Tuesday, September 15, 2015

“ XALQ NƏ İSTƏYİR DEYƏNLƏRƏ NAMİZƏD DEDİK ! “



-Bu nədir, yenə nə mərasimidi, görəsən ? Adamların üzündən məcburi yığışma aydınca oxunur. Görən, nə olub ? - deyə, Molla Nəsrəddin öz-özünə söyləndi. Ulağına minib getmək istəyirdi ki, birdən gözləri qaraldı ətrafına toplaşanları görəndə.
-Siz də, bizim toplantımıza qatılsaz, məmnun olarıq. Adamlar yığmışıq, amma yenə də lazımdır ki, say çox olsun. Əsas iş saydı - deyə, Mollanı toplantıya apardılar. Molla lap çaşıb qaldı. Elə dəmdəzgahla, elə dillə zala gətirildi ki, bir də gördü, boş qalmış yerlərdən birində artıq əyləşib. Amma çox yerlər boş idi. Yenə çoxları lazım idi, zalı doldurmaq üçün. Təşkilatçıları qınamasan, yazıq ulağıma da zalda yer göstərəcəkdilər ki, təki yerlər boş qalmasın,- deyə, Molla düşüncələrə daldı və soruşdu:
-Nə toplantısıdı, ilin, günün bu vaxtında?
-Seçkilərdir, necə bəyəm bilmirsiz , hörmətli namizəd gələcək, xalqla görüşəcək ki, görsün xalq nə istəyir?
-Xalqın nə istədiyini bilməyəndən namizəd olarmış, maraqlıdır. Deyir, qulaq gündə bir yeni söz eşitməsə kar olar. Vallah, bir gün seçki tariximiz araşdırılsa, elə “ gözəl terminlər “ ortaya çıxar ki, Sokrat sağ olsa, o belə mat qalar.
  
 
   Nə isə toplantı başlandı. Tribunaya səhnə mədəniyyətindən, natiqlik bacarığından xəbərsiz, qəlbin güzgüsü olan səs və baxışlarında VƏTƏN SEVGİSİNDƏN əsər-əlamət olmayan, dəhşətlisi tərcümüyi-halını, eyni zamanda görəcəyi “ işlər “ adlı yalanlarını üzündən oxuyan “ namizəd “ gəldi. Nə qulaq asan oldu, nə dinləyən. Ürəyim ulağımın yanında qalmışdı, həyətdə yazıq heyvan neyləyir, görəsən? Allahın bu heyvanı mənimçin bu dırnaqarası toplantıdan daha dəyərlidir. Ona görə ki, əsrlərlə gəldiyim yolların ümummilli mənafe olduğunu anlaya bilir!
   Uzun-uzadı çək-çevirlərimdən toplantının nə zaman bitdiyini hiss etmədim. Elə alqışlar səsləndi ki, bilmədim alqışdı, yoxsa nifrət nidaları idi. Tez həyətə düşüb ulağımla birlikdə öz yoluma davam etdim. Və fikirlərimi özümlə bölüşdüm:
  -Deyirəm, hər şeydə bu günə qədər say axtardıq. Say göstəricisinin tamamlanmağına can atdıq. Keyfiyyət nədir düşünmədik, kəmiyyəti beynimizə yazdıq. Uğuru, atılan addımı keyfiyyətlə deyil, kəmiyyətlə ölçdük. XALQIN DƏRDİNİ BİLƏNLƏRƏ, BU DƏRDLƏRLƏ NƏFƏS ALANLARA deyil, “ XALQ NƏ İSTƏYİR “ deyənlərə NAMİZƏD DEDİK ! Bununla da gələcəyimizin ucsuz-bucaqsız sərhədlərini sildik!
  Allah rəhmət eləsin, CİBRAN XƏLİLƏ. O yazırdı:-“ O millət bədbəxtdir ki, TALANÇILARINI qəhrəman mərtəbəsinə yüksəldir, qəsbkarlarını isə alicənab sayır! O millət bədbəxtdir ki, mənsəb sahibləri-tülkülər, filosofları-hoqqabazlar, sənəti isə təqlidi sənətdir! "

                                         

                                                         YAQUT HÜSEYNOVA



Monday, September 14, 2015

“ KİMSƏLİ KİMSƏSİZLƏR… “


   KİMSƏLİ KİMSƏSİZ ETDİK, ana-atamızı lazımsız əşya tək qocalar evinin soyuq divarlarına, yollara boylanan pəncərəsinə sirdaş etməklə. Kimi qəddarcasına günahsız körpəsini zibil qutusuna atmaqla, kimi də övladını uşaq evinin qapısına qoyub qaçmaqla kimsəli kimsəsiz etdi onları. İllərlə, əsrlərlə, qərinələrlə kimsəli kimsəsiz etdik, yaşadığımız şəhəri, eli, obanı biganəliyimizlə. Kimsəli kimsəsiz etdik, YER ÜZÜNÜ, HƏYAT MİZANINI ! Beynimizə, qəlbimizə də kimsəli kimsəsiz damğasını vurduq. Milyon-milyon varlıqda döyünsə də ürək, dayanmadan irəli addım atmaq istəsə də beyn kimsəsi ola-ola, sadəcə fiziki anlam daşıdı. Dinimiz İSLAMI belə kimsəli kimsəsiz etdik. Çox evdə müqəddəs kitabımız “ QURANİ KƏRİM “ olsa da, yenə kimsəsizə döndü. Çünki vərəqlənmədi. GÖZLƏRİN və RUHUN QAZANILMIŞ NURUNA çevrilmədi. AZAN belə ikiyə bölündü bir şəhərdə. Məscidlərin çoxundakı vəziyyət Nəcəf Bəy Vəzirovun “ MÜSİBƏTİ-FƏXRƏDDİN “ faciəsindəki Fəxrəddin obrazının bir sözünü dönə-dönə xatırlatdı mənə:-“ HEYF, SƏNƏ, GÖZƏL İSLAM, HEYF ! “ 
 
     
   Məktəblərdə şagirdlərə sevgisiz yanaşmaqla, universitetlərdə auditoriyalar tələbələrə “ diplom sevdasını “ aşılamaqla elmimiz kimsəli kimsəsiz oldu. Valideynlər acımadan, cahilcəsinə qız övladlarını orta təhsildən belə uzaqlaşdırıb erkən nigaha məcbur etməklə gələcəyin neçə-neçə ümid çırağını söndürdü. Hətta qələm və ağ vərəqlər kimsəsizliyin bataqlığında boğuldu. Çünki onu tutan əllər heçliyi ilə kimsəli kimsəsizliyi yaşatdı cızma-qaraları daşıyan kağızlara...
   Yazdıqca bitməz kimsəli kimsəsizlərin bir-birindən fərqli ünvanları. Kimsəsizliyin ən dəhşətlisi İNSANLIĞIN kimsəli kimsəsizliyi oldu. Bəli, İNSANLIĞIN. UCA YARADAN Yer üzünün əşrəfini İNSAN adıyla yaratsa da, İNSANLIQ kimsəli kimsəsiz kimi tanındı !..

                                         

                                                                  YAQUT HÜSEYNOVA  





Thursday, September 10, 2015

“ ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN ”


   Hər bir şeydə bütünlük axtarırıq. Həyatda bütünlüyün arxasınca qaçırıq. Tamlığı yaratmaq üçün hərəmiz bir yolla dəridən-qabıqdan çıxırıq. BÜTÜNLÜYÜN, BÜTÖVLÜYÜN, TAMLIĞIN tərənnümünü təzahür etdirməyə, təsvirini sərgiləməyə çalışırıq yaşamımızla. Təəssüf ki, buna çox vaxt nail ola bilmirik. Səbəbini düşünürük. Niyə, nə üçün həyatımızda və mənəviyyatımızda bütünlüyün yaradıcısı ucalığına imza ata bilmirik? Aradıqca, səbəbin çox sadə olduğunu görürük. Bəs nədən bu sadəliyi var etmə gücünə malik deyilik ? Bütövlüyü, bütünlüyü, tamlığı, məhz KİÇİK HİSSƏLƏRİN NİZAMLI və MƏQSƏDYÖNLÜ DÜZÜLÜŞÜ YARADIR. Bu nizama, nəinki iki əlimizin, eyni zamanda düşüncə və hisslərimizin qabarları yol açır. Açılan yolları isə bütün maneə və cadarlardan qoruyaraq düzgün istiqamətləndirən, məhz ALIN TƏRİDİR! Təəssüf ki, alın təri hər simanın doğma cizgilərinə çevrilə bilmir. Bu məqamda bir həqiqət ortaya çıxır. TANRI SEVGİSİNDƏ NURLANMAYAN və ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN- BÜTÖVLÜYƏ cığır sala bilməz!

 
   Bütövlük haqda Cibran Xəlilin bir kəlamını vurğulamaq istəyirəm . O yazırdı:- “AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə, AMALIN nə olduğunu bilməyən AZADLIQ isə çaşqın ruha bənzəyir. “ Bütövlüyün əsas prinsipi olan bu üç anlayış varlığın təcəssümü olmaqla yanaşı, YER ÜZÜNÜN hansı mizan üzərində dayandığını izah edir. HƏYATIN, AZADLIĞIN, AMALIN bütövlüyünü ana torpağın sinəsini param-parça edən səngər yaralarını VƏTƏNƏ olan sevgimizdə sağaltmaqla və tökülən ŞƏHİD QANLARININ VİCDANIMIZDA saldığı izlərdə addımlamaqla yaradaq !

                                              

                                                                    YAQUT HÜSEYNOVA

Wednesday, September 9, 2015

“ İKİ FƏRQLİ ƏTİR ”



 Bu gün çox sevincliydi. Maaşını alacaqdı. Axşama qədər necə səbr edəcəyini düşündükcə gözləri gülürdü. Artıq illər idi ki, çalışırdı. Gənc olmasına baxmayaraq, yaşıdlarından yanaşmalarıyla çox fərqlənirdi. Ətrafında demək olar ki, kimsə yox idi. Çünki “ müasirləşən dünyanın “ çürük beynlərini daşıyanlar onun çevrəsində ola bilməzdi. Onun qəlbinə, düşüncələrinə yaxın isə yalnız və yalnız oxuduğu kitablar və sevdiyi məşğuliyyətləri idi. Kasıb bir ailədə göz açmışdı. Uşaqlıqdan həyatın bütün çətinliklərinin sınaqlarını görmüşdü. Qürur və məğrurluğu, zəhmət və alın tərini öyrətmişdi ona valideynləri. Hər kəsin sevimlisi idi. Səmimiyyətiylə qazanmışdı sevgi və hörməti. Qəlbi gözlərindən oxunurdu.
   Savadlı bir müəllim kimi şagirdlərinin sevimlisi idi. İbtidai sinif müəllimi olmağın çətinliyinin və məsuliyyətinin öhdəsindən çalışqanlığıyla hər zaman layiqincə gəlirdi.
   Yavaş-yavaş axşam düşürdü. Banuçiçək müəllim yoldaşı ilə maaşını alıb evə yollandı. Bir qədər getdikdən sonra müəllim yoldaşı ondan yolüstü mağazaya getməyi istədi. Beləcə onlar mağazaya girdilər. Şəhərin mərkəzində yerləşən bu mağazada bahalı ətir brendləri satılırdı. Banuçiçək ilk dəfəydi bura gəlirdi. Müəllim yoldaşı bahalı ətir brendlərinin birini göstərib:- “ Ən çox bu ətirdən istifadə edirəm . Bunu hər kəs ala bilmir. Brend işlətmək başqa zövqdu “- deyə, qürrələndi. Banu sadəcə susdu. Və müəllim adını daşıyan kolleqasının məntiqini başa düşməyə çalışdı. Sağollaşıb ayrılandan sonra , yolboyu dərin fikirlərlə irəliləyən Banu evə nə vaxt çatdığını belə hiss etmədi. Tez pul qabından maaşından ayırdığı bir miqdarda pulu götürüb qonşuya getdi. İşlədiyi gündən o bunu edirdi. Qonşuları həyat yoldaşını itirmiş, biri əlil olmaqla iki övladıyla kasıb evində tənha və köməksiz yaşayırdı. Banu salamlaşıb əlil arabasında ömrünün 17-ci ilini addımlayan Əli ilə görüşdü. Hal-əhval tutub , bir qədər onlarla söhbət etdi. Sonra kiçik köməyini Sevda  xalaya verib sevinclə evlərinə qayıtdı. 
    
   Anası qızının gözlərindəki sevinc dolu sualları görüb, nə olduğunu soruşdu. Banu olanları birər-birər anasına nəql etdi. Anası köks ötürüb, qızının saçlarına sığal çəkərək, yalnız bunları dedi :- “ Bax, qızım, həyat-sınaqlar meydanıdır. Bunu unutma, KİMİNİN ƏTRİNİN QOXUSU FANİ DÜNYADA DUYULUR, KİMİNİN İSƏ ƏMƏLLƏRİNİN GÖZƏLLİYİ AXİRƏTİNİ ƏBƏDİ ƏTİRLƏYİR !!! “
                                                          

                                                
                                                              YAQUT HÜSEYNOVA

 

Sunday, September 6, 2015

" İTİRİLMİŞ VİCDAN "

    Molla Nəsrəddini dərin fikirdən ayağının ağrısı ayıltdı :
-Bu nədir ? Ayağım nəyə dəydi ? Yaman ağrıtdı. Görən nəydi, ayağımı belə ağrıdan?
Yerə əyilib baxanda gördüyü mənzərə sarsıtdı onu. Daşa dəydiyini zənn etmişdi. Amma yerə düşəni, ayaqlar altında tapdananı görəndə dəhşətə gəldi. Vahimə bürüdü onu. " İTİRİLMİŞ VİCDAN " idi. Bəli , İTİRİLMİŞ VİCDAN !
- Eh dünya ! - deyib, Molla yolun kənarındakı ağacın kölgəsində oturdu. Yerdə inildəyən, onu itirənin yerinə xəcalət çəkən, utanan, daşındığı bir dəyərsizin etdiklərinin, heçliyinin töhmətini daşıyırdı İTİRİLMIŞ VİCDAN .
- Ayağımın altında qalması ağrını hiss etdirdi mənə . Görən onu itirən onun itirdiyinin fərqindədirmi?! Heç vaxt geri qaytara bilməyəcək, mənəviyyat didərgininə çevirərək ayaqlar altında tapdaq etdiyi VİCDANININ yoxluğunu duyurmu ?! Əsla yox! Dəyərini bilsəydi, yəqinki itirməzdi. Keşiyində layiqincə dayanardı. Məhz VİCDANIN saldığı yolları tanıyardı və addımlayardı...
İTİRİLMİŞ VİCDANI geri qaytarmaq mümkün deyil . Daha doğrusu , VİCDAN onu itirənin fiziki varlığında bərqərar olmağa yenidən can atmaz. Çünki o VİCDANDIR !!! İtirildisə , onu itirənin kimliyinin asıldığı DAR AĞACINA çevrilər .
Yazıma ən gözəl sonluq da məhz CİBRAN XƏLİLİN dediyi sözlərdir. O deyirdi:- " TANRI- ağıl dünyasının VİCDANIDIR ! "


                        
                                                          YAQUT HÜSEYNOVA

Friday, September 4, 2015

“ Bölünərək bütünləşən HƏYAT ÇARXI “



   Hər kəs həyata bir cür yanaşır. Onu hərə bir cür dərk edir. Adı bir olsa da, ona edilən xitablar müxtəlifdir. Kimi adına “ boş “ deyir, kimi “ beş günlük “ , kimi “ üç günlük “ , kimi “ yalan “ , kimi də “ mənasız “... Siyahını uzatmaq da olar. Bu müraciətlər sayəsində insan psixologiyası, yanaşma və dərk etməsi bəlli olur. Məhz bu adlandırmalar qalib və məğlubu tanıdır, insanı öz diliylə açır. Gah enilən , gah da bir göz qırpımında qət edilən pillələrə bənzədilir həyat. Onun haqqında çox yazılıb , çox deyilib. Amma yazılanların ən mükəmməli CİBRAN XƏLİLİN qələmiylə əsrlərin yaddaşına köçüb. O deyirdi:-“Mən insanları sevmişəm... Mənim qanunumda insanlar üç qisimdir; bir qisim – HƏYATI LƏNƏTLƏYİR, bir qisim – ona “ EŞQ OLSUN “ deyir, bir qisim də ONU DƏRK EDİR! Birinciləri BƏDBƏXTLİYİNƏ görə sevmişəm, ikinciləri ÜLFƏTİNƏ görə, ÜÇÜNCÜLƏRİ MÜDRİKLİYİNƏ görə! “
   Həqiqətən insanın həyata verdiyi adla malik olduğu mənəvi güc və bacarıqları müəyyən edilir. Verilən adlar gileyin, şikayətin, məğlubiyyətin, itkinin insan qəlbindəki izlərindən qaynaqlanır. Amma bu düzgün yanaşma deyil. Belə yanaşmayla özümüzü məhv etmış oluruq. Zəhmət və inamla qazana biləcəklərimizə məhz belə yanaşmamızla sədd çəkirik. Sonra da “edə bilmirik “ , “ edə bilmərik “ deyərək, xəyallarımızın, məqsədlərimizin, hədəflərimizin heçliyinə səbəb oluruq. Beləcə günahı həyata verdiyimiz adla üstümüzdən atırıq. Özümüzü aldatdığımızın fərqinə belə varmırıq. Daha doğrusu , bu fərqə varmada məsuliyyətsizlik və qorxaqlığımızın satirasındakı ifşa obyektinə çevrildiyimizi görməkdən qaçırıq. Amma dərk etmirik ki, bir-biriylə daim mübarizə aparan özümüzlə özümüzün söyləyəcəklərindən, eyni zamanda qarşımızda tutacağı aynadan qorxuruq. Özümüzdən qaçmaq məsələyə çözüm deyil. Əksinə daha da gücsüzləşməkdir. Cibran Xəlilin söylədiyim o gözəl aforizmindən sonra HƏYATIN ən mükəmməl adını, təsvirini, məğzini NLP elmində gördüm. Artıq 40 ildən çox bütün dünyada bir elm kimi qəbul edilən, inkişaf etdirilən, günümüzün ən böyük zərurətinə çevrilən NLP həyatı bir çarxa bənzədir. Səkkiz hissəyə bölünərək bütövləşdirdiyi bir çarxa. “ HƏYAT ÇARXI “ NLP elmində ən önəmli və ən əsas terminlərdən biridir. Yaşanan həyatı bütün aspektləriylə analiz edən, aydınlaşdıran, dərinlikləriylə açıqlayan, səkkiz vacib hissəyə bölərək bütövləşdirən “ HƏYAT ÇARXI “ deyərdim ki, mütəmadi olaraq ağ vərəyə şəxsi analiz və düzgün qiymətləndirməmizlə bizi bizə tanıdacaq təsvirimizə dönməlidir. Çünki bu təsvir vasitəsilə istədiyimiz nəticələrə qol çəkə bilərik. Həyatımızın hansı yönündə zəifliyin, hansında geriliyin, hansında daha çox durğunluğun, hansında isə qənaətbəxş göstəricinin olduğunu müəyyənləşdirməklə hər anımızı praqmatik şəkildə nizamlamağı öyrədir bizə“ HƏYAT ÇARXI “ . 
   
    NLP elə bir sirli aləmdir ki, insana özünü kəşf və təsdiq etməyə stimul verir. Bu elmi təbliğ edən yaşam kouçuların insanlıq və güvəniləcək gələcək naminə təmənnasız gördüyü böyük xidmətləri dəyərləndirməyi bacaraq, yetərincə bəhrələnək !
   
                                                   

                                                                    YAQUT HÜSEYNOVA