Monday, December 29, 2014

" QƏLƏBƏMİZLƏ "

Həm   sevinc ,  həm  uğur ,  həm  sınaq   kimi ,
Bir  il  də  beləcə   ötdü   ömürdən !
Payızda  tökülən  bir   yarpaq   kimi ,
Bir   il  də    beləcə  ötdü   ömürdən !


Səngərdə   keçrilən   Yeni   ili   biz ,
Şuşada   qeyd   edək   QƏLƏBƏMİZLƏ !
Torpağa   tökülən   şəhid   qanının , 
Qisasın    alaq    biz   QƏLƏBƏMİZLƏ !


                                               
                                             YAQUT    HÜSEYNOVA

Saturday, December 27, 2014

" YOLLAR " ( yeni yazım )

.....  Getdiyimiz  yollara  fərqli  anlamı ,  məhz  atılan  addımlar  gətirir ......


Thursday, December 25, 2014

" ÖMRÜMÜZƏ GƏLƏN İLLƏR ... "


   Saatın   əqrəbləri  ilin  son  anlarını  sehrli  səsində  yekunlaşdırır . Yaşananlar , yaşatdıqlarımız , qazandıqlarımız  və  itirdiklərimiz   düzgün  nəticələrə   gətirib  
çıxarır   düşüncələrimizi ,  ələlxüsus   verəcəyimiz  qərarları .  Alman  filosofu  
İmmanuil   Kant   söyləyirdi   ki : - " ZAMAN   səssiz  mişardır ! "  Vaxt   və  zaman   
haqqında   deyilən   aforizmləri   vərəqlədikcə ,  bu  kəlamda  bütün  
söylənilənlərdən  yığcam ,  amma  daha  güclü   bir  məqamın  əksini   görmək   
mümkündür . Həqiqətən  zaman  dayanmadan , aman   dinləmədən  səssizcə  keçib
gedir . Kimi  aldanar  onun  səssizliyinə ,  fəqət , itkisini , acisini   bir  ömürboyu   
çəkər . Həyat  amalını  qətiyyətlə  saf   niyyətlərində  müəyyənləşdirənlər  isə   
zamanla  eyni  vaxtda addımlamağı   bacarar . Zamanı   verilən   ömür   payında  
düzgün  dəyərləndirməyi ,  onu  doğru  yolda  sərf  edərək  varlığını    yaddaşlara ,  
ürəklərə   sevgi ,  hörmət   və  ehtiramla   yazmağı   bacarmaq   insanın   mənəvi  
ucalığından   xəbər   verir .
   Daha   bir   ili  geridə   qoyduq .  365   günlük    kiçik   zaman   kəsiyinin  artıq  
son  saatlarını yaşayırıq .  Yaşanmış  daha   bir  il   xatirəyə  dönərək  yaddaşımıza  
köçdü .  Bəşəriyyətin , Yer üzünün   keçib   gəldiyi   siyasi ,  iqtisadi ,  mədəni   
tənəzzül   və   tərəqqi  dolu   2014 - cü  il  tarixə qovuşdu .  Sonsuz  arzularla ,  
tükənməz  ümidlərlə , daha  qətiyyətli  məqsəd  və  addımlarla  2015 - ci  ilə qədəm   
qoyuruq. Ömrümüzün   yepyeni   səhifəsi   açılır . Uğurlu   nəticələr   mətin  addım  
və  qərarlara bağlıdır . Nənəm  axıska  türkü  idi . Axıska  ədəbiyyatından  dönə - 
dönə  işlətdiyi  bir  sözü heç  vaxt  unutmaram : - " ZAMAN  sənin  həyatında  deyil ,
sən  ZAMANDA  iz  sala  biləsən ! "



    31   dekabr   Azərbaycan  tarixində  Yeni  il  bayramıyla  yanaşı ,  Dünya
Azərbaycanlılarının  Həmrəylik   Günü  kimi  qeyd  olunur .  1991 - ci  ilin   dekabr  
ayının  16 - da  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  Heydər   
Əliyev  dünya  azərbaycanlılarının  birliyini  yaratmağın  zəruri  olduğunu  nəzərə   
alaraq ,  31   dekabrı  HƏMRƏYLİK  GÜNÜ  elan  etdi .  Və   o  gündən  Həmrəylik   
Günü  çoxmilyonluq  Azərbaycan   Diasporunun    əziz    bayramlarından   biri   
olaraq , dünyanın   hər  bir ölkəsində  yaşayan  azərbaycanlıların   birlik  rəmzinə  
çevrildi . Ümummilli  Liderin   bu  tarixi   anı    yaratmasında   əsas  ideya , önəmli  
məqam ,  məhz   ilin  son  gününü   " GÜCÜMÜZ  HƏMRƏYLİKDƏDİR ! "  söyləyib ,
yeni  ilə  də  bu   amalla  addımlayaraq , işğal  altında  olan  yurd  yerlərimizdə  üç  
rəngli   bayrağımızı   dalğalandırmalıyıq  çağırışıdı !


                                                                         
                                                                 YAQUT    HÜSEYNOVA


QƏDRİYYƏ QULİYEVA : - " Göstərilən etimadı doğruldacağam ! "

 
   Artıq  bələdiyyə  seçkilərinin  nəticələri  müəyyənləşdi . Şirvan   şəhər  
bələdiyyəsi  üzvlüyünə namizədliyi  qeydə  alınan  55  nəfərdən  17 - si   səs   
çoxluğuyla  qalib  gəldi .  Demokratik , şəffaf  və  azad  şəraitdə  keçirilən  
seçkilərdə  qələbəni   qazananlardan  biri  də  Quliyeva   Qədriyyə  Ramiz  qızıdır . 
   

   Şəhərimizin  fəal  gənclərindən  olan   Qədriyyə  Quliyeva  1988 - ci  il   iyulun  
22 - də  Əli   Bayramlı  ( Şirvan )  şəhərində  dünyaya  göz  açıb .  2006 - cı  ildə   
Mübariz   İsrailov  adına  18  nömrəli   tam  orta  məktəbi  uğurla  bitirərək ,  
Lənkəran  Dövlət   Universitetində  tarix  və  ictimaiyyət  ixtisası  üzrə  qiyabi  
təhsil  alıb .  2008 - ci   ildən   2014 - cü  ilin  sentyabr  ayına  qədər  Şirvan  şəhər  
Tarix - Diyarşünaslıq   Muzeyində  böyük  elmi  işçi  kimi  çalışıb . O ,  şəhərimizin  
ictimai  həyatında  fəal   iştirakıyla  hər  zaman  fərqlənib . Tarix muzeyində  
keçirdiyi  tarix  dərsləri  şəhər məktəblilərinin   tariximizin   daha  dərindən 
öyrənməsinə  daima  yardımçı  olub . 2014 - cü  ildə   müəllimlərin   işə  qəbulu  
üzrə imtahana  qatılaraq  müvəffəqiyyət  qazanıb .  
   Hal - hazırda  Qədriyyə  Quliyeva  Sabirabad   rayonu  Çöl  Beşdəli   kənd  
orta  məktəbində   müəllim  işləyir . Qədriyyə  xanım  ona  bu seçkilərdə  etimad  
göstərən  hər  kəsə  təşəkkürünü  bildirərək   qeyd   edir   ki , bələdiyyə  üzvü  kimi
əsas  məqsədim  mənə  göstərilən  etimadı  layiqincə  doğruldaraq  müstəqil  
Azərbaycanın  milli mənafeyi   naminə  suverenliyimizin  inkişaf  və 
möhkəmlənməsinə  bütün  qüvvəmlə çalışacağam !


                                                                      YAQUT     HÜSEYNOVA
  

Monday, December 15, 2014

SƏADƏT QULİYEVA : - " Daha bir uğura imza atdıq ! "

  - " Artıq   2014 - cü   ilin   son  günlərini  yaşayırıq .  Yaşanan   hər  il ,  hər   gün ,  
hər  an  həyatımızdakı   iziylə  yaddaşımıza  köçür .  Amma  bu  günlərdə  
qazandığımız   nailiyyət   varlığımızı  bir  daha   sübut  etdi .  " İLİN  ƏN  YAXŞI  
MƏKTƏBİ "  müsabiqəsinin  qalibi olduq . Sevincimizin   həddi - hüdudu   yoxdur .  
Çünki  bu  müvəffəqiyyət  bütün kollektivimizin   gərgin  zəhmətinin  və müəllimlik  
adına  duyduqları  məsuliyyətin  nəticəsidir . "  Səadət  Quliyeva  gözlərindəki  fəxr  
hissini ,  sözlərinə  köçürdüyü  sevinci  müsahibədə  bir  daha   dilə  gətirdi :



  - Məktəbimizin  nailiyyətləri  mənə  imkan  verdi  ki ,  bu  müsabiqəyə  qatılaq . 
Müsabiqə  üç  mərhələdən  ibarət  idi . 91  məktəb  iştirak  edirdi . Şirvan  
şəhərindən  biri  bizim  məktəb  olmaqla  iki  məktəb  qatılmışdı  müsabiqəyə . 
Bəhruz  Aslanov  adına  16  nömrəli  tam  orta  məktəb  və  biz  " İLİN  ƏN  
YAXŞI  MƏKTƏBİ " müsabiqəsinin  qalibi  olduq . Bu  şəhərimizin təhsil   
sistemində   qazandığı  növbəti  tarixi  uğurdu .  I mərhələ  Təhsil  Nazirliyinə   
məktəbin  göstəriciləri ,  yəni  cari   ildə  əldə  etdiyi  nailiyyətlər   haqqında   
sənədlərin  təqdimatından  ibarət  idi . Qürurla  qeyd  etmək  istəyirəm   ki ,  
rəhbəri  olduğum  21  nömrəli  tam  orta  məktəbin  tələbə  qəbulu  üzrə  bu  ilki  
nəticələri   şəhər   məktəbləri  arasında  birinci  yerdədir . 
 
 
    II  turda  məktəblərin  hansı  layihələrdə  iştirak  etməsi   ilə   əlaqədar  seçim   
qarşıya  qoyulmuşdur .  61  məktəbin  mübarizə  apardığı   bu  turda ,  İNEPO - da  
bürünc  medal  qazanmağımız , ingilis  dilinin  intensiv  tədrisi  ilə  bağlı  " XXI   əsr  
üçün  müəllim "  layihəsindəki   artıq  iki  ilə  yaxın  olan  qazandıqlarımız  daha bir  
sevinci  yaşatdı  bizə . 


   Eyni  zamanda   Təhsil   Nazirliyində  müəyyən  olunmuş  komissiya  qarşısında  
on  dəqiqəlik  məruzə  etməliydik . 9  və  11- ci  siniflərin  buraxılış  imtahanlarının  
nəticələrinə  görə  qiymətləndirilən  sonuncu  həlledici  məqamda, nəhayət , bütün  
səd   və  pillələri   inamla  keçərək  " İLİN  ƏN  YAXŞI   MƏKTƏBİ  " adını  
qazandıq ! " Ümumulikdə  50  ümumtəhsil  məktəb  bu  ada  layiq  görülüb .
     Daha  böyük  qələbələr  arzusuyla , 

                                                                 YAQUT  VAFİQQIZI .

Saturday, December 13, 2014

KÖLGƏ

Diqqətlə  yanaş  ki ,  hər  bir  sözünə ,
Nahaqdan   kimsəni  incitməyəsən .
İnan   zəhmətinə , güvən  özünə ,
Özgə  kölgələrdə  sən  itməyəsən !


                        Kimliyin , mənliyin , ruhun ,  əqidən ,
                        Dəyişkən   olmasın   fəsillər  kimi !
                        Köklənsə ,   Vətənə   hər   bir   məqsədin ,
                        Tarixə    iz   salar ,  əsrlər  kimi .


Çalış   ki ,   özün   ol , təqlid   eləmə ,
Varlığın    puç  olar   təqlidlərində !
Əyrini - doğrunu   tanıt  qələmə ,
Həqiqət   çözülsün   tənqidlərində !



                                                           YAQUT    HÜSEYNOVA 



Thursday, December 11, 2014

TURAN CAVİD : - " O MƏHV OLMUŞ AZƏRBAYCANI YENİDƏN YARATDI ! "

" Dövlətin  başçısı  onun  taleyidir . "  Bu  bir   həqiqətdir .  Çünki  hər  bir  dövlətin  
idarə  olunması ,  milli   rifahı ,  suverenliyi   ona  rəhbərlik   edənin  şəxsiyyətindən
çox  asılıdır .  Heydər  Əliyev  də  belə  öndər  idi . Dövlətimizin  gələcəyini  atdığı   
hər  addımda  düşünən , torpağını    sevən ,  müstəqil   Azərbaycanı  bütün  
dünyaya  tanıdan ,  xalqımızın  haqq  səsini  beynəlxalq   aləmə   qətiyyətilə   
çatdıran  vətənpərvər  idi   o . 
     
                              O  ulu  dahinin ,  sirli  qalanın ,
                              Ömrü  əsrləri  ötən  boydadır .
                              Özü  AZƏRBAYCAN   boyda  olanın ,
                              İtkisi  ağırdır - VƏTƏN   boydadır !
                                                               
                                                              ( Vaqif  Məmmədov )   
   
   Ümummilli  Liderin  anım  günü  ərəfəsində ,  vaxtilə   onunla  görüşən  
həmyerlimiz   Şirvan  şəhər  COL - un  Əməyin  mühafizəsi  və  təhlükəsizliyi  
şöbəsinin   mühəndisi   Zemfira   Məmmədova  ilə   həmsöhbət   olduq .  
Şəhərimizin   ictimai  həyatında  əməyi   ilə   öz  sözünü  deyən  qadınlarımızdan  
olan  Zemfira   xanım  söhbətə   bu  misralarla  başladı :



- Gəldi   əbədilik  ömür  qazandı ,
  Getdi   əbədiyyət   dünyasına  o !
Vətənim  demək   azdır ,  Vətənin   olmaq  gərək - deyimini   ömrünün ,  fəaliyyətinin
başlıca   məqsədinə   çevirdi  Ümummilli  lider . Onunla  iki  dəfə  görüşmüşəm .  
1978 - ci  ildə  Heydər  Əliyev   Əli    Bayramlıya ( indiki  Şirvan  şəhərinə )  gələndə
mən  " Günəş "  uşaq   bağçasında    tərbiyəçi   işləyirdim .  Ümummilli  Lider   və  
onunla  Bakıdan   gələn  qonaqları  qarşılamaq  üçün  mənə  rəhbərlikdən  tapşırıq  
verildi .  Qrup  uşaqlarımla  birinci  biz  qarşılamalı  idik . Həmin   gün  Əli  Bayramlı
şəhər  dəmiryol    vağzalında  izdiham  vardı . Heydər  Əliyevi   böyük  ehtiramla  
qarşıladıq . Uşaqlar   gül  dəstələrini   qonaqlara   təqdim  etdi . Mehribanlıq   və  
nəvazışlə  uşaqlarla  bir  qədər   söhbət    etdikdən  sonra ,  o    bu  uşaqların  
müəlllimi  kimdir ,  deyə  səsləndi .
    - Mənəm , dedim .
    - Çox  gözəl . Sənin  adın ,  familiyan  nədir ?
    - İsgəndərova    Zemfira    Təhlət  qızı .
... O görüş  həyatımın  ən  gözəl   xatirəsidir . Çünki   bir  gənc  kadr  kimi  onunla  
görüşə    nail  olmuşdum ,  eyni  zamanda  Ulu  öndərlə  etdiyim   qısa  söhbətin  
qazandığım  bütün   uğurlarda  izi  var .
 

  İllər  sonra  yenidən  Heydər  Əliyevlə  görüşmək  qismət   oldu   mənə . 1992 - ci  
ilin  yayı  idi .  Bakıda  idim .Azərbaycanın  çətin  günləri  idi .  Birdən  bir  neçə  
adamla  Heydər  Əliyevin  bizə  sarı  gəldiyini   gördüm .  Mən  yaxınlaşıb  salam  
verdim . Salamlaşdıqdan  sonra  o   soruşdu :
    - Nə  işlə   məşğulsan ,  hardansan ?
Mən   1978 - ci  ildə  olan  görüşümüzü  xatırlatdım . O  isə   təmkinlə ,  yadımdadır ,
dedi . Onunla   bir  qədər   söhbət   edə - edə  Əliağa  Vahidin  büstünün  yanında  
dayandıq . O məndən  soruşdu :
 - Bu  kimin  büstüdür ?
 - Əliağa  Vahidindir .
 - Familiyasını , adını  tam  de . 
- İsgəndərov  Əliağa - Vahid  təxəllüsüdür .
- Bəli , İsgəndərova . Mən  sizi  xatırlayıram .
Sonra  söhbət  dəyişdi . Bu  büstün  yeri  bura  deyil .  Bakıya  gəlsəm  bunun  yerini dəyişəcəm...
    Bu  iki  görüş  həyatımın  unudulmaz  anlarıdı . Bir  daha  onun  xatirəsi  önündə  
dərin  ehtiramla  baş  əyirəm !
     Yazımı  Turan  Cavidin   bir  sözüylə  bitirmək  istəyirəm . Çünki  bu  fikir  
Ümummilli  Liderin  ucalığının  ən  gözəl   ifadəsidir : - " O  məhv  olmuş  
AZƏRBAYCANI  yenidən  yaratdı ! "


( Yazı  Şirvan  şəhər  Heydər  Əliyev  Mərkəzinin  Tədqiqat  qrupunun  fonduna  
daxil  edilib . )

                                          YAQUT     HÜSEYNOVA

" QƏLBLƏRDƏ YAŞAYAN DAHİ "

  " Ən  böyük  şəxsiyyətlər  özündən  çox ,  mənsub  olduğu   cəmiyyəti  düşünən ,  
onun  varlığının  və  xoşbəxtliyinin   qorunması  üçün  həyatını  qurban  verən  
insanlardır . "  Mustafa    Kamal   Atatürkün  bu   kəlamı  türk   dünyasının   nadir   şəxsiyyətlərindən  olan  Heydər   Əliyevin   həyat   yolunu   aydın   şəkildə   
təcəssüm  etdirir . Ulu  öndər  XX  əsrdə  Azərbaycan  xalqının  yetirdiyi  ən  parlaq
sima   olaraq ,  nəinki    millətimiz ,  habelə   bütün  dünya   tərəfindən  qəbul  edilir
və  qiymətləndirilir .  O ,   həyatını  Azərbaycanın  tərəqqisinə ,  beynəlxalq  aləmdə tanınmasına , dövlətçiliyimizin  möhkəmləndirilməsinə    və   demokratik   dövlət 
quruculuğuna  həsr   etmişdir .  
   

  Ulu  öndərin  anım  günü  Şirvan  şəhər  Heydər  Əliyev  Mərkəzində   qeyd  
olundu . Dövlət    himni   səsləndikdən  sonra  mərkəzin   böyük   elmi  işçısı  
Aynur   Fərzəliyevanın  çıxışı  dinlənildi . " Qəlblərdə    yaşayan   dahi "  
mövzusundakı   nitqində  Ümummilli  liderin   parlaq  dühasının   müstəqil   
Azərbaycan  dövlətinin  hər  bir  sahəsində  izi  olduğunu  qeyd  etdi . Natiq   
vurğuladı  ki ,  məqsəd  və  amalı  Azərbaycanı   hərtərəfli   inkişaf  etmiş   
müstəqil ,  dünya   birliyində  tanınan  bir  dövlət  kimi   görmək  idi . Siyasətə   
qədəm   qoyduğu   ilk  gündən   VƏTƏN  üçün   addımladı . İmzalar   içində  
imzası ,  bayraqlar   içində   bayrağı   olan  Azərbaycanı  yaratdı .
 

   " Azərbaycanda   qadın  siyasəti "  mövzusunda  mərkəzin  direktoru   Samirə  
Abışovanın  çıxışı   da    maraqla  qarşılandı .  " Azərbaycan  qadını  tarix  boyu   
zəkası , namusu ,  isməti ,  fədakarlığı ,  vətənpərvərliyi  ilə ,  vətəninə , torpağına  
olan  hədsiz  məhəbbəti    və  gözəlliyi  ilə  tanınmışdır . "  Ulu  öndərin  bu  sözləri  
Azərbaycan  qadınına  verilən  ən  layiqli  qiymətdir  , söyləyən   Samirə  xanım   
ölkəmizdə  həyata  keçirilən  qadın  siyasətinin  bütün  məqamlarına  diqqəti 
yönəltdi .  Vurğuladı  ki ,  tariximizə  şərəfli   adıyla ,  sənətiylə ,  gördüyü   işlərlə
iz   qoyan   qadınlarımız  arasında  həmyerlilərimiz  də  var . Onlardan  ilk  
maarifpərvər  qadınlarımızdan  olan  Sona  Babayeva ,  tanınmış  həkim   Lidiya   
Gerogiyevna   Kurdikova ,  fəlsəfə  elmləri   doktoru   Rəna   Mirzəzadə ,  Şirvan  
şəhər  musiqi  məktəbinin  şöbə  müdiri   Şəfaqət   Hacıyeva , Şirvan  şəhər  Tarix - Diyarşünaslıq  muzeyinin  direktoru  Gülşən  Vəliyeva  və  Şirvan  şəhər  Mərkəzi  
Mədəniyyət  evinin  direktoru  Elmira  Həsənova  haqqında  məlumat  verdi . 
   Tədbirdə    Şirvan  şəhər  Mərkəzi  Kitabxananın  uşaqlarla  iş  üzrə  direktor  
müavini  Vəzifə  Xudiyeva , Regional  özəl  məktəbəqədər  MMC  və  " Ziya "  
kurslarının  direktoru  Təranə   Əhməd  və  fəal  gənc  Talib  Nuriyev  çıxış  etdi . 
Anım  günündə  Sadıq  Hüseynov  adına  1   nömrəli   məktəb - liseyin  təşkilatçısı ,
tarix  müəllimi  Elnur  Novruzovun  rəhbərliyi  ilə  hazırlanmış bədii   kompozisiya məktəblilərin  ifasında  təqdim  olundu .
    

     ( P.S.  Yazıda  istifadə  olunmuş  şəkillər   facebook.com  sosial   şəbəkəsində  
olan   Şirvan  şəhəri   səhifəsindən   götürülüb . Fotoların  müəllifi : İsmayıl Abbas )                                            
                                                           
                                                           YAQUT     HÜSEYNOVA

Wednesday, December 3, 2014

MÜƏLLİFİNİ YARATMADAN YARANAN " KİTABLAR " .

    Bircə   anını  belə  kitabxana   rəflərindən  kitab  götürüb   oxumaqla  keçməyən  
həyat  həyat   həyat   deyil ,  sadəcə   üst - üstə  gələn  illər   yığınıdır . Çünki  kitab,  
mütailə  ən  gözəl   mənəvi  qidadır .  Kitabxanaların   birində  şahidi   olduğum   bir
hadisə  mənə   çox    qəribə   göründü .  Nə  düşünəcəyimi   bilmədim .  İzlədiyim  
bu   olay  Azərbaycan   ədəbiyyatı tarixində   uca   məqama   qovuşmuş   və   hər   
bir   zamanın   güzgüsü    olan   " Molla  Nəsrəddin "  jurnalının   sətirlərində   
canlandırılan   obrazları   xatırlatdı   mənə .  İçimdən  bir    sızıltı  keçdi : 
- " ALLAH   rəhmət  eləsin   MİRZƏ   CƏLİLƏ ! "  Görəsən ,  gördüyüm  
mənzərəni   izləsəydi   yazacağı   növbəti   fleytonunun   adı   necə  olardı ...
    Bəxtiyar   Vahabzadənin  kitabın   vərəqləyirdim .  İçəri   yaşı   əllidən   çox  olan  
bir   nəfər   daxil   oldu . Əvvəlcə   kitab   istədi   və  ktab  gətirilənə  qədər    
kiatabxananın  sərgi   bölməsində   qoyulan   kitablara   nəzər   saldı . Birdən : 
-  Bəs  mənim   kitabxanaya  hədiyyə  etdiyim  yeni  kitabım   niyə   bu  sərgiyə   
qoyulmayıb ?  Burdakı   kitablardan  daha   yaxşı    görünür ,  deməsi   hər   kəsi   təəccübləndirdi . Kitabxana  işçiləri   yüksək   mədəniyyət   və   səbrlə   məsələyə   
aydılıq   gətirdilər .  Bildirildi  ki ,  hər   bir  işin  öz prinsipləri   olduğu  kimi ,  
kitabxana   sisteminin   də  özünəməxsus   qayda  və   qanunları   mövcuddur .  
Sərgi   bölməsində  hər   hansı  kitabın   yerləşdirilməməsi   fonda  həmin   kitabın 
daxil   edilmədiyi   anlamına  gəlmir !
   
   
   Həmin   müəllifi   ilk   dəfəydi   görürdüm .  İsrarla   sərgidə  yerləşdirilməlidir ,  
dediyi   kitab   hansıdır  deyə ,  maraqlandım .  Məğzi ,  məramı ,  bədii - estetik   
tutumu   olmayan  nəşri   əlimdə   tutmuşdum .  Sadəcə   itirilmiş   zamanın   
dırnaqarası   bəhrəsi   idi ,  bu   korlanmış   vərəqlər .  Ustad   şair   və   
yazıçılarımızın  mənəvi   əzəmətinin ,  poeziya   və   nəsr   dünyasının   ucalığının ,  
cəmiyyətə   aşıladıqları   bəşəri   duyğularının ,  illər ,  əsrlər  ötsə  belə  qəlblərdəki əbədiyyətinin   qarşısında  dönə - dönə   baş   əydim .  Doğrudan   da   gözəl   kitab
gözəl    cəmiyyət   kimi   duyğuları   və   əxlaqı   tərbiyələndirir ,  nəcibləşdirir ,  
müəllifini   isə   yaddaşlarda   daim   ucaldaraq   yenilməz   edir .  Danılmaz  fakt  
budur  ki ,  hər   bir   kitabın ,  əsərin   ömrü   onun  xalq   tərəfindən   bəyənilməsindən   asılıdır .  Bir   şeirdə   deyildiyi   kimi :

                     Hər   sözü   bir  ulduz ,  bir  şəffaf    almaz ,
                     Mənalar   dünyası   qaranlıq   deyil .
                     Bax ,  böyük   kitablar   yaranır    tək - tək ,
                     Çünki    ömürlükdür ,  bir   anlıq   deyil !

   Hər  gün   dünyada  milyonlarla  kitab  çap  edilir ,  satılır ,  müzakirə    olunur .  
Amma   tarixə   və   yaddaşlara   çox  az   nəşrlər    həkk   olunur .  Bunun   üçün  də
hər  bir   müəllif  sözə   ehtiramla ,  əlindəki  qələmə   məsuliyyətlə    yanaşmalıdır .  
Yazdığı    yazılarda ,  nəşr   etdirdiyi    kitablarda  kəmiyyəti   deyil ,  keyfiyyəti   əsas
prinsip  kimi   izləməli ,  əsrlərin    yol    yoldaşı   ola   biləcək    əsərləri    yazmağı   
məqsədinə   çevirməlidir .  Məhz ,  qələmin   gücü ,  müəllifin   qüdrəti   bu  zaman   
bəlli   olur .
     Yazımı    böyük   fransız   yazıçısı   Michel   De  Montaignenin   gözəl   bir   fikri   
tamamlaya   bilər . O  deyirdi : - " Mən   kitablarımı   yaratmadan   əvvəl ,  kitablarım
məni   yaratdı ! "



                                                          YAQUT    HÜSEYNOVA

Tuesday, December 2, 2014

" GÖZLƏRDİR - ÜRƏYİN DANIŞAN DİLİ! "

                                  ( Mus :   Sahib   Mustafayev )


Nə   acı ,  nə    şirin     sözə    inanma ,
Gözlərdir - ürəyin   danışan   dili !
Saxtakar    dünyanın    halına   yanma ,
Gözlərdir - ürəyin    danışan   dili !  

                          
                   Gözlər    var ,   namərdi    önündə    əyər ,
                   Gözlər     var ,  acizdir ,   ancaq   göynəyər ,
                   İnsanın    iç    üzün   açıb    söyləyər ,
                   Gözlərdir - ürəyin    danışan    dili !

      
Qəmi     unudanın     sevinci    olmaz ,
Bu     dünya   nə    mənə ,  nə   sənə    qalmaz ,
Ürəkdən    su    içir ,   səbəbsiz      dolmaz ,
Gözlərdir - ürəyin     danışan   dili !
Gözlərdir - ürəyin    danışan    dili !  

                                                                        2000 .
     

                                                           YAQUT  HÜSEYNOVA         

Sunday, November 30, 2014

" MƏQSƏD ƏNGƏL TANIMIR ! "

                 ( Yazı   3  dekabr  Beynəlxalq  Əlillər   gününə   həsr  olunub )

   Kimisi   həyatda   addımlarıyla   qısaldar   yolları ,  onlarsa  əlil   arabasında   
keçər    həyatın  enış   və   yoxuşunu !  Kimisi   bilərəkdən   eşitmək   istəməz   
təbiətin   ən    gözəl   səslərini ,  onlarsa  eşitməsini   təmin   edən   aparatla   
dinlər   AZAN    səsini !  Kimisi   hər   iki   əliylə    çirkaba   bulaşar ,  onlarsa  
iflic   olmuş ,  hərəkətini   itirmiş   əlləriylə   insanı     heyran   qoyan    gözəllikləri    
yaradar !  Kimisi    gözlərindəki   nuru    çirkinliyi   görməyə   xərcləyər ,  
onlarsa  gözlərindəki   zülmətdə    aydınladar    ətrafını !  Kimisi  dilinə   nifrəti ,  
haqsızlığı    yansıdar ,  onlarınsa   lal   harayında   şükranlığının   sevinci   duyular !  
Millət   vəkili    Qənirə   Paşayevanın  yazılarının   birində  " dünyanın   yeddi   
möcüzəsi "   adlandırdığı    duyğuları    kimisi   sahib   olduğu   halda   yox  edər , 
onlarsa    taleyin   amansız   hökmüylə   məhrum    olsalar   da ,  saf   niyyətli   
məqsəd  və   məramıyla   var    edər !
   
  
   ƏLİLLİK ,  qüsur    deyil .  Heç   bir   fiziki   məhdudiyyət   yaşanan   həyatın  
əngəlinə  çevrilməməlidir . Çünki   istər   fiziki   məhdudiyyətli ,  istərsə  də fiziki    
cəhətdən  sağlam  insanları   həyata   bağlayan   ümid   və   inamdır . Sadəcə bu
iki  amilin   daşıdığı   məqam  fərqlidir .  Həyatda   mümkünsüz   heç   nə   yoxdur .  
Ağıl ,  zəka ,  zəhmət  və  göstərilən   səylərdən   qaynaqlanır   nəticələr . Tarixə  
nəzər  salanda  böyük   nailiyyətlərin   bir   qisminin   fiziki   məhdudiyyətli   
insanlar   tərəfindən   yazıldığını  görmək    mümkündür .  Məsələn , 
" BRAYL "   yazı   sistemini  ( gözdən  əlil   insanlar   üçün  nəzərdə   tutulmuş  
yazı )   yaradan ,  məhz   bu  fiziki   məhdudiyyəti   yaşayıb .  Dünya   şöhrətli   
bəstəkar  Ludviq   Van   Bethoven  eşitmə   əngəlli  olmasına  baxmayaraq ,  
şedevr   əsərləri   notlara   köçürüb .  Bu   siyahını   davam    etdirmək   də  
olar .  Məqsəd ,  mənəvi , elmi , ictimai   nailiyyətin ,  özünütəsdiqin ,  
yüksəlişin   əngəl   tanımadığına   diqqəti   yönəltməkdir .  Bu   gün   dünyada  
milyonlarla   fiziki    məhdudiyyətli   insan   var .  Onların   cəmiyyətə   yenidən
inteqrasiyasının ,  sağlamlıq   və   hüquqlarının   müdafiə  olunması   istiqamətində 
beynəlxalq   səviyyədə   qanun  və   iş   planı   işlənib   hazırlanmışdır .  Cəmiyyətin 
həssas   qəlbli   üzvləri   olan  bu   insanlara   qayğı ,  mənəvi   dəstək    dinindən ,  
irqindən   asılı   olmayaraq   hər   kəsin   vicdan   borcudur .  
     İLHAM   ZƏKİYEV ...  İki  dəfə  paralimpiya ,  iki  dəfə   dünya  çempionatında , 
beş   dəfə  Avropa   birinciliyində   qızıl   medal   qazanmış   bu  idmançımız     
Qarabağ   uğrunda   gedən  döyüşlərdə   ağır   yaralanaraq ,  gözləri   dünya   
işığından   məhrum   olsa   da ,  əzmi ,  həyatsevərliyi    ilə   daha  böyük  
qələbələrə  doğru  irəliləyir .  Onun   yetişdirdiyi   tələbələr  neçə - neçə   idman   
uğurlarımızın   yazılacağı  nurlu  sabahlardı ! Deməli ,  hər   şey   insanın   
öz  əlindədir .  Düşüncələrimizlə , həyata  baxışlarımızla ,  hər  halımızla  Allaha  
şükür   edərək ,  özümüzə   inanaraq   addımlamalıyıq .  Bu  gün  internet  tv  
şəbəkəsi   olan   ARABAÇI   TV   bir   daha    sübut  etdi  ki ,  məqsəd  əngəl   
tanımır !  
    3   dekabr  Beynəlxalq  Əlillər   günüdür . Yazıma  ən  gözəl   sonluq   ola   biləcək
məşhur  motivasiya  mütəxəssisi  Nicholac  Vujicicinin   bir   fikriylə   bitirmək  
istəyirəm . O  deyirdi : 
     - " Niyə   məni   belə  yaratdın ?  
     Tanrıdan  cavab  gəldi :
    - Mənə   güvən ! "



                                                YAQUT     HÜSEYNOVA


 ( P.S.  Sevinirəm  ki ,  tələbə  vaxtı  Naxçıvan  MR - də  yerləşən  Gözdən  Əlil  
Uşaqlar  üçün  olan  xüsusi   tipli  məktəblə  könüllü  müəllimə  kimi  iki   il  
əməkdaşlıq  etmişəm. )

BİR ÖMRÜN İŞİĞINDA.

   Mustafa   Kamal   Atatürk  Deyirdi : - " Müəllim  şam  kimidir ,  özü   yanıb    
tükənərkən  ətrafını   işıqlandırır .   Bəli ,  hər  bir  millətin  gələcəyi   müəllimin   
əlindədir .  Şəxsiyyətin  ahəngdar   inkişafı ,  məhz   onun  adıyla   bağlıdır .  
Əbəs  deyilməyib  ki ,  bir    milləti   məhv  etmək  üçün   onun   müəlliminin  və  
həkiminin   savadsız   olması   kifayətdir .  Biri  cəmiyyəti   mənəvi ,  digəri    isə  
fiziki   cəhətdən   şikəst  edəcəkdir .
  Müəllimin   böyüklüyü ,  dəyər  və   qiyməti  dərs   dediyi   şagirdlərin   qəlbində  
qurduğu  sevgi  və   ehtiramla   ölçülür . Bu  sevinc  və  səadəti  yaşayan   
pedaqoqlarımızdan biri  də Səadət  Quliyevadı .  O ,   artıq   20   ildir  ki ,  21  
nömrəli  tam  orta  məktəbin  bütün məsuliyyətini   nəinki   bir  direktor ,  həm   
də  bir  ana  kimi  zərif   çiyinlərində  daşıyır .  1957- ci   ildə   dünyaya   göz  açan   
Səadət  Quliyeva   1980- ci   ildə    Azərbaycan   Xarici  Dillər  Universitetinin  ingilis
və  alman  dili   fakültəsini   bitirib .  Təyinatla  göndərildiyi  Sabirabad  rayonunun   
Şıxsalahlı  və   Axtaçı   kənd   orta  məktəbində   pedaqoji  fəaliyyətə  başlayıb . Beş
il  burda  çalışdıqdan sonra   1985 - ci   ildə   əvvəllər   internat   məktəbi  olan  21   
nömrəli   tam    orta   məktəbdə   fəaliyyətini   davam   etdirib .  



Onu   da  qeyd  edək  ki , 1989 - cu    ilin  sentyabr   ayında  Təhsil   Nazirliyinin  
sərəncamına  əsasən ,  internat  ləğv  olunaraq   21  nömrəli   məktəb  adlandırılıb .  
1994 - cü  il   oktyabrın  1- dən  seçki   yolu  ilə  Səadət  müəllimə  adıçəkilən  təhsil
ocağına  direktor   təyin   olunub . 2004 - cü   ildən  bələdiyyə   üzvi  olaraq ,  
bələdiyyə   xəttiylə   2005 - 2006 - cı   illərdə   Avropa   Şurasının  üzvi  kimi  daha  
böyük   missiyanı   yerinə   yetirib . Və  bu  illərdə   Fransanın   Starsburq   
şəhərində  Avropa  Şurasının  iclaslarında ,  Xarvatiyanın   Dubrovnik   şəhərində   
konfranslarında   iştirak   edib . " Gender   bərabərliyi "  təşkilatının   və  
AZETA  ( Azərbaycan  İngilis   Dili  Müəllimləri   Assosasiyası )  nın   Şirvan  
bölməsinin  ( 2012 - ci    ildən ) rəhbəridir . Bu  günlərdə  Səadət müəlliməylə  
görüşüb   həmsöhbət  olduq .  Əsl  müəllim  necə   olmalıdır ,  sualını   o   belə  
cavablandırdı :
     -  Həyatı ,  məhz   müəllimin   ona   bəxş   etdiyini   deyən   Makedoniyalı  
İsgəndər , ona    bir  hərf   öyrədənin   qulu  olmağa   hazır   olduğunu  qeyd  edən   
Həzrəti   Əli , alimin   mürəkkəbini   şəhid   qanına  bərabər  tutan , elm  öyrətməyi   
islam  dininin  əsas  qayəsi  kimi  dəyərləndirən  MƏHƏMMƏD  PEYĞƏMBƏR  
( s.a.s ) ,  müəllimi  günəşə  bənzədən   Nizami  Gəncəvi ,  onu   ruhani  ata  hesab  
edən   N. Tusi ,  müəllimi  cəmiyyətin  çirağı   adlandıran   F. Köçərli ,  bəşəriyyətin   
müəllimsiz   keçınə  bilməyəcəyini   deyən  S.M.Qənizadə  və  nəhayət   " Mən   
yer  üzündə   müəllimdən   yüksək  ad   tanımıram "  deyən  Heydər  Əliyev ...  
Bu   kəlamlar ,  məncə ,  müəllim  sənətinin  üfüqlərini ,  vəzifə  və  məramlarını  ən
gözəl   şəkildə  izah  edir.

 
     - Bu   gün   müəllim-şagird  münasibəti   ən   çox   müzakirə   olunan  
mövzulardandı . Siz ,  necə  düşünürsünüz ,  problemin   özəyi   nədədir ?
      - Müəllim   və   şagird   arasında   ən  əsası   qarşılıqlı   hörmət   olmalıdır .  O ,  
şagirdi   bir   şəxsiyyət  kimi   görməlidir . Düzgün  qurulmuş  müəllim - şagird   
münasibətləri  təlimin  keyfiyyətinin  artmasında   mühüm  vasitədir . 
Ümumiyyətlə , təlimdə   keyfiyyətin   əldə   olunması  üçün  psixoloji  
xüsusiyyətləri  dərindən  bilmək vacibdir . Hər bir şagirdə   fərdi   yanaşılmalı  
və  valideynlərlə  sıx  əlaqə  qurulmalıdır . Müasir   dövrümüzdə  müəllim  yeni   
metodlardan  istifadə  etməklə  şagirdlərin  idraki  fəallığına , müstəqil   
düşünmə    qabiliyyətinin   inkişafina  daha   tez   nail   ola  bilər . Bütün  mənəvi  
keyfiyyətlərin  formalaşdırılması  ailədən  yaranırsa , məktəbdə bu inkişaf  etdirilir.  
Peşəmizdə  sevgi ,  diqqət    və   məsuliyyət   önəmli   amildi . Bir  müəllimə   kimi  
hər  zaman  sadaladığım  bu   faktorların  reallaşmasına  çalışmışam . 
Şagirdlərimizin  uğur  və  nailiyyətləri   bizi  sevindirməklə  yanaşı , 
addımlarımızı  daha da  inamla  atmagımıza  stimul    verir .
   

    Səadət  Quliyeva  həm  də   gözəl  ana ,  qayğıkeş  nənədi . Nəvələri   Murad , 
Zəhra , Nuriyyənin   sevinclə   gülümsəməsini   həyatda  əvəzsiz  hədiyyə  hesab
edir . 



                                                           YAQUT     HÜSEYNOVA

    

Thursday, November 27, 2014

" UNUDULMUŞ DUALAR VƏ AYAQ SƏSLƏRİ "

   Pəncərə   önündə  oturub   yollara    baxmağı ,   daha   çox   sevər   onlar .  Yollar
ümidlərinə  dönər ,  təsəlli   edər   gözlərindəki   həsrəti ,  ovudar   qəlblərindəki   
nisgili ,  oxşayar   könüllərindəki    çəkilməz   tənhalığı .  Unudulmuş ,  atılmış   
ömürləri    yollara   dikilən   gözlərində   dilə   gələr .  Yalnız   bir   ümid    yaşadar   
hər   birini .  BİR   GÜN   onları   lazımsız   əşya   tək   qocalar   evinin   dörd   
divarına   acımadan  sirdaş   edən   " övladları " ,  " yaxınları "    qayıdacaq   deyə ,  
ağuşuna   sığınarlar   yolların !
   

     Haqsız    səbəblərdən , mərhəmət   edilmədən   tərk    edilmiş   valideyn   naləsi   
hopub   qocalar   evinin   hər   küncünə ,  hər    daşına ,  hər   divarına .  
Kimsəsizliyin   ağır   yükünü    daşıyırlar    ahıl   çiyinlərində ,  gücləri   tükənsə   
belə .  Titrək ,  qabarlı   əllərinə ,  bəyaz    saçlarına    yansıyan    hüzün   
və   dualar   qucaqlayar   onları   " övladlarının "     yerinə .  Keçdiyi   həyat   
yollarına  birər - birər   xatirələrdə    qayıdar ,  bu   evin  sakinləri . Həmin  
xatirələr    həmdəm   tək   həmsöhbət   olar   onlarla .  Amma   dünyaya    
gətirdikləri ,  həyatı    tanıtdıqları ,  yeriməyi   öyrətdikləri ,  daim   qoruduqları ,  
ən    böyük   günahlarını  bağışladıqları    " övladları " onların  xatırəsini    belə    
nankorcasına   silər   yaddaşından .  Ata - ananı   sağikən    kimsəsizlik    məzarına   
gömər !..
   Məhəmməd   Peyğəmbər   ( s.a.s )   buyurub : - " Allahın  razılığı    valideynin   
razılığı ,  qəzəbi   valideynin   qəzəbi    ilədir . "  Hədislərin   birində    deyilir   ki ,  
ata - ananın   övladın   üzərində   hansı   hüquqa    malik    olduğu   haqda   
soruşduqda   Rəsuli   Əkrəm  ( s )   belə   söyləyir : - " Onlar    sənin   həm   
cənnətin ,  həm   də   cəhənnəmindirlər . "    Valideynə   qoyulan    hörmət ,  
göstərilən    qayğı ,  bəslənən   sevgi   TANRI   dərgahında   ən    uca   məqamdı .  
Təəssüf   ki ,  bu   haqqı   tapdayan   nankorlar  da  var !
    Həyat   çox   qəribədir ,  çox   amansızdı .  Təzadları   çəkilməzdi !  Elə   evlər   
var  ki ,  ananın  isti    nəfəsinə ,  atanın   ayaq   səsinə   həsrət   qalıb ,  elə   qapılar
da    var  ki ,  valideyn  əli    döydüyü    üçün   narahat   olur !!!  HƏYAT   bumu ,  
bumu   İNSANLIQ !!!  Elə   yaşayaq  ki , vicdan   məhkəməmiz  UNUDULMUŞ  
DUALARDA   VƏ   AYAQ   SƏSLƏRİNDƏ   QURULMASIN !!!
              
                      Ana   duasını ,  ata   nəfəsin .
                      Qocalar    evinə    sakin   etməyin !
                      Onların    müqəddəs   ayaq    səsini ,
                      Qocalar    evinə    sakin    etməyin !


                              
                                                        YAQUT     HÜSEYNOVA   

Tuesday, November 25, 2014

" ƏSGƏR DÜŞÜNCƏLƏRİ "

Bilirəm ,  pəncərə   önündə   durub ,
Yolumu   anbaan   gözləyir   anam .
Gələndən ,  gedəndən   o ,  məni  sorub ,
Həsrətdən    qəlbini    közləyir   anam !



                                      YAQUT      HÜSEYNOVA

" BİR PAYIZ XATIRƏSİ ... "

   Payızı   çox   sevirəm .  Sevgi   etirafının   dilə   gəldiyi   bir   məhəbbət   nağılına  
bənzəyir  bu   fəsil .  Varlığında   İLAHİ   eşqin  əsrarəngiz   zərrələrini   təbiətə   
əta   edər .  Könüllərin   hüzur   dolu   məkanına   çevrilər   qızılı   payız . Gəlişiylə  
içimizdəki   bütün   mənfilikləri   ayağımız   altında   xışıldayan   xəzəllər    tək   
parçalayar .  Təbiətin   sükutunda  xəzəllərlə   örtülmüş   yollarda    özümüzə    
hesabat   verərək   yürümək ,  mənəvi    rahatlığa    qovuşdurar   bizi.  Ruhumuz   
dincələr    bu   sakitlikdə .  Özümüzə   qayıdarıq . Bəzən   də   payız    kimi   
kövrələrik ...  İç   dünyamıza   çəkilərək ,  qəlbimizlə    həmsöhbət   olarıq .  
Duyğularımızı   qətrə - qətrə   çözməyə    çalışarıq .  Fani   dünya   ilə    
əbədi   həyat   arasındakı   təzadlarda   incələr   həqiqətlər . Mənfəətimiz ,  
dünyəvi    hisslərimiz   atdığımız    hər    addımda    ONA     doğru    gedən   
vahid    yolumuzu    haçalasa   da ,  yeganə    həqiqət - hər    başlanğıcın   öz    
sonunu ,  hər    sonunsa   öz   başlanğıcını    YARADANDA   tapmasıdır !
     
    
    Son   baharda   tanıdıq   bir - birimizi .  Yağmurlu   bir   gündə   söylədin   
mənə  " SEVİRƏM ! "   kəlməsini .  Şahidimiz   rüzgarlar   oldu .  Tanışlıqdan   
dostluğa   qədər   getdiyimiz   yollarda   sevgiyə   qucaq   açdıq .  Dostluqdan   
başladı   aramızdakı   bağlılıq ,  hörmət   və   səmimiyyətdən   yarandı   
məhəbbətimiz.  Yaşadığımız   hər   anı   paylaşdıq . Birlikdə   sevinib ,  birlikdə   
kədərləndik .  Həyata   baxışımızda   birləşdi   duyğularımız . İnciyib   küsmələrimiz
belə ,  bizi   ayıra    bilmədi .  Gözlərimizdəki    sevinci ,  qəlbimizdəki   səadəti   
izləyən    ayrılıqdan ,  istəsək   də   qaça   bilmədik !  Sonunda   sevgimizin   
imkansız   olduğunu    anladıq .  " BİZ "    kəlməsini   var   etmək    istəsək   də ,   
bunun   mümkünsüzlüyünə    vardıq !..
      SEVƏRƏK    qovuşan    yollarımız ,  SEVƏRƏK    ayrıldı .  Və   qəlbimizdə   
xatirələr   xəzəlinə   dönən ,  BİR    PAYIZ    XATIRƏSİ    QALDI !.. 


                                                YAQUT     HÜSEYNOVA

Tuesday, November 18, 2014

" ÜÇÜMÜZ OLAQ ! "

   Həzin   bir   gecənin   ağuşuna  sığınmışam .  Səma ,   sanki    dalğalı    dənizi    
xatırladır .  Ulduzlar    xəyallarım    tək   səpələnib   asimana .  Sənsiz    səninlə    
olan   dünyamın   dünənindən ,  bu    günündən    sabahına    gedən   yollarında   
sevgimlə  başbaşayam .  Könül   həmdəmim    duyğularımı    köksünə    
köçürdüyüm    ağ   vərəqlər ,  ülvi    məhəbbət   nəğməmi   dillərində    
sətirləndirdiyim    pianinam ,  bir   də    təqvimdən   qopub   düşən   həsrət     
damlalarıdı .    



    Sevgi   nağılım   səninlə    başladı .  Şirin    duyğulardan ,  arzulardan ,  
sonsuz   ümidlərdən hörülən   çələng   tək   düzüldü   saçlarıma .  Hər   anım   
bu    gözəl    röyanın   saflığıyla   rəngləndi .  Gülüşlərimdə    dindi ,   günəşin   
al   şəfəqləri .  Sevdim ...  Sevdim    Səni ...   Və   sevgi    nağılımın   yalnız   bir   
adı    vardı : - " SƏN ,  MƏN ,  bir   də   balaca   mələyimiz !.. "



                                                       YAQUT      HÜSEYNOVA

" DEMƏK Kİ , BORC VERİR LAYLANI ANA ! "

Beşiyin   başında   bir   gün    söylənən ,
Arzuya ,  duaya ,  sevincə   dönən ,
Zamanı    çatanda    dildə    göynəyən ,
Demək   ki ,  borc    verir    laylanı    ana !


             Qolları   üstündə   bizi    uyudan ,
             Hər   səhər   oxşaraq    bizi    oyadan ,
             Sevincdən    yaranıb ,  qəmə   qayıdan ,
             Demək   ki ,  borc     verir   laylanı   ana !


O   şirin    laylanın    həzin    nəğməsi ,
AZAN     tək    könlündə    ucalar    səsi ,
Anılar    sətrində   sözü ,  kəlməsi ,
Demək   ki ,  borc     verir   laylanı   ana !



                                          
                                                          YAQUT     HÜSEYNOVA


" BİR KÖRPƏ BÖYÜYÜR ... "

    Bir   körpə   böyüyür . Gülüşlərini    əhatələyən   acılardan   xəbərsiz .  Gülər   
dünyaya . Təbəssümüylə ,  şıltaqlığıyla ,  dəcəlliyilə ,  şirin   qığıltılarıyla    
danışar    arzularından , sevgisindən .  Böyüyür     damla - damla    hər    gün    
gözümüzün   önündə .  Boy   atır ,  rəngli   dünyasında .  Gah    ağlar ,   gah    gülər ,
gah    da     şikayətlənər    hər    şeydən .  Böyüyər   sevgiylə ,  ümidlə ,  sonsuz    
dualarda   dil   açar    baldan    şirin   sözləri .  ƏFSUS !  Atdığı   hər   addımda    
donar    dilə   gələn    sevinc   nəğməmiz .  Yaşayar    öz   dünyasında .  Körpə   
təxəyyülü    ilə    dərk    etməyə   çalışar    gördüklərini .  Bəzən    sakit - sakit    
dayanar ,  bəzən də    şirin    ləhcəsində   " ah "    çəkər .  Dağları    əridər   
onun   sükutu ,  göylər   də   susar   günahkarlar    tək ,  ulduzlar    qadasın    alar   
öz   nuruyla .  Günəş   əzizlər   istisiylə ,  Ay   gecələrinə   nağıllar   danışar .   
Ovutmağa    çalışar    gözlərindəki    həsrəti ...  Amma ... Amma yetməz    bütün   
bunlar   onun    gözlərindəki   özündən   xəbərsiz    olan    " ata "   kəlməsinin   
yoxluğunu   unutdurmağa .  Yanar    qəlbimiz ,   bu   ağrıyla    gülərək    yaşayıb , 
heç    nə   olmamış     kimi    davranarıq .  Yalnız   o   körpənin    xatirinə ...   
Oyuncaqlarıyla   oynadığı   zaman   belə   gözləri    yol    çəkər ,   uzun - uzadı    
qapıya    dikilər . Sanki   duyurmuş kimi, dərk    edirmiş    kimi    olanları .
     

    Bu    mənzərə    cəhənnəm    odundan   betər .  Günlərlə   xəstə    yatar ,   
ürəyimizi   ayağının   altına   döşəsək   də ,   gözlərinin    dərinliyində   gizli    
həsrət    dillənər .  " ATA "   adına   layiq   olmayan    birinə   ünvanlanmış   
" ATA "    kəlməsi !..   TANRI    sevgisiylə   bəzənən   gülüşlərində   dünyamıza    
güc   gələr ,   həyatımıza   məhəbbət   çökər ,  aldığı   hər   nəfəsində yaşayarıq .  
Bapbalaca    əllərindən   tutub  birgə   addımlayarıq ,  ümid    dolu   sabahlara   
doğru ...   ƏFSUS ,  yer    üzündə  eyş - işrətə    satılmış   milyonlarla   körpə   
var .  Belə   valideynlərə   söylənəcək   yalnız    bir  söz    var ,   o   da   LƏNƏT !



                                           YAQUT      HÜSEYNOVA


" UCA ALLAH "

Əsirgəməz     mərhəmətin ,
Yer     üzündən    Uca   ALLAH !
Günəş     etdi    məhəbbətin ,
Bu     dünyaya    Uca   ALLAH !


             Yazdı    alın    yazısını ,
             Etdi     ulduz    ziyasını ,
             Namərdlərin     cəzasını ,
             Verdi    hər    an   Uca    ALLAH !


Çeşmələrin    suyu    duru ,
SEVGİ - qəlbin   saf   bülluru ,
Gecəmizə    aylı    nuru ,
Bəxş   elədi    Uca    ALLAH !



                                                          YAQUT     HÜSEYNOVA

" SÜKUTUM DANIŞDI "

Təsadüf   üz -  üzə   gətirdi   bizə ,
Beləcə   tanıdıq    bir - birimizi ...
Ürəkdə   iz   salan   öz   yerimizi ,
Bəs   niyə ,  yox   etdik   biganələr   tək !


                Bəzən    bir     dost   kimi   güldük ,  danışdıq ,
                Bəzən   də   inciyib ,  küsüb ,  barışdıq ,
                Ən    gözəl    duyğulu    yolları   aşdıq ,
                SEVGİSİN    gizlədən   divanələr    tək !


Bir    payız    günündə    başladı ,  amma ,
Çevrildi     nağıla ,  dönüşdü    kama .
Çox    sevdim ,  bağlandım ,  məni   qınama ,
SÜKUTUM     danışdı    viranələr    tək !


                                              
                                        YAQUT      HÜSEYNOVA