KİMSƏLİ KİMSƏSİZ ETDİK, ana-atamızı lazımsız əşya tək
qocalar evinin soyuq divarlarına, yollara boylanan pəncərəsinə sirdaş etməklə.
Kimi qəddarcasına günahsız körpəsini zibil qutusuna atmaqla, kimi də övladını
uşaq evinin qapısına qoyub qaçmaqla kimsəli kimsəsiz etdi onları. İllərlə, əsrlərlə,
qərinələrlə kimsəli kimsəsiz etdik, yaşadığımız şəhəri, eli, obanı biganəliyimizlə.
Kimsəli kimsəsiz etdik, YER ÜZÜNÜ, HƏYAT MİZANINI ! Beynimizə, qəlbimizə də
kimsəli kimsəsiz damğasını vurduq. Milyon-milyon varlıqda döyünsə də ürək, dayanmadan
irəli addım atmaq istəsə də beyn kimsəsi ola-ola, sadəcə fiziki anlam daşıdı.
Dinimiz İSLAMI belə kimsəli kimsəsiz etdik. Çox evdə müqəddəs kitabımız “
QURANİ KƏRİM “ olsa da, yenə kimsəsizə döndü. Çünki vərəqlənmədi. GÖZLƏRİN və
RUHUN QAZANILMIŞ NURUNA çevrilmədi. AZAN belə ikiyə bölündü bir şəhərdə. Məscidlərin
çoxundakı vəziyyət Nəcəf Bəy Vəzirovun “ MÜSİBƏTİ-FƏXRƏDDİN “ faciəsindəki Fəxrəddin
obrazının bir sözünü dönə-dönə xatırlatdı mənə:-“ HEYF, SƏNƏ, GÖZƏL İSLAM, HEYF
! “
Məktəblərdə şagirdlərə sevgisiz yanaşmaqla, universitetlərdə auditoriyalar tələbələrə “ diplom sevdasını “ aşılamaqla elmimiz kimsəli kimsəsiz oldu. Valideynlər acımadan, cahilcəsinə qız övladlarını orta təhsildən belə uzaqlaşdırıb erkən nigaha məcbur etməklə gələcəyin neçə-neçə ümid çırağını söndürdü. Hətta qələm və ağ vərəqlər kimsəsizliyin bataqlığında boğuldu. Çünki onu tutan əllər heçliyi ilə kimsəli kimsəsizliyi yaşatdı cızma-qaraları daşıyan kağızlara...
Yazdıqca
bitməz kimsəli kimsəsizlərin bir-birindən fərqli ünvanları. Kimsəsizliyin ən dəhşətlisi
İNSANLIĞIN kimsəli kimsəsizliyi oldu. Bəli, İNSANLIĞIN. UCA YARADAN Yer üzünün əşrəfini
İNSAN adıyla yaratsa da, İNSANLIQ kimsəli kimsəsiz kimi tanındı !..
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment