" Gözlərdi - ürəyin danışan dili! " şeirimi 14 il əvvəl, 2000 - ci ildə
yazmışam. "Yaradıcılığımın Günəşidi " bu şeirim. Müqəddəs Aşura
günündə, 4 noyabr 2014 -cü ildə bu mövzuda " Gözlərdən oxunar hər
bir həqiqət! " adlı daha bir şeiri yazmağı Uca Yaradan nəsib etdi
mənə. Ədəbiyyatda ən sevdiyim mövzudu gözlərin vəsfi, tərənnümü və
fəlsəfi anlamı. Həmin şeiri sizlərə təqdim edirik.
Mənliyin çözülər, inan anbaan,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Xislətin tanınar baxışlarından,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gizlədə bilməyir, yalanı heç vaxt,
Hayqırıb danışır, sən susduğun vaxt,
Arzular quranda ürəyində taxt,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Qəlbini yansıdar baxışlarına,
Çevrılər payızın yağışlarına,
Aldanma, dünyanın naxışlarına,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gah boğar nurunu kini, nifrəti,
Gah da ki Günəş tək yayar şəfqəti.
Bəzən də çəkdirər o məşəqqəti,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Həqiqət sanma, sən hər bir kəlməni,
Min dona girərək azdırar səni!
Çatdırar ünvana şirin səsini,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment