Nə idi günahım , söylə , ay ana ,
Körpələr evinə atanda məni !
Duydunmu , görəsən , vicdan əzabın ,
Körpələr evinə atanda məni !
Könlümü almadı atamın səsi .
İsitdi canımı özgə nəfəsi ,
Qəlbimdə sevincə qurdun qəfəsi ,
Körpələr evinə atanda məni 1
Mənə sığal çəkdi neçə yad əllər ,
Beləcə böyüdüm ... Ötüşdü illər ,
Sənə lənət deyib qınadı ellər ,
Körpələr evinə atanda məni !
Dünyanı hər rəngdə çəkdi Yaradan ,
Seçməyi bacaraq ağı - qaradan ,
Qan sızdı qaysağı qopan yaradan ,
Körpələr evinə atanda məni !
Beynimdə dolaşır nə qədər sual ,
Göylər də susubdu , dayanıbdı lal ,
Qəlbimdə əzabdan naxışladın xal .
Körpələr evinə atanda məni !
Gözlərim söylədi hekayətimi ,
Nəğməmdə gizlədim şikayətimi ,
Törətdin ən ağır cinayətini ,
Körpələr evinə atanda məni !
Ümiddən sabaha yollar salmışam .
O yollar üstündə azıb qalmışam ,
Balaca olsam da , hey qocalmışam ,
De , niyə , tək qoydun cahanda məni !
Neçə aylar ötüb dönübdü ilə .
Yəqin unutmusan adımı belə ,
Fələklər ağladı , sən gülə - gülə ,
Körpələr evinə atanda məni !
Gecələr səssizlik laylamı çaldı ,
Küləklər can deyib , qadamı aldı ,
Alovlu fəryadım ərşə ucaldı ,
Körpələr evinə atanda məni !
Sanırdım , mən idim arzun , diləyin,
Sanırdım , mən idim sevgi mələyin ,
De , heç sızladımı , ana , ürəyin ,
Körpələr evinə atanda məni !
Açdım əllərimi göylərə sarı ,
İnlədi yenə də ruhumun tarı ,
Getdiyim cığıra yağdırdın qarı ,
Körpələr evinə atanda məni !
TANRI rzasına , qayıt geriyə ,
Son qoyaq . həsrətə , qəmli hər şeyə ,
Səni arzuladım , dön deyə - deyə ,
Körpələr evinə atanda məni !
Səni arzuladım , dön deyə - deyə ,
Körpələr evinə atanda məni !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment