-Deyirəm, bir bankın da yaradılması haqqında,
düşünməyin, artıq zamanıdır. Daha doğrusu, bu bankın formalaşdırılması üçün, bəlkə
də gecikmişik. - deyərək, Molla Nəsrəddin ot tayasını sahmana sala-sala sözünə
davam etdi:
-Əvvəllər pirlər, məscidlər xüsusi ehtiram və
sevgiylə ziyarət olunardı. Bu gün isə bu “Allah evləri” nin fəaliyyətinə
axundlar tərəfindən, daha bir “məram” qatılıb. Gizlin-gizlin edilən bu iş,
qorxuram ki, bir gün, “müqəddəsləşərək” adiləşər. Bəlkə də, adiləşib, artıq...
Biz, bunun fərqində deyilik!.. Bankların kredit verdiyini görmüşdüm, dəqiq ifadə
etsəm, cəmiyyətimizdə böyük əksəriyyət, bu torun içindədir. İndi isə bu proses,
daha da “təkmilləşərək”, “sivil” qaydalara uyğun həyata keçirilir. Elə məscidlərimiz
var ki, “baş axundu” və onun ətrafındakı “mollalar ansamblı” faiz vermə adlı
“müqəddəs iş” lə məşğuldur. Bilirəm, deyəcəksiniz ki, sən hara, din hara?
Haradan biləsən, İSLAM nədir? Onun buyurduqlarını, heç özün edirsənmi? Gözəl suallardır.
Düzdür, rəhmətlik Mirzə Cəlil, məni gəlmək istəmədiyim dünyaya, sözümü dinləmədən
göndərdi. Adıma da, MOLLA dedi. Mollalıq hara, mən hara! Kaş, molla sözünü,
adının əvvəlinə məcburən yapışdıranlar, daşıdıqları ismin mahiyyətini də
anlayardılar.
Bu uca kəlmə,
Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Cümə və bu kimi şəxsiyyətlərin
timsalında öz ülviyyətini tamamlayıb... “Qurani Kərim” in dərinliyi bitməyən,
tükənməyən ümmandır. Öyrəndikcə, damlaları daha da artaraq, çoxalır. Mən,
indiki qondarma mollalar kimi özümü öyərək, “dini bilirəm” sözünü, əsrlərlə yol
gəlsəm də, heç vaxt deməmişəm. Deyə də, bilmərəm. Hələ də bu ilahi elmin hərflərini
öyrənirəm. Dərk etdiyim həqiqət də, məhz budur ki, BİR SÖZÜ DÜZGÜN OXUYUB,
TƏLƏFFÜZ ETMƏK İSTƏYİRSƏNSƏ, ONUN ƏLİFBASINDAKI HƏRFLƏRİNƏ OLDUĞU KİMİ, özü də
dərindən yiyələnməlisən! Deyəsən, mətləbdən uzaqlaşdım. Hə, harda qalmışdım....
- söyləyərək, Molla Nəsrəddin bir az
duruxdu. Sonra yenidən, söhbətinə qayıtdı:
-Sələm, faiz dinimizdə haram buyurulan iyrənc əməllərdəndir.
Bu haqda, nurlu ayələrimiz də var. Fəqət, bu gün ən böyük sələmçilər, məhz
“axund” sıralarında dayananların əksəriyyətidir. Məsciddə yığılan, amma dəqiqliklə
hesablanaraq, məscidin ehtiyac duyulan daxili işlərinə, abadlığına, eyni
zamanda yardıma olduqca möhtac olan insanlara sərf olunmalı pullar və digər gətirilən
nəzir-niyazlar şəxsi mənafelər üçün xərclənir. Həqiqətən, başdan-ayağa
istedadlar məmləkətiyik. Molla papağı, molla əbası altında yatan və şəxsi mənafeyini
hər şeydən üstün tutan, vətəndaş adına belə layiq olmayan, VƏTƏN TORPAĞINI
DAŞLAŞDIRANLARIN adını “əbədiləşdirmək” , “müqəddəs missiya” sını dəyərləndirmək
üçün, mütləq “AXUND BANK” a çox ehtiyac var! Hesab edirəm ki, belə bir bank
yaradılarsa, qəbul olunacaq zaminlər CİN, ŞEYTAN, möhüründə isə HİNKİR VƏ
MİNKİRİN SİMVOLU olacaq!!!
Cibran Xəlil
yazırdı:-“ TANRI-ağıl dünyasının vicdanıdır.” Artıq, Mirzə Cəlilin “ÖLÜLƏR” inə
qibtə edirəm. Ən azından, ona görə ki, onlar cəhalətdə bir dəfə basdırıldılar.
Onlar üçün, qələm sahiblərinin qələmdən vərəqlərə köçürdükləri həqiqətlərlə
oxuduqları “yasin” i duydular. Amma ZAMANƏMİZİN ÖLÜLƏRİ bir qəbrə dəfələrlə elə
qoyularaq, üstü torpaqlandı ki, RUHUNA DEYİLƏN DUALARI BELƏ EŞİTMƏDİ! DUALARIN da gücü yetmədi o dərinliyə nüfuz etməyə!!!
Yaqut
Hüseynova
No comments:
Post a Comment