Bu gün çox sevincliydi. Maaşını alacaqdı. Axşama qədər necə səbr edəcəyini
düşündükcə gözləri gülürdü. Artıq illər idi ki, çalışırdı. Gənc olmasına
baxmayaraq, yaşıdlarından yanaşmalarıyla çox fərqlənirdi. Ətrafında demək olar
ki, kimsə yox idi. Çünki “ müasirləşən dünyanın “ çürük beynlərini daşıyanlar
onun çevrəsində ola bilməzdi. Onun qəlbinə, düşüncələrinə yaxın isə yalnız və
yalnız oxuduğu kitablar və sevdiyi məşğuliyyətləri idi. Kasıb bir ailədə göz
açmışdı. Uşaqlıqdan həyatın bütün çətinliklərinin sınaqlarını görmüşdü. Qürur və
məğrurluğu, zəhmət və alın tərini öyrətmişdi ona valideynləri. Hər kəsin
sevimlisi idi. Səmimiyyətiylə qazanmışdı sevgi və hörməti. Qəlbi gözlərindən
oxunurdu.
Savadlı bir müəllim kimi şagirdlərinin sevimlisi idi. İbtidai sinif müəllimi
olmağın çətinliyinin və məsuliyyətinin öhdəsindən çalışqanlığıyla hər zaman
layiqincə gəlirdi.
Yavaş-yavaş axşam düşürdü. Banuçiçək müəllim yoldaşı ilə maaşını alıb evə
yollandı. Bir qədər getdikdən sonra müəllim yoldaşı ondan yolüstü mağazaya getməyi
istədi. Beləcə onlar mağazaya girdilər. Şəhərin mərkəzində yerləşən bu mağazada
bahalı ətir brendləri satılırdı. Banuçiçək ilk dəfəydi bura gəlirdi. Müəllim
yoldaşı bahalı ətir brendlərinin birini göstərib:- “ Ən çox bu ətirdən istifadə
edirəm . Bunu hər kəs ala bilmir. Brend işlətmək başqa zövqdu “- deyə, qürrələndi.
Banu sadəcə susdu. Və müəllim adını daşıyan kolleqasının məntiqini başa düşməyə
çalışdı. Sağollaşıb ayrılandan sonra , yolboyu dərin fikirlərlə irəliləyən Banu
evə nə vaxt çatdığını belə hiss etmədi. Tez pul qabından maaşından ayırdığı bir
miqdarda pulu götürüb qonşuya getdi. İşlədiyi gündən o bunu edirdi. Qonşuları həyat
yoldaşını itirmiş, biri əlil olmaqla iki övladıyla kasıb evində tənha və köməksiz
yaşayırdı. Banu salamlaşıb əlil arabasında ömrünün 17-ci ilini addımlayan Əli
ilə görüşdü. Hal-əhval tutub , bir qədər onlarla söhbət etdi. Sonra kiçik köməyini Sevda xalaya verib sevinclə evlərinə qayıtdı.
Anası qızının gözlərindəki sevinc dolu sualları görüb, nə olduğunu soruşdu. Banu olanları birər-birər anasına nəql etdi. Anası köks ötürüb, qızının saçlarına sığal çəkərək, yalnız bunları dedi :- “ Bax, qızım, həyat-sınaqlar meydanıdır. Bunu unutma, KİMİNİN ƏTRİNİN QOXUSU FANİ DÜNYADA DUYULUR, KİMİNİN İSƏ ƏMƏLLƏRİNİN GÖZƏLLİYİ AXİRƏTİNİ ƏBƏDİ ƏTİRLƏYİR !!! “
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment