƏN   DAŞLARININ atıldığı "VƏTƏN" ə çevrilir MÜHACİRƏT! Yaxud da onların kəfənə bükülmüş nəşi "ƏSRİ" və digər qəbristanlıqların bir KÜNCÜNDƏ qazılmış məzarlara gömülür!
   Rəhmətlik Cibran Xəlil demişkən:-"Bədbəxt o millətdir ki, mənsəb sahibləri-tülkülər, filosofları-hoqqabazlar, sənəti isə təqlidi sənətdir!"





                                                                 YAQUT HÜSEYNOVA





Sunday, July 31, 2016

"ATƏŞFƏŞANLIQ"

   -Deyirəm, belə də səs-küy olar. Vallah, lap ağ eləyiblər. Günün günorta çağı da atəşfəşanlıq olar? Görmüşük, fişənglər gecələr atılar. Hamı da maraqla seyr edər asimanı. Bəlkə də bayramdı, yəqin mən unutmuşam. İndi o qədər bayram var ki, bilmirsən, hansını yadında saxlayasan. – Deyən, Molla Nəsrəddin tez cibindən təqvimi çıxarıb, tarixlərə diqqətlə baxdı. Və təəccüblə sözünə davam etdi:
   -Yox, bayram da deyil. Qəribədir, fişənglərin səs-küyü olsa da, vahimə yaradan qapqara topa-topa buludu yoxdur, axı?! Ömrümüzün üstünə gələn hər ilin ən azı bir ayı “möhtəşəm atəşfəşanlığı” ilə yaddaşımızda iz salır.
   Molla Nəsrəddin birdən şəhərdə camaatın təlaş içində ora-bura qaçdığını gördü. Polis, yanğınsöndürən və təcili tibbi yardım maşınlarının siqnal səsinə dik atıldı. Bayaqdan bəri göydəki “fişənglərə” zillənən gözlərini onlardan ayırıb, daha çox narahat oldu. Nəhayət, anladı ki, bu “atəşfəşanlıq” xəyal etdiyi atəşfəşanlıqdan deyil. Sən demə, bu hay-küy Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “ARAZ” zavodunda baş vermiş güclü partlayışın əks-sədası imiş. Bir anın içində, sanki yer-göy lərzəyə gəlmişdi. Özünü müharibə meydanında hiss etdi.

  

   Getdikcə partlayış güclənərək, daha çox əraziyə yayılırdı. Silahlar susmaq bilmirdi. Hər yanı camaatın təlaşı bürümüşdü. “Vay, oğlum orada idi!...” , “Atam həmin zavodda işləyirdi, görən, sağmıdır?!” söyləyən insanların fəryadına dözmək olmurdu. Partlayış o qədər güclü idi ki, yaxınlıqda yerləşən yaşayış massivlərindəki binaların necə tab gətirdiyinə inanmaq olmurdu. Partlayışın hər yanı silkələyən və vahimə doğuran səsinin şahidi balaca körpələrimiz oldu. Min qorxu yaşatdı uşaqlara, bu faciə.
   -Bir neçə saatdan sonra toxdayan yanğınlar qorxulu bir yuxu kimi yazıldı kiminin ömrünə, kimin də xatirəsinə... Ölən və yaralıların ünvanı ilə neçə-neçə ailələrin qapısı döyüldü, iyulun 26-sı. Ən dəhşətlisi isə bu idi ki, belə bir faciə və onun acı nəticələri haqqında həmin gün telekanallarımızda nə doğru, nə də ətraflı bir məlumat verildi. Əslində, telekanallarımız niyə də əziyyət çəkməli idi ki, belə hadisələrə verilən aktual şərhlərdən biri ilə rəng versəm, “adi yanğın idi, böyük itki olmayıb, cəmi iki nəfər vəfat edib, yaralılar da elə həmin gün ilk tibbi yardım göstərildikdən sonra, evə göndərilib...” Deyirəm, vallah, maraqlı sehrbazlıq var, belə böyük partlayışda. Cəmi iki nəfər vəfat edib, itkin olmayıb. Ölənlər üçün “vəfat edib” deyildi, “həlak olub” yox. Nədənsə belə “vəfatlar” yamanca aktuallaşıb. 2015-ci ildə də elə bu vaxtlar olardı. Şirvan şəhərindəki bu tipli zavodların birində belə “adi partlayış” olmuşdu.
   Hə, harada qalmışdım, telekanallarımızın hadisəyə yanaşmasında. Həmin günü axşam, maşallah, elə özlərinin dediyi kimi “doğma kanallarımızda” çal-çağırın səsindən dayanmaq olmurdu. Oxuyan kim, oynayan kim, gülən kim... Yalnız üç kanalın xəbərlərində partlayışa həsr olunan həcmi heç bir dəqiqə olmayan süjet yayımlandı. Amma həmin gün Madaqaskarda bir evdə baş vermiş yanğın və onun şərhini ətraflı əks etdirən kadrlar ekrana gətirildi. Kadrarxası mətni müxbir elə həyəcanla oxuyurdu ki, öz faciəmiz yadımdan çıxdı. Az qaldım ki, Madaqaskar xalqına başsağlığı məktubu göndərim.
   Partlayış da baş verməyə vaxt tapdı. Şirvan şəhər İH başçısının məzuniyyətini qara gətirdi. Hadisədən bir neçə gün öncə, şəhərin “möhtəşəm tədbirlərinin” birində icra başçısının məzuniyyətinin gözəl keçməsi üçün çıxışlarda edilən dualar nədənsə qəbul olmadı. Lap ürəyim ağrıdı, dua edənlərin halına!
   Faciə qurbanı İlhamə Nuriyevanın yas mərasimində iştirak etdim. İlk dəfə idi ki, susurdum. İki övladı qaldı. Yaxınlarının dilə gətirdiyi ağılar dinləyənləri diri-diri odlayırdı. Mərhumun bir qohumunun ağısındakı bu fəryad sözün bitdiyi yer idi, mənim üçün:-“Can bala, qolun qoymurdu, axirətə gedəsən!...”
   Onu da qeyd edim ki, partlayış zamanı digər həlak olan Ağamir Məmmədovdur. O, yoldaşlarını xilas edərkən həyatını itirib.
   Ümid edək ki, faciənin baş vermə səbəbləri dərindən araşdırılacaq, DƏRİNDƏN ÖRT-BASDIR EDİLMƏYƏCƏK!!! Və çox vaxt olduğu kimi, “Partlayış işçi səhlənkarlığı səbəbindən baş verib”, deyilərək, nöqtələnməyəcək, 26 iyul! Nədənsə, nöqtələrə yaman öyrəncəli olmuşuq!
   Nəhayət, şəhərimizdən millət vəkili seçilən, seçkiqabağı kampaniyada “Mənim həmyerlilərim”, “Mənim Şirvanım” , “Mənim şəhərim“ sözlərini canfəşanlıqla söyləyən və söylədiklərini parlamentə çatmamış UNUDAN Rafael Cəbrayılovun səsini eşitdik!



                                                          

                                                               YAQUT HÜSEYNOVA 




   

Thursday, July 21, 2016

" İnsan davranış və mənəviyyatının sərhədlərini müəyyən etməklə özünü tanımağı bacarmalıdır." - Müsahibə

   

   Jurnalistika.az saytına verdiyim müsahibəni aşağıdakı linkdən oxuya bilərsiniz. Saytın redaktoru Günel xanıma təşəkkür edirəm.

LİNK: 

www.jurnalistika.az/article/734/Insan_davranış_və_mənəviyatının_sərhədlərini_müəyyən_etməklə_özünü_tanımağı_bacarmalıdır.-Müsahibə.html



Monday, July 11, 2016

“PARÇALANMIŞ XƏRİTƏNİN ƏKS ÜZÜ”


   -Rəhmətlik nənəmdən xatirimdə o qədər gözəl bayatılar və hekayətlər qalıb ki, saymaqla bitməz. Onları nəql etdikcə yorulmaram, əksinə ruhum dinclik tapar sətirlərində. Fərqlər dünyası da, həyat da, məhz bu hekayət və bayatılarda hərf-hərf sözlər şəklində cümlələşərək, gizlin anlamını bir daha  özü öz dilində ifadə edir bizlərə. Bu gün yenə də həmin hekayətlərdən birini xatırladım. Çox maraqlı və ibrətamiz olan bu kiçik hekayənin sonluğuna düşüncələrimin gətirdiyi fərqli yanaşma dünyanın manqurdlaşan simasını yenidən sərgilədi, gözlərimin önünüdə. Bəli, MANQURDLAŞAN SİMASINI!...
   Molla Nəsrəddin ürəyinə yanar odlar sancan haqqında danışdığı hekayənin və onun sonluğuna gətirdiyi fərqli yanaşmasının ağrısına azacıq da olsa tab gətirmək üçün fikirli-fikirli həyətə düşdü. Gecənin sükutu həzin yağmur damlalarının, sanki sehrində dilə gəlirdi. O, narın yağan yağışın nurunda daha da ülviləşən torpağın qoxusunu bütün qəlbiylə ruhuna çəkdi. Amma bu hüzurverici an saysız-hesabsız tikana çevrilərək, ağrısıyla onun ürəyini dəlik-deşik etdi. Molla salxım söyüdlərin əhatə etdiyi nohurun bir kənarında əyləşdi. Əlini köksünə qoyaraq, söhbətə başladı:
   -Yağışdan sonra torpağın ətri insana elə rahatlıq gətirir ki, o gözəlliyi ifadə etməyə sözlər belə acizdir. Amma bu gün torpağın ətri ürəyimə tikan-tikan batdı. Çünki o müqəddəs qoxuda şəhidlərimizin, ələlxüsus, beş yaşlı şəhid XOCALININ qana boyanmış uşaqlığının iniltisini duydum. Danışdıqca bitməz, yaddaşımızın qan qoxulu səhifələri... Keçim hekayəmə...
   Nənəm nəql edirdi ki, bir gün bir ata əlindəki qəzetin bir səhifəsini çox kiçik hissələrə parçalayaraq, oğluna verir. Və ona cırılmış qəzet parçasında olan dünya xəritəsinin rəsmini düzəltməyi tapşırır. Ata onu da özü üçün qətiləşdirir ki, oğlu qəzet səhifəsini neçə gün keçsə də, əvvəlki vəziyyətinə gətirə bilməyəcək.
   Aradan bir neçə saat ötməmiş oğlu əlində bərpa edilmiş, kiçik hissələri bir-birinə dəqiqliklə yapışdırılmış qəzet səhifəsini atasına uzadaraq, sevinclə deyir:
   -Bax, ata, dünyanın xəritəsi hazırdır.



   Atası qəzet parçasına diqqətlə baxır.Və nə deyəcəyini bilmir. Kiçik parçalara ayırdığı qəzet səhifəsindəki xəritənin rəsmi düzgün yığılmışdı. Qəzetin cırıldığı belə hiss olunmurdu. Bir qədər sükuta daldıqdan sonra oğlundan belə bir çətin işin öhdəsindən necə asanlıqla gəldiyini soruşur. Oğlu yenidən gülümsəyərək, cavab verir:
   -Ata, bir bax. Xəritənin çəkildiyi səhifənin arxa üzündə DÜŞÜNƏN İNSAN şəkli var. Həmin insan şəklinin hissələrini bir-birinə uyğunlaşdırmaqla, DÜNYANIN XƏRİTƏSİNİ düzəltdim...
   -Ay Molla, hekayəyə söz ola bilməz. Çox duyğulandım. Sətirləri yatmış vicdanlara vurulan sillə kimi göründü mənə. Mükəmməl anlam daşıyır. Amma mənim üçün sənin hekayəyə bu günün prizmasından edəcəyin özünəməxsus yanaşman çox maraqlıdır. Səbrimi tükətmə, di danış görək, rəhmətlik nənənin vaxtilə söylədiyi belə gözəl hekayəyə sənin gətirəcəyin sonluq necə olacaq? - deyərək, Molla Nəsrəddinin arvadı səbrsizliklə onun nəqlinin davamını gözləməyə başladı.
   -Həəə, elə mənim üçün də maraqlıdır, deyəcəklərim. Əslində, bu hekayətin sonluğunu mən yox, günümüzün beynəlxalq siyasi durumu dəyişib. Hekayətin müasir variantı, təəssüf ki, bax, belədir. Deməli, DÜNYA XƏRİTƏSİ yenidən kiçik hissələrə ayrıldı. Bu dəfə onun kiçik parçaları manqurdların əliylə toplandı. Bəli, manqurdlaşan ölkələrin və həmin dövlətlərin andranikin murdar törəmələrinə himayədarlıq edən parlamentləri tərəfindən düzəldildi. Xəritə yenə də eyni qayda ilə bərpa edildi. Fəqət, bu dəfə həmin xəritənin arxa üzündə heç bir şəkil yox idi. Yalnız bir söz yazılmışdı:-“ERMƏNİ SOYQIRIMI”... Məhz bu sözlə sərgiləndi, YER KÜRƏSİNİN MANQURDLAŞAN SİMASI!!!
   Amma bir həqiqətə bütün varlığımla inanıram. Bir gün bu xəritə bir daha, özü də sonuncu dəfə yığılacaq. BƏLİ, SONUNCU DƏFƏ!
   Və bu xəritənin arxa üzündə yalnız bir rəsm – AZƏRBAYCAN OĞLUNUN, TÜRK ÖVLADININ qədim yurd yerimiz olan İRƏVAN QALASINDA dalğalandıracağı ÜÇ RƏNGLİ MÜQƏDDƏS BAYRAĞIMIZIN UCA ƏKSİ OLACAQ! 
   O GÜN UZAQDA DEYİL!!! 




                                                                   YAQUT HÜSEYNOVA


                                                          

                                                                     





Sunday, July 3, 2016

"61 meymun müəmması"

   -Meymunlar haqqında məlumatları araşdırarkən, bəzi maraqlı məqamlarla qarşılaşdım. Oxuduğum həmin maraq doğuran faktlardan bir neçəsini sizinlə də bölüşmək istəyirəm. Deməli, Kamerunun “Sanaqa-Yonq” parkında “Dorothy” adlı şimpanzenin dəfn mərasimində digər meymunların adamlar kimi bir-birinə sarılaraq, səssizcə hüznlərini paylaşması və ölmüş şimpanzenin arxasınca sıra ilə düzülərək, onu yola salması görənlərin təəccübünə səbəb olub. Başqa bir məlumatda isə qeyd olunur ki, ABŞ-ın cənubi Karolina ştatında nəsli tükənməkdə olan heyvanların saxlandığı bir institutda “Anjana” adlı şimpanze adıçəkilən məkanda üç bəbirin və dörd pələngin böyüməsində yaxından iştirak edib. Amerika alimlərinin apardığı digər araşdırmalara görə isə meymunlar onlara qida və ya başqa bir şey verəndə çox sevinirlər…
   Oxuduğum məlumatlar lap fikrimi qarışdırdı. Az qaldım ki, bu heyvana qibtə edəm. Üstəlik rəhmətlik Darvinin ruhuna dualar oxumağım gəldi…
   Molla Nəsrəddinin qarşısındakı meymun şəkilərinin olduğu kitabı görən arvadı təəccübünü gizlədə bilməyib, ondan soruşdu:
   -Ay Molla, son zamanlar yaman heyvanlar haqqında araşdırma edirsən, cızma-qaralarında. Əvvəl çaqqaldan danışdın. İndi də meymunların nəsil-nəcabətini, ən əsası törəmələrini tapmağa səy göstərirsən. Belə getsə, Darvin yazıq sayəndə unudulacaq...
   -Doğru deyirsən. Faktlar məni belə araşdırmalara sövq edir. Əslində, heç bir araşdırmaya ehtiyac yoxdur. Amma nəsil-nəcabətini unudan dığalara bir daha həqiqəti və haradan gəldiklərini xatırlatmağı özünə borc bilirsən. Meymunları araşdırdıqca bir çox məqamlarda onlarla mənfurların xisləti arasında böyük bağlılıq olduğunun bir daha fərqinə vardım. Bu kiçik araşdırmama səbəb, yaşam kouçu Sənan Nəcəfovun sosial şəbəkələrin birində paylaşdığı bir məlumat oldu. Paylaşımda qeyd olunurdu ki, Tanzaniya polisi bu ölkədən 61 meymun aparmaq istəyən Vardanyan qardaşlarını həbs edib. Məlum olub ki, oğurlanmış meymunlar Albaniyaya aparılırmış. Restoran sahibi olan bu erməni dığalarının oğurluğuna Sənan Nəcəfovun möhtəşəm açıqlaması bu fakta bir daha öz damğasını vurdu. Yaşam kouçu paylaşımın sonunda qeyd edir ki:-“...Bu erməni qardaşlarının restoranı varmış. Ya meymun əti verəcəklərmiş, ya da nəsil-nəcabətləri ilə yaxından tanışlıq üçün labarotor müayinə olacaqmış.”
   Bayaq nümunə gətirdiyim faktlara yenidən qayıtmaq istəyirəm. Bəbir və pələngə “valideynlik” etmiş “Anjana” adlı şimpanzenin ağlına, vallah, heyran qaldım. Təsəvvür et, bir meymun BƏBİR və PƏLƏNGİN formalaşmasında xüsusi rol oynayıb. Maraqlı olduğu qədər, tükürpədicidir. Bəbir və pələng kimi heyvanların xilətinə, beyninə meymunlaşan hüceyrələrin zərrə-zərrə ötürülməsinə yol açıb, bir meymun. Maşallah, bu günün beynəlxalq siyasi arenasına diqqətlə nəzər salsaq, meymunlaşan hüceyrələrin, törəmələrin dərindən iz saldığı neçə-neçə azğınlaşmış xislətləri görmək olar. Belə bir xislət 1965-ci ildən bu günə qədər qondarma erməni soyqırımını qəbul edən 206 ölkənin iyrənc simasında dönə-dönə müşahidə edilir. Qeyd eydiyim faktlardan biri olan, meymunların dəfn mərasimi isə ermənilərin hər il bütün dünyaya qəbul etdirmək istədiyi qondarma soyqırım abidəsi önündə etdiyi meymunluğu xatırlatdı mənə. Mənimçin çox maraqlıdır. Görəsən, bu vəhşi Vardanyan soysuzlarının oğurladığı 61 meymun hansı növdən imiş, qorillamı, şimpamzemi, əntərmi, yoxsa başqası? Uzun-uzadı araşdırmadan sonra, yazacağım son məlumata əsasən, meymunlarla dığaların xislət oxşarlığının son nöqtəsini qoymağa nail oldum. Belə ki, Hindistanın ali məhkəməsi Dehli küçələrindən tutulmuş 300 meymunun Mərkəzi Madya və Pradeş vilayətindəki meşələrinə göndərilməsini əmr edib. Çünki onlar, əsasən HÖKÜMƏT BİNALARI ətrafında məskunlaşaraq, yerli məmurları əməlli-başlı boğaza yığıblar. Hətta dəfələrlə hökümət binalarına hücum edərək, MƏXFİ SƏNƏDLƏRİN yerləşdiyi arxivi belə darmadağın edib…
   Məncə, bu son qeyd etdiyim məlumatdan sonra əlavə şərhə ehtiyac yoxdur. Çünki sadaladığım bu oxşarlıqlar meymun müəmmasının bütün çılpaqlığı ilə çözüldüyü nöqtədir. Amma erməni dığalarına dönə-dönə xatırlatmaq istəyirəm ki, daha heç vaxt meymun oğurluğuna cəhd etməyin. Vallah, ayıbdır. Unutmayın ki, dünyanın siyası arenasında neçə-neçə hegamon ölkənin qabağına yem ataraq, əlində oynatdığı, təbiətdəki meymunların özünə belə meymunluq öyrədə biləcək SERJİK kimi tayı-bərabəri olmayan MİLLİ MEYMUNUNUZ VAR!!!






                      
                                                      YAQUT HÜSEYNOVA