Friday, December 18, 2015

“ SON BAXIŞLAR “



    Çox vaxt son baxışlarda başlar sevgi, elə son baxışlarda da nöqtələnər içimizdəki ən ülvi hisslər, duyğular. Məhz son baxışlarda yox olar ruhumuzun rahatlığı, qəzəb və nifrət dilə gələr. Bəzən əbədi həyatın başlanğıcına ilk addımını atar, bəzən də  fani dünyanın yorğun, gileyli yolçusu kimi tanınar. Ruhuna bağlandığı gözlərdə özünə min arzulu yuva qurar son baxışlar. Beləcə neçə-neçə hekayəti nəql edərək ürəklərdə nağıllaşar. Bir kəlamda deyildiyi kimi:-“ SƏMİMİYYƏT son baxışlardadı. “ Nəyi hiss edərsə, düşüncələrində də onu çatdırar ünvana. Bəzən son baxışlarda ölər həqiqət, bəzən də elə son baxışlarda oyanar susan vicdan. Bəzən mərhəmət nidalanar, bəzən də əzablara təməl qoyular. Bəzən son baxışlarda ŞƏHİDLİYİN uca məqamı şərəf tapar, bəzən də fərarilik kürsüsündə  müttəhim kimi qolu qandallı dayanar son baxışlar. Bəzən kimsəsizliyin aynası olar, bəzən də kimsəsizləşdirdiyi adlar və ömürlər yığınına çevrilər. Bəzən düşməni önündə əyən məğrurluq dastanı kimi vərəqlənər, bəzən də qatbaqat əyilən başların yaltaqlıq yalvarışı kimi damğa vurular son baxışlara. Bəzən bir körpənin telinə sığal çəkən əllərin səadətində həyat tapar son baxışlar, bəzən də biganəlik bataqlığına çevrilərək məhv etdiyi gülüşləri xatırladar. Çox vaxt harınlıq zülmətiylə çərçivələnər, bəzən də əzmkarlığın, zəhmətkeşliyin əyilməz vüqarı kimi iz salar könüllərə. Bəzən yüksəkliklərə aldanıb ayağının altını tanımayan binəva kimi irəliləyər, bəzən də ətrini qəlbinə köçürdüyü  torpağın sevgisiylə yaşayan VƏTƏNDAŞ çağrışı tək səslənər son baxışlar! 
 
    
   SON BAXIŞLARIN hekayəti nə bitər, nə də tükənər... Hər kəsin ürəyində bir simasıyla yaddaşa köçərək əbədi iz salar. Unudulmaz xatirələrdə daim canlanar. Son baxışların ən ağrılısı isə axır nəfəsdə bütün həqiqətləriylə, sirləriylə birlikdə susaraq, heç  nə söyləmədən ONA doğru çəkib gedəndi...

                                            
                                           
                                            Yaqut Hüseynova






No comments:

Post a Comment