Friday, January 15, 2016

" KÖHNƏLMİŞ ÇARIX "



   Molla Nəsrəddin ulağını yemlədikdən sonra, həyətdə xeyli odun doğradı. Doğradığı odunları həyətdə odun qoymaq üçün ayrılmış yerə yığdı. Artıq hava qaralırdı. Günəş üfiqdə çoxdan, qüruba doğru yola çıxmışdı. AZANIN səsi, nəinki asimanı, sanki bütün dünyanı elə gözəlləşdirmişdi ki, Molla nə zaman AZANIN bitdiyini hiss etmədi. Düşüncələrindən onu arvadının çağırması ayırdı:
-Ay Molla, harada qaldın? Di, gəl, artıq süfrəni hazırlamışam. Yeməyi çəkirəm, tez gəl, soyumasın. Yoxsa, yenə “yemək soyuqdur” deyərək, gileylənəcəksən.
-Gəlirəm, gəlirəm... – söyləyib, Molla əllərini yudu. Sobaya qoymaq üçün ayırdığı odunu da götürüb, evə girdi. Əvvəlcə gətirdiyi odunları atəşi azalmış sobanın içinə ataraq, qapağını örtdü. İsti sobanın yanında sərilmiş süfrədə əyləşib, “bismillah” edərək, əlini çörəyə uzatdı. Həyətdə çox işlədiyindən yamanca acımışdı...
Yeməkdən sonra, çarıxını arvadına verərək:
-Ay arvad, bir zəhmət, bunları yamayarsan. Olan-qalan ayaqqabım budur. Maşallah, əlində heç nədi, onu yamamaq. Dərziliyi elə gözəl bacarırsan ki, vallah, çarıxım tikiləndən sonra, onu heç özüm də tanımayacam. – deyərək, Molla güldü. İsti çayını içə-içə nə isə düşünürmüş kimi, gözləri uzun-uzadı yol çəkdi.
Arvadı çarıxa baxıb gileyli-gileyli dilləndi:
-Ay Molla, bəlkə, təzələyəsən bu çarıxı... Rəhmətlik nənəm demişkən, heç didarı belə qalmayıb. Xəsisliyin tutmasın, gəl, məni əziyyətə salma, bu köhnə ayaqabınla vidalaş.
   Molla Nəsrəddin üzündə yarı hirsli, yarı gülüş dolu nəzərləri ilə arvadına baxdı. Onun əllərindən çarıxını alıb, dərdi təzələnən kimi sözə başladı:


-Həəəə... Sən, düz deyirsən. Çarıxlarım çox köhnəlib, sıradan belə çıxıb. Zarafat deyileee, gör, neçə vaxtdır, neçə əsrdir, onlarla və yazıq ulağımla birlikdə yol gəlirəm. Bu ÇARIXLAR keçdiyim yollarda ahların, cəhalətin, nahaq qanların, iztirabların, biganəliklərin, satqınlıqların torpağa hopdurduğu cadarların üzərindəki addımlarıma şahidlik edib. Bir də ki, avropalaşan bir zamanda, müasirləşən bir dünyada getdiyim yollar nə qədər şüşə kimi olsa da, mərmər kimi görünsə də, gərək ayaqlarını yerə elə möhkəm basasan ki, ayaqda dayana biləsən. Büdrəməyinə kimsə nə macal tapa bilsin, nə də imkan...
-Di yaxşı, ay Molla, indi “sevimli” çarıxlarını yamayacam. Özümü öymək kimi olmasın, onu təptəzə edib, sənə verəcəm. Allah rəhmət eləsin, anama. Məni sənət sahibi edərək, dərziliyi öyrətdi. Heyif deyil, dərzilik... Əsl qız sənətidir. Başını aşağı salıb, iynə-sapdan və parçadan başqa, bir tanıdığın olmur...
   Molla Nəsrəddinin arvadı beləcə, bir söhbətdən digərinə keçə-keçə, bir saat içində çarıxın hər iki tayını elə mükəmməl yamadı ki, özü belə “təzə” olduğuna inandı.
   Molla onun sözlərinə qulaq asa-asa, hərdən düşüncələrə dalırdı. Üzündən nə isə demək istədiyi aydınca bilinsə də, bir söz söyləmədi, dərindən köks ötürüb, yenidən sobaya odun qoydu. Artıq gecə yarısı idi. Arvadı işini yekunlaşdırdı. Molla çarıxını görəndə mat-məətəl qaldı. Razılıq edərək, arvadının ötən bir saat içində özünəməxsus şəkildə yanaşmasıyla, don geyindirərək danışdığı sayı bilinməz söhbətlərə də istehza ilə fikrini bildirdi:
-Maşallah, elə bil, dilotu yemisən. Mən dinləməkdən yoruldum, sən isə danışmaqdan bezmədin. Amma bir məqama görə, sənə çox minnətdaram.
Arvadı təəccüb içində lovğalanaraq, Mollanın danışmağını istədi.
-Hə, deyim, sən də, bil. Hər zaman insanların böyük əksəriyyətində sevmədiyim üzdəniraq bir xüsusiyyət var. Hadisə və olanlara çox zaman elə don geyindirirlər ki, elə qiyafə biçirlər ki, adam heç bir söz tapa bilmir. HƏQİQƏTİN ÖZ DONU, ÖZ RƏNGİ, ÖZ QOXUSU belə unudulur. Daha doğrusu, elə yox edilir ki, deyirsən ki, həqiqətin mənfur yanaşmalarla cəmiyyətə edilən “təqdimat” ındadı əsl siması... Sən, dərzilik sənətini elə böyütdün ki, elə bəzədin ki mübaliğələrinlə, deyirəm, bəlkə də yaradılanın dərziliyə olan sonsuz məhəbbətindən həyat  tapıb bu XÜSUSİYYƏTİ...


                                       

                             Yaqut Hüseynova




No comments:

Post a Comment