Dahilər və
şəhidlər hər zaman komalarda böyüyür. Dünya yaranandan bəri həyat hər birimizə
dönə-dönə anlatdı bunu. Fəqət, çox vaxt bu acı həqiqəti qəbul etmədi bəşəriyyət.
Bəlkə də ona görə qəbul etmədi ki, son damla insanlığın daim yaşayacağına bəslədiyi
ümid yox olmasın! İndiyə qədər saraylardan nə şəhid yola salındı, nə də elm fədaisi
tanındı. Şəhidlik uca məqamdır, hər ömrün son nöqtəsi ola biləcək səadət deyil.
Bu ucalığın aliliyini böyük şairimiz Xəlil Rza Ulutürk oğlu Təbrizi torpağa
tapşıranda gördü VƏTƏN. “ Şəhidlər Xiyabanı “ nda düzənlənmiş
dəfn mərasimində böyük şair həyat yoldaşına “ Gözün aydın, ŞƏHİD ANASI “ müraciətini
ünvanladı. Böyük Azərbaycanın müqəddəsliyini, parçalara bölünsə də
vahidliyini:
“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram-qıram... “
deyərək, hayqıran Xəlil Rza şəhidlərin getdiyi
yolun mahiyyətini anlatdı hər birimizə...
Şirvan şəhərində
daha bir evin qapısı şəhidlik xəbəriylə döyüldü. Daha bir ailənin ocağı övlad
itkisinin ünvanı oldu. Əzab daha bir ana ürəyini özünə məskən seçdi. Daha bir
atanın gözlərindəki ümid əbədi susdu. Valideyn xeyir-duasıyla əyninə geyindiyi əsgər
libasının şərəf və qürurunu duymuşdu. Sağ-salamat geri qayıdacağına söz
vermişdi onu sevənlərə. Verdiyi sözə əməl etdi. Amma ŞƏHİD kimi döndü
yaxınlarıyla son dəfə vidalaşmağa !
Yerin
behişt olsun, rahat uyu, qanın heç vaxt yerdə qalmayacaq !
YAQUT HÜSEYNOVA