-Hansı evə girirsən, müqəddəs kitabımız “QURANİ
KƏRİM”, evin ən uca yerində özünəməxsus şəkildə hörmət və ehtiramla saxlanılır.
Bu gözəl və sevindirici haldır. Ən azından ona görə ki, islami dəyərlərimiz,
çox şükür, bir bataqlığı xatırladan cəmiyyətımız içində hələ də yaşayır. Amma
bu gözəllikdə belə, təəssüf doğuran ağrılı məqamlar var... Müqəddəs kitabımız
çox zaman öpülərək, göz üstünə qoyularaq, ya da xeyir-dua almaq üçün, altından
baş əyib-keçilərək tanınır, böyük əksəriyyət tərəfindən... – deyərək, Molla Nəsrəddin
bağçada torpağı şumlaya-şumlaya düşüncələrə qapıldı. Çox yorulduğundan, bir az əlindəki
belə söykənib, dincini almaq üçün, kölgəliyə çəkildi:-“Ey, gidi dünya...” –
söyləyərək, kimlərsə onu dinləyirmiş kimi, bir az daha ucadan, çözməyə
çalışdığı mövzunun tamamına fikirləri ilə körpü saldı:
-“QURAN” ı öpüb, gözlərimiz üstə aparmaq, bu kitaba
olan ehtiramın göstəricisidir. Amma bu ehtiramı daha dərindən düşünsək, görərik
ki, belə yanaşma-cəhalətin yaşadılması üçün dəridən-qabıqdan çıxan, dinin
mahiyyətindən belə xəbərsiz “dindarların” öz mənfur məqsədləri naminə istifadə
etdikləri bir “qazancdır”. Bəli, böyük əksəriyyətin aldadılmasını asanlaşdıran,
düşünülmüş bir addımdır. Məsələyə başqa bir yöndən baxaq. Heç düşündünüzmü,
“QURANİ KƏRİM” i öpən DODAQLAR, bu kitabın səhifələrindəki ilahi kəlmələri
oxumaqla tərpənərək dəyər tapsa, qoyulduğu GÖZLƏR öz nuruna bu uca ayələri, surələri
sönməz bir şəfəq kimi qatsa, daha gözəl olmazmı?! Ancaq onun altından əyilərək,
keçən bizlər, kitabı hərf-hərf, sətir-sətir öyrənməklə ruhumuzun ilahi tənzimi
ilə, qəlbimizdə doğacaq insanlığın ucalığını niyə yaşamayaq?!. Onu layiqincə dərk
edək, ən azından dərk etməyə çalışaq. İslamı olduğu kimi öyrənək və təbliğinə
nail olaq. Bir məqamı da heç vaxt unutmayaq. Qulaqlarınızda sırğa olsun, bu deyəcəklərim.
Bir cəmiyyəti məhv etmək istəyirsənsə, DİNİNİ şəkilləndirərək hissələrə böl. Bu
hissələrin yenidən heç bir zaman BÜTÖVLÜYÜ olmayacaq...
“Dünyanın əşrəfi”
adlandıq... İNSAN deyildi adımıza... Amma bu adlanmanın tərifin sərgiləyə bilmədik.
TANRI bizə ayaq verdi addımlamağa, üstündə gəzdiyimiz, sonda isə qoynuna baş
qoyacağımız qara torpaq üstə vətən daşı kimi iz salmağa. Biz isə hər
addımımızda ona ögeylik ağrısını daha çox yaşatdıq!!! Tanrı bizə ayaq verdi
yeriməyə, irəliləməyə. Nədənsə, SÜRÜNMƏYƏ daha çox meylli olduq... Və beləcə,
sürünə-sürünə YAD AYAQLARIN BOMBOZ TOZLARINDA yoxa çıxdıq...
Yaqut Hüseynova
No comments:
Post a Comment