Bir gün bağda çiçəklər ,
Qəzəbləndi arıya .
Çətirlənən ləçəklər ,
Bənzəyirdi saraya .
- " Şirəmizi çəkərək ,
Bal verirsən insana.
Bağban bizi əkərək ,
Həyat veribdir sana ! "
Arı dedi çiçəklər .
Biz naşükür deyilik .
Dinləyin , ey ləçəklər ,
Qarşınızda əyillik !
Həkk etmışık pətəyə ,
Yalnız ALLAH kəlməsin .
Qada , bəla heç zaman ,
TƏBİƏTƏ gəlməsin .
" QURAN " ın ayəsində ,
Nəql olunur eşqimiz .
Zəhmətin sayəsində ,
Yaşar əmək sevgimiz . "
Xəcalətdən qızardı ,
Al yanağı güllərin .
Ahəstəcə ucaldı ,
Nəğməsi bülbüllərin :
- " Dayan , getmə , ay arı ,
Gəl , bağışla , bizləri .
Ayırmasın dostları ,
Dilin acı sözləri . "
Arı geri qayıdıb ,
Çiçəklərlə barışdı .
Göy otları oyadıb ,
Təbəssümə qarışdı .
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment