Gecələrin zülmətində aydınlanar dünyanın iç üzü. Ulduzlar sətirlərinə dönər,
Yaradanın bizə çatdırmaq istədiyi həqiqətin. Çözülər həyatın uyduğumuz
yalanları. Dil açıb danışar, bizimlə zülmət qaranlıq. Öz dilində nəql edər,
dünyanın batilini içində gizlətdiyi zahiri "kəhkəşan"ını. Kimi sevərək dinlər
bu gerçəyi, kimi isə bilərəkdən qulağını kar edər eşitdiklərinə!
SEVGİ, dənizlərin dalğalarında saflaşar. Kin-küdurət, içimizdəki bütün
mənfiliklər dağlardan qopub parçalanan daşlar, çınqıllar tək tökülər
ayaqlar altına. Təbəqələşən cəmiyyət eyniləşər bu zülmətdə. Gözlərimizin
əbədi uyuyacağı röyada hər bir yaradılışın bir gün İLAHİ VARLIQ
qarşısında dayanacağını dönə-dönə xatırladar. Keçdiyimiz tale yolunun,
yaşadığımız anların, bizi addımbaadım izləyən yalanın, gerçəyin, ötəri
xoşbəxtliyin, unudulmaz acıların hesabatını dinlətdirər özümüzə.
Dinlədikcə, dünyəvi aldanışlarımıza acıyarıq. Qaçmaq istəyərik özümüz-
özümüzdən. Amma... Nədənsə bunu unudarıq. Unudarıq ki, hara üz tutsaq
da, hayana qaçsaq da, getməz əməllərimizin qulaqlarımızdakı əks-sədası.
Mənəvi dirçəlişimizi arayarıq. Aradığımız huzurun haqqı tanımaqda,
haqqa tapınmaqda olduğunu dərk edərik. Və bu dərk etmə içtənliklə
dəyişdirər hər birimizi.
Həyatın gözqamaşdıran cah-cəlalında dəfn etdiyimiz özümüzü yenidən
dirildər, kainatın tək gerçəyi olan İLAHİ EŞQ! Qəlbimizi, baxışlarımızı,
duyğularımızı, sönməz nurunda aydınladaraq, içimizdəki zülməti parçalayaraq
yolumuzu işıqlı sabahların DAN YERİNƏ qovuşdurar UCA YARADAN!
Bir ümid sarar ətrafımızı:
-"Qoy, torpaqdan xəlq olub, ünvanı HAQQA doğru olan yolumuz saflıq,
səmimiyyət və TANRI SEVGİSİYLƏ rənglənsin, AMİN!"
YAQUT HÜSEYNOVA
Əhsən....Yazan əlləriniz var olsun...
ReplyDelete