Müsabiqənin
nəticələrinin açıqlanmasına sayılı dəqiqələr qalmışdı. Bütün iştirakçılar kimi o
da həyəcanlıydı. Qalib olmağı çox istəyirdi. Qalibiyyət, onun üçün tablolara
köçürdüyü mənzərələrdəki mahiyyəti bütün ürəklərdə bir təbil kimi səsləndirməkdən
ibarət idi. Müsabiqəyə iki rəsmlə qatılmışdı. Biri vətənpərvərlik mövzusunda çəkilmişdi.
Bu tablo bütün tamaşaçıların əhsən və alqışlarına səbəb oldu. Xocalı faciəsinin
qurbanlarından olan Xocalı adlı balaca qızın rəsmi idi. 13 yaşı olmasına
baxmayaraq, fərqli yanaşmasıyla rənglərin dilində bu əsəri elə mesajlarla
vurğulamışdı ki, görənlər heyran olurdu onun zəkasına. İkinci tablosundakı təsvirlər
isə yaşadığı həyatın qəlbində açdığı acıların tərcümanı idi...
O, uşaq
evində böyümüşdü. Uşaq evinə veriləndə heç üç ayı tamam deyildi. Onu yolun kənarında
zibil qutusunun yanında tapan bir məhəllə sakinləri uşaq evinə gətirmişdilər. Beləcə
o gündən bu ünvanın doğmalarından birinə çevrildi. Sübhan adıyla çağırıldı. Hər
zaman sevgi və qayğıyla əhatə olundu. Hər kəsin sevimlisiydi. Dərslərini gözəl
oxuyurdu. Eyni zamanda rəsmlər çəkirdi. Qatıldığı bütün müsabiqələrdən uğurla
qayıdırdı.
Bu gün isə
həyəcanını heç cür yox edə bilmirdi. Müəllimləriylə nə qədər söhbət etsə də,
içindəki narahatlıq keçmirdi. Nəhayət, nəticələr kürsüdən elan edildi. İkinci,
üçüncü yerin sahiblərinə diplom və mükafatlar təqdim olundu. 10-15 yaş arası
keçirilən bu müsabiqədə 50 yeniyetmənin əsəri sərgilənmişdi. ”Birinci yerin
qalibi Sübhanı kürsüyə dəvət edirik“ deyiləndə, gözləri gülürdü. Səhnəyə çıxıb
mükafatını aldı. Və kiçik nitqiylə ürəkləri riqqətə gətirdi:
-Əlimdə
tutduğum bu diplom və mükafatı mənə böyüdüyüm, adımın belə qoyulduğu uşaq evindəki
müəllim və tərbiyəçilərimizin sevgisi bəxş etdi. Qalib olacağıma inanırdım. 13
yaşım var. Bizə hər zaman özümüzə inamı aşıladı müəllimlərimiz. Çünki özümüzə
inamın valideynlərimizin boş qoyduğu əllərimizi heç vaxt buraxmayacağını öyrəndik.
Bu gün körpələr evində yüzlərlə uşaq böyüyür. Dilində “ ata “, “ ana “ kəlməsi
heç vaxt böyüməyən uşaqlar. Bu iki kəlmə bizim qəlbimizdə və gözlərimizdə əbədi
sevgidi. Burada “ XOCALI “ və “ DİLƏDİYİMİZ HƏDİYYƏ-DÖRD HƏRFDİ “ adlı iki
tablom nümayiş olundu. Birinci tablomda vətən sevgisini canlandırmağa çalışdım şəhid
Xocalının timsalında. “ DİLƏDİYİMİZ HƏDİYYƏ-DÖRD HƏRFDİ “ rəsmimdə isə yaşayış
tərzindən, dinindən, irqindən asılı olmayaraq, bütün dünya uşaqlarının arzusunu
çəkdim rənglərin dilində. Yağlı boya ilə işlədiyim bu əsərdə səmadan sevgiylə
uzanan iki əl və balaca bir uşaq təsvir etmişəm. Hər yan gül-çiçəklə əhatələnib.
Bu çiçəklər qəlbimizdəki arzulardı. Çəkdiyim Günəşin şəfəqlərində də bir
dinclik duyulur. Göylərdən uzanan iki əlin uşağın ovuclarına qoyduğu bir
bağlama var rəsmimdə. Bəlkə də, bu tabloya baxanlar həmin bağlamada hansısa
oyuncaq və yaxud hansısa başqa bir hədiyyənin olduğunu düşündü. Amma bu belə
deyil. Biz, uşaqların həyatda sevgiylə, nəvazışlə ovucumuza qoyulmasını istədiyimiz
yalnız bir hədiyyə var:-“ O da AİLƏ sözünü bütövləşdirən, fəqət çoxlarımız üçün
pərən-pərən düşən nurunu görmək istədiyimiz bu dörd hərfin vəhdətidir ! “
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment