Tuesday, December 8, 2015

“ NIFRƏTƏ DÖNƏN DƏNİZ “



“ GÜNƏŞLİ “ platformasında baş vermiş yanğında itkin düşənlərdən biri də Şirvan şəhər sakini, 37 yaşlı Bayram Mirzəğa oğlu Qasımovdur. Bayram ailənin yeganə övladı idi. 20 ildən artıq idi ki, neft sənayesində çalışırdı. Şirvan şəhərinin bir qrup fəal gəncləriylə birlikdə onun ailəsini ziyarət etdik. Acılarına şərik olduq.
-“ Bayram dənizdən bu gün ( 9 dekabr 2015-ci il ) gələcəkdi. Hər ayın 23-ü işə gedib, yeni ayın 9-zu qayıdırdı dənizdən. Dənizi çox sevirdi. Hər gəlişində övladlarına dənizi anladırdı, onun təlatümündən, dalğalarından, həzinliyindən söhbət edirdi. Üç uşaq atası idi. Övladları həmişə onun dəniz haqqında söylədiklərinə maraqla qulaq asaraq, dənizi özlərinə daha çox doğma bilirdilər.” Bayramın qaynanası Flora Dadaşova göz yaşlarına hakim ola bilmədi. Çətin və ağrılı olsa da, sözünə davam etdi:-“ Dənizi Bayramın danışdığı gözəlliklərlə tanıyırdıq. İndi bu sevgi gözlərimizdəki nifrətdən başqa bir şey deyil. Dənizi çox sevdik, amma o bizim ümidimizi əllərimizdən acımadan aldı. Üç körpənin dilindəki “ ata “ kəlməsini sularında qərq etdi qəm-kədərə. Dəniz çox amansız oldu. Bayram və onun kimi neçə-neçə insanın həyatını dalğalarında yox etdi.


Həsrət dolu gözlərə son bir təsəlli, toxtaxlıq üçün məhv etdiyi canların cəsədlərini belə çox gördü. Evə son gəlişində, sanki ürəyinə dammışdı, bir daha geri qayıtmayacağı. Hər zaman pul kartı özündə olardı. Son gedişində hər kəslə görüşüb qapıdan çıxdı. Yenidən geri qayıdıb pul kartını həyat yoldaşı Ülkər xanıma verərək, “ bu kart səndə qalsın, birdən gec gələrəm, pula ehtiyacınız olmasın “ dedi. Çox ailəcanlıydı. Ata-anasının yeganə övladı idi. Cavan olmasına baxmayaraq, hər kəsin hörmət və etiramını qazanmışdı. Heç vaxt yaddımdam çıxmaz. Bayram anası dünyasını dəyişəndə də dənizdə idi. Qızılı xanım can üstəydi. Bayrama zəng vurduq, teleqram göndərdik. Təəssüflər olsun ki, ona işdən icazə verilmədi. Müəyyən müraciətlərdən sonra icazə ala bildi. Anası son nəfəsdə Bayramı işarələrlə bizdən soruşanda, ona heç bir cavab verə bilmədik. Beləcə oğlu ilə vidalaşmadan haqq dünyasına aqovuşdu. Bayram anası torpağa veriləndən sonra evə gələ bildi. İnanın, dənizi bağışlamırdı. Anasının son nəfəsinə yetməsinə əngəl olduğu üçün... Atası da vəfat edəndən sonra isə özünü həmişə tənha adlandırırdı. “
   Bayramın dayısı qızı Rüxsarə Qasımova Bayram haqqında bunları söylədi:- Övladları ilə bağlı gözəl arzuları vardı. Onların mükəmməl təhsil alması üçün çalışırdı. Amma dənizin amansızlığı onu bu arzularına çatmağına imkan vermədi. Yanğın baş verən gün Bayram həyat yoldaşı Ülkər xanımla telefonda danışdı. “ Xilasedici qayıqdayıq, narahat olmayın. Qayıtmasam, uşaqlara yaxşı bax ... “ söylədi. Və əlaqə kəsildi. Bayramın son sözləri, məhz bu oldu; uşaqlara yaxşı bax! Məmmədağa (15 yaş ) , Nurlan ( 11 yaş )  və qızı Mələk ( 6 yaş ) atasının hələ də dənizdən qayıdacağına inanır...


                                             
                                              YAQUT HÜSEYNOVA

No comments:

Post a Comment