Thursday, September 10, 2015

“ ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN ”


   Hər bir şeydə bütünlük axtarırıq. Həyatda bütünlüyün arxasınca qaçırıq. Tamlığı yaratmaq üçün hərəmiz bir yolla dəridən-qabıqdan çıxırıq. BÜTÜNLÜYÜN, BÜTÖVLÜYÜN, TAMLIĞIN tərənnümünü təzahür etdirməyə, təsvirini sərgiləməyə çalışırıq yaşamımızla. Təəssüf ki, buna çox vaxt nail ola bilmirik. Səbəbini düşünürük. Niyə, nə üçün həyatımızda və mənəviyyatımızda bütünlüyün yaradıcısı ucalığına imza ata bilmirik? Aradıqca, səbəbin çox sadə olduğunu görürük. Bəs nədən bu sadəliyi var etmə gücünə malik deyilik ? Bütövlüyü, bütünlüyü, tamlığı, məhz KİÇİK HİSSƏLƏRİN NİZAMLI və MƏQSƏDYÖNLÜ DÜZÜLÜŞÜ YARADIR. Bu nizama, nəinki iki əlimizin, eyni zamanda düşüncə və hisslərimizin qabarları yol açır. Açılan yolları isə bütün maneə və cadarlardan qoruyaraq düzgün istiqamətləndirən, məhz ALIN TƏRİDİR! Təəssüf ki, alın təri hər simanın doğma cizgilərinə çevrilə bilmir. Bu məqamda bir həqiqət ortaya çıxır. TANRI SEVGİSİNDƏ NURLANMAYAN və ALIN TƏRİNDƏ İSLANMAYAN VİCDAN- BÜTÖVLÜYƏ cığır sala bilməz!

 
   Bütövlük haqda Cibran Xəlilin bir kəlamını vurğulamaq istəyirəm . O yazırdı:- “AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə, AMALIN nə olduğunu bilməyən AZADLIQ isə çaşqın ruha bənzəyir. “ Bütövlüyün əsas prinsipi olan bu üç anlayış varlığın təcəssümü olmaqla yanaşı, YER ÜZÜNÜN hansı mizan üzərində dayandığını izah edir. HƏYATIN, AZADLIĞIN, AMALIN bütövlüyünü ana torpağın sinəsini param-parça edən səngər yaralarını VƏTƏNƏ olan sevgimizdə sağaltmaqla və tökülən ŞƏHİD QANLARININ VİCDANIMIZDA saldığı izlərdə addımlamaqla yaradaq !

                                              

                                                                    YAQUT HÜSEYNOVA

No comments:

Post a Comment