Qaçqınlar içində saçı ağarmış ,
Mehriban , gülərüz bir ana vardı .
Dilindən süzülən bayatılarla ,
Vətənsiz dünyanı zindan sanardı .
Kədərdən döynəyən mavi gözləri .
Əlvida söylədi dünya nuruna .
Vətənə köklənən qəmli sözləri ,
Çevrildi qəlblərin yanar qoruna .
Vətən həsrətiylə yatağa düşdü ,
Yaşamaq ümidi tamam kəsildi .
Səngərdə oğlunun qəlbi üşüdü ,
Elə , - ana ! - deyib . qəlbi əsirdi .
Vətənin səsinə səs verən oğlu ,
Eşitdi anası xəstədir yaman .
Tələsdi ... Ürəyi ümidlə dolu ,
Möhlət də istədi Ulu Tanrıdan .
Vaxtında yetişib evə çatanda ,
Uşaq tək ağladı anasın görcək .
Öpüb üz - gözündən əlin tutanda ,
Duydu ki , ayrılıq yeli əsəcək .
Gücünü tolayıb , ana son anda :
- " Xoş gəldin , ay oğul ! " - dedi gülərək .
İşıqsız gözündən giryan axanda ,
Etdi vəsiyyətin dilə gələrək :
- " Mən getsəm əbədi , demə ki , təksən ,
Atan da , anan da Vətəndir sənin.
Yaxşılıq adlanan imarət tik sən ,
Yaradan dadına yetəndir sənin !
Bura da Vətənin bir parçasıdır ,
Bil , mənə əzizdir onun hər kolu .
Tək Şuşam könlümün bitməz yasıdır ,
Oradan başlamış ömrümün yolu .
Sən məni burada torpağa gömür ,
Qurbanam yurdumun hər qarışına .
İnan ki , Şuşasız heç oldu ömür ,
Dərd çökdü Vətənin bəyaz qışına .
Vətənə həsr elə , bütün ömrünü ,
Qoyma ki , sarala , vaxtsız bir yarpaq .
Yetışsə , ay oğul , QƏLƏBƏ günü ,
Tez götür , Şuşadan bir ovuc torpaq .
Torpağı gətirib üstümə tök ki ,
İşıqsız gözlərim , qoy tez açılsın !
Nigaran ruhumun qəmini sök ki ,
Qəbrimə Şuşamın nuru saçılsın ! "
Ananın sözləri sona yetəndə ,
Qovuşdu əbədi haqq dünyasına .
Sonuncu mənzilə tərəf gedəndə ,
Göylər də göz yaşı tökdü yasına .
Diz çöküb məzarın önündə oğul ,
And içdi yanıqlı haray edərək .
Söylədi : - " Nifrətim , yenidən doğul ,
Gücümü səfərbər ordu edərək !
Ana , gözlərini açmayınca mən ,
Bu canım rahatlıq bilməyəcəkdir !
QƏLƏBƏ mülkünə yetincə VƏTƏN ,
Silahım çiynimdən enməyəcəkdir !
QƏLƏBƏ mülkünə yetincə VƏTƏN ,
Silahım çiynimdən enməyəcəkdir !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment