1975-ci il martın 1-də Əli Bayramlı şəhərində dünyaya göz açmışdı Bəhruz
Aslanov. Xarakteri və vətənpərvərliyi ilə hər kəsin sevimlisi idi. O, Əli Bayramlı
şəhər Hərbi komissarlığı tərəfindən 1993-cü il avqust ayında hərbi xidmətə
çağırılır. Qanlı-qadalı illərin olmasına baxmayaraq, Bəhruz bu çağırışdan
yayınmır. Valideynlərinin xeyir-duasıyla hərbi xidmətə yola düşür. Bakıda və
Gəncədə hərbi təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilir. Füzuli
rayonunun Əhmədbəyli, Qaraxanbəyli, Kürdmahmudlu kəndlərinin düşməndən
azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir. Onun axrıncı döyüşü
isə Aşağı Seyidəhmədli kəndində oldu.
Cəmi 19 il yaşadı... Amma ölümüylə ürəklərə köçdü əziz xatirəsi. Şirvan
şəhər 16 nömrəli tam orta məktəbdə şəhidin anım günü keçirildi. Şəhidin ailə
üzvlərinin iştirak etdiyi tədbirdə məktəblilərin hazırladığı "Şəhidlər ölməz,
Vətən bölünməz!" adlı ədəbi-bədii kompazisiya qonaqlara təqdim
olundu. Şəhidin 19 illik qısa, lakin şərəfli ömrünü işıqlandıran şeir və
səhnəciklər hər kəsi kövrəltdi. Məktəbin ibtidai sinif müəllimi Xavər
Rəhimova şəhidə həsr etdiyi "Şəhidim laylay" şeirini səsləndirdi.
Şəhidin atası Misir Aslanov öncə məktəb rəhbərliyinə diqqətə görə
təşəkkürünü bildirdi. Oğluyla bağlı xatirələrini dilə gətirdi. Gənc nəslə
şəhidlərimizin həyatının bir örnək olduğunu vurğuladı.
Məryəm Aslanova da oğlunun anım gününə həsr olunmuş tədbiri
yüksək dəyərləndirdi. Göz yaşlarını gizlədə bilməyən şəhid anası Bəhruzlu
günləri qəlbinin ağrısıyla dilləndirdi.
Mərasimdə məktəbin direktoru Çingiz Şirəliyev və jurnalist Yaqut
Vafiqqızı çıxış etdi. Sonda Bəhruz Aslanovun xatirəsinə ittihaf olunmuş
slayd nümayiş olundu.
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment