Tuesday, November 25, 2014

" BİR PAYIZ XATIRƏSİ ... "

   Payızı   çox   sevirəm .  Sevgi   etirafının   dilə   gəldiyi   bir   məhəbbət   nağılına  
bənzəyir  bu   fəsil .  Varlığında   İLAHİ   eşqin  əsrarəngiz   zərrələrini   təbiətə   
əta   edər .  Könüllərin   hüzur   dolu   məkanına   çevrilər   qızılı   payız . Gəlişiylə  
içimizdəki   bütün   mənfilikləri   ayağımız   altında   xışıldayan   xəzəllər    tək   
parçalayar .  Təbiətin   sükutunda  xəzəllərlə   örtülmüş   yollarda    özümüzə    
hesabat   verərək   yürümək ,  mənəvi    rahatlığa    qovuşdurar   bizi.  Ruhumuz   
dincələr    bu   sakitlikdə .  Özümüzə   qayıdarıq . Bəzən   də   payız    kimi   
kövrələrik ...  İç   dünyamıza   çəkilərək ,  qəlbimizlə    həmsöhbət   olarıq .  
Duyğularımızı   qətrə - qətrə   çözməyə    çalışarıq .  Fani   dünya   ilə    
əbədi   həyat   arasındakı   təzadlarda   incələr   həqiqətlər . Mənfəətimiz ,  
dünyəvi    hisslərimiz   atdığımız    hər    addımda    ONA     doğru    gedən   
vahid    yolumuzu    haçalasa   da ,  yeganə    həqiqət - hər    başlanğıcın   öz    
sonunu ,  hər    sonunsa   öz   başlanğıcını    YARADANDA   tapmasıdır !
     
    
    Son   baharda   tanıdıq   bir - birimizi .  Yağmurlu   bir   gündə   söylədin   
mənə  " SEVİRƏM ! "   kəlməsini .  Şahidimiz   rüzgarlar   oldu .  Tanışlıqdan   
dostluğa   qədər   getdiyimiz   yollarda   sevgiyə   qucaq   açdıq .  Dostluqdan   
başladı   aramızdakı   bağlılıq ,  hörmət   və   səmimiyyətdən   yarandı   
məhəbbətimiz.  Yaşadığımız   hər   anı   paylaşdıq . Birlikdə   sevinib ,  birlikdə   
kədərləndik .  Həyata   baxışımızda   birləşdi   duyğularımız . İnciyib   küsmələrimiz
belə ,  bizi   ayıra    bilmədi .  Gözlərimizdəki    sevinci ,  qəlbimizdəki   səadəti   
izləyən    ayrılıqdan ,  istəsək   də   qaça   bilmədik !  Sonunda   sevgimizin   
imkansız   olduğunu    anladıq .  " BİZ "    kəlməsini   var   etmək    istəsək   də ,   
bunun   mümkünsüzlüyünə    vardıq !..
      SEVƏRƏK    qovuşan    yollarımız ,  SEVƏRƏK    ayrıldı .  Və   qəlbimizdə   
xatirələr   xəzəlinə   dönən ,  BİR    PAYIZ    XATIRƏSİ    QALDI !.. 


                                                YAQUT     HÜSEYNOVA

No comments:

Post a Comment